İdman 16:32 20.10.2021

Qurban Qurbanov: "Bu, bizi aldada bilər"

"Hamımız bu qarşılaşmaya ciddi hazırlaşırıq. Oyundan-oyuna məsuliyyət daha da artır".
 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq Qazaxıstan təmsilçisi "Kayrat"la matçdan öncə təşkil olunan mətbuat konfransında fikirlərini belə ifadə edib:

"Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər. Rəqibimizin "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu, bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm"
 
"Qarabağ" - "Kayrat" oyunu oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.
 
Səbuhi Həsənov