Xəbər lenti

Son onilliyin ən güclü El-Ninosu: Bu il dünyada hava şəraiti dəyişəcək
Dünya 16:16 24.04.2026

Son onilliyin ən güclü El-Ninosu: Bu il dünyada hava şəraiti dəyişəcək

Meteoroloqlar El-Nino iqlim hadisəsinin artıq may ayından etibarən formalaşacağını, 2026-cı ilin sonuna qədər isə son onilliyin ən güclü mərhələsinə çata biləcəyini bildirirlər. Bu hadisə Sakit okeanın mərkəzi və şərq hissəsində suların isinməsi ilə bağlıdır və bütün dünyada hava şəraitinə ciddi təsir göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent” yazır.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, El-Ninonun yaranma ehtimalı yüksəkdir və iqlim modelləri onun il ərzində güclənəcəyini göstərir. Artıq Avstraliya və Hindistanda istilik və quraqlıq əlamətləri müşahidə olunur.

"Sonuncu dəfə oxşar siqnalları 2015–2016-cı illərdə güclü El-Nino zamanı görmüşdük”, deyə İsveçrənin "Meteomatics” şirkətinin meteoroloqu Kris Hayd bildirib.

Gözlənilir ki, Asiyada daha isti və quraq hava hökm sürəcək, bu isə kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Eyni zamanda Şimali və Cənubi Amerikada yağıntıların artacağı proqnozlaşdırılır.

Yaponiya Meteorologiya Agentliyi Şimal yarımkürəsində yay dövründə El-Nino ehtimalının 70%-ə çatdığını bildirir. Hindistan meteoroloji xidmətləri isə Cənubi Asiyada musson mövsümünün son üç ildə ilk dəfə orta səviyyədən aşağı ola biləcəyi barədə xəbərdarlıq edir.

Sinoptiklərin qiymətləndirməsinə görə, yay aylarında El-Nino formalaşma ehtimalı 60–70% təşkil edir.

El-Nino nədir?

El-Nino – La-Nina ilə əks fazada olan iqlim hadisəsidir. Bu proses ticarət küləklərinin zəifləməsi nəticəsində yaranır və Sakit okeanda isti suların yer dəyişməsi ilə qlobal hava sistemlərini dəyişdirir.

Oxşar hadisələr əvvəl də ciddi nəticələr doğurub. 2015–2016-cı illərdə güclü El-Nino Avstraliya və Cənub-Şərqi Asiyada ciddi quraqlığa səbəb olub, Hindistan mussonunu zəiflədib və taxıl, palma yağı və şəkər istehsalını azaldıb. Eyni zamanda Cənubi Amerikanın bəzi bölgələrində həddindən artıq yağıntılar soya və qarğıdalı yığımına zərər vurub.

Aydın

--> -->