Baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na 6.46-cı bənd əlavə olunub. Dəyişikliyə əsasən, "Daşınmaz əmlakın idarə olunması” ixtisası rəsmi şəkildə bakalavriat səviyyəsində yeni ixtisaslar siyahısına daxil edilib.
Əmlak eksperti Elnur Fərzəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu ixtisasın tədrisi müasir dövr üçün olduqca vacibdir:
"Tarixən Azərbaycan xalqı əmlaka, torpağa və yurda bağlı olub. 30 ildən artıqdır ki, yeni yaşayış kompleksləri, qəsəbələr və fərdi evlər inşa olunur. İnsanlar da əsasən yığdıqları vəsaiti daşınmaz əmlaka yönəldirlər. Lakin bu sahədə peşəkar mütəxəssislərin sayı azdır. Nəticədə vətəndaşlar ciddi maliyyə itkiləri ilə üzləşir, dövlət imkanlarından da tam istifadə oluna bilmir".
Ekspertin sözlərinə görə, bu sahədə peşəkar kadrların yetişməsi üçün ali təhsil vacib şərtdir:
"Bu qərar gələcəkdə Azərbaycanın daşınmaz əmlak sektorunun daha sürətli inkişafına təkan verə bilər. Çünki bu sahə çoxşaxəlidir: Alqı-satqı, rieltor fəaliyyəti, çoxmənzilli binaların idarə olunması, əmlakın satış və idarəetmə prosesləri kimi istiqamətləri əhatə edir. Peşəkar kadrlar bu sahəni daha səmərəli və şəffaf inkişaf etdirə bilərlər".
Elnur Fərzəliyev həmçinin Azərbaycanda keçirilən daşınmaz əmlak sərgilərinə də toxunub:
"Bu sərgilərdə xarici ölkələrdən nümayəndələr və tikinti şirkətləri iştirak edir. Onlar hər il bir çox Azərbaycan vətəndaşını öz ölkələrinə investisiya yönləndirməyə cəlb edirlər. Lakin yerli rieltorların əksəriyyəti hüquqi biliklərə malik olmadığından xarici investisiya cəlb etməkdə çətinlik çəkirlər. Onların 95 faizi yerli qanunvericiliyi tam bilmir".
Ekspertin fikrincə, əmlak sahəsində çalışan mütəxəssis həm hüquqşünas, həm psixoloq, həm də marketoloq bacarıqlarına malik olmalıdır:
"Bu sahədə çalışan şəxs biznes və marketinqi bilməli, hüquqi prosedurlarda səhvə yol verməməlidir. Eyni zamanda əmlakın dəyərinin düzgün qiymətləndirilməsini bacarmalıdır. Əks halda, bazara problemli əmlakların çıxarılması və ya idarəetmədə səhvlər nəticəsində ciddi zərərlər yarana bilər".
Elnur Fərzəliyev sonda qeyd edib ki, bu qərar Azərbaycanın daşınmaz əmlak sektorunun inkişafı üçün mühüm addımdır.
Bahar Rüstəmli
Şərhlər