Ramin Hacılı:

Ramin Hacılı: "Aktiv siyasi fəaliyyətlə məşğul olacam" (MÜSAHİBƏ)

Bir neçə gün əvvəl həbsdən azad olunmuş Azərbaycan Avropa Hərəkatının prezidenti, Dalğa Gənclər Hərəkatının sabiq rəhbəri Ramin Hacılının Qaynarinfo-ya müsahibəsi

- Cənab Hacılı, necəsiz?

- Artıq yaxşıyam. 10 aydan sonra nəhayət doğmalarımla məhdudiyyətsiz görüşdüm, dünyadan köçən əzizlərimin məzarını ziyarət etdim, dostlarımla rahat dərdləşdim... Deməli azadlıqdayam və lap yaxşıyam. Fürsətdə istifadə edib bir daha bütün mərd dostlarıma, həqiqəti müdafiə edən şəxslərə, dəyərləri ilə var olan insanlara təşəkkür etmək istərdim. Yaxşı ki, belə şəxsiyyətlər var! Verdiyi maddi və mənəvi dəstəyə, etdiyi təşəbbüslərə görə hər kəsə minnətdaram. Mərdliyin şəkli doğrudan da mövqedi! 

- Niyə həbs olunmuşdunuz və necə oldu azadlığa çıxdınız?

- Qondarma ittihamlarla həbs olunmuşdum və qanunsuz saxlanılırdım. Çoxu mənə "işini banditizim aparır, heç nə edə bilməyəcəksən” deyirdi. Mən isə özümə deyirdim: "Silahın iradən, gücün xarakterindi. Görək, nəyə qadirsən?!”. Ətrafımda qurulan heç bir oyuna alət olmadım. Üstəlik, məhbuslar arasında da qazandığım hörmət özgüvənimi artırdı. Həm özümün, həm də başqalarının haqqı üçün vuruşdum və çox olmazları mümkün etdik. 7 gün idi quru ölüm aclığı edirdim. Həbsdə olduğum vaxt ərzində ailəm düşdüyüm situasiya ilə bağlı bütün aidiyyatı qurumlara müraciətlər ünvanlayırdı. Birdən islahat söhbətləri başladı və müraciətləri oxudular. Ölkə rəhbərliyi Respublika Prokurorluğuna həbsimə hüquqi müstəvidə yenidən baxılmasını tövsiyyə etdi. Məhkəmə oldu və həbs qətimkan tədbirim ləğv edildi, azadlığa çıxdım. Bir neçə gün dincələndən sonra ilk növbədə şəxsi problemləri yoluna qoymağa çalışacam. Təəssüf ki, qəfil həbsim biznesimdə yaranan bəzi problemlərin dərinləşməsinə, işimin bağlanmasına və müəyyən şəxslərə borclanmağıma səbəb olub. Artıq azadlığa çıxdığım üçün, fərdi təmaslara keçərək yaranan problemləri çözmək şansım var. Heç vaxt haram pulla yaşamamışam, kimsənin bir qəpiyi mənə lazım deyil. Bundan sonra da belə olacaq. 

- Müsahibədən əvvəl söhbətimizdə bildirdiniz ki, siyasi məhbus siyahısına düşmək istəmirdiniz. Niyə?

- Əslində "siyasi dustaq” olmamaq üçün pozduğum oyunlara sərf etdiyim enerjinin beş faizini istifadə etsəydim, bir nomrəli "siyasi məhbus” olardım. Çünki həbsimdən istifadə edib oyun qurmaq istəyənlər yetərincə idi. Bu oyunu da pozdum. Durmadan hüquqi müstəvidə mübarizə apardım, 7 gün quru aclıq etdim, dilimə bir qurtum su dəymədi, amma mətbuata çıxarmadım, müxtəlif yerli və beynəlxalq qurumlardan dəstək təklifləri gəldi, amma ictimailəşdirmədim. Çünki məqsədim siyasi məhbus olmaq deyildi. Həbsim üzərində oyun qurmaq istəmirdim. Əksinə, həbsim üzərində oyun qurmaq istəyənlərə bu imkanı yaratmayacaqdım. Tələyə düşməyəcəkdim. Bunu bacardığımı düşünürəm. Başından bəri mənə verilən ittihamlara və həbsimin sifarişçilərinə şans vermədən "oyunbaz”ları ifşa etməyi qarşıma məqsəd qoymuşdum. Bu, çox çətin idi. Çünki qarşı tərəf çox güclü idi və mən beynəlxalq dəstək almadan bunu bacarmalı idim. Niyə bir azərbaycanlı öz dövlətinin yox, Qərbin köməyi ilə haqqını qorumalıdı?! Dövlətimizi vətəndaşının xöşbəxtliyi üçün yoxdan var edən böyük insanlarımız olub. Bizim borcumuz onların irsinə sahib çıxmaqdı, onların qayəsini reallaşdırmaqdı.  Azərbaycanımızı "Sərbəst insanlar ölkəsi”nə çevirməkdi.

- Yaxın gələcəklə bağlı planlarınız nədi?

- Bu müddət ərzində çox sayda siyasi və hüquqi kitab oxudum. Azərbaycanımızın nəyə ehtiyacı olduğunu aylarca təhlil etdim. Qərara gəldim ki, aktiv siyasi fəaliyyətə yenidən donməliyəm. Bu altruist xarakterli, güclü iradəli, sağlam zəkalı, azad ruhlu, mərd insanların siyasi xətti olacaq. 

Aydın 
Qaynarinfo.Az
XƏBƏRLƏR
BLOGLAR