Xəbər lenti

Ramiz Cəfərova “Azərbaycanın Qüruru” Ordeni təqdim edildi (FOTOLAR)
Foto 15:17 12.08.2018

Ramiz Cəfərova “Azərbaycanın Qüruru” Ordeni təqdim edildi (FOTOLAR)

Avqustun 12-də Bakının "Viva Boutique Hotel”ində hüquq üzrə fəlsəfə doktoru Ramiz Cəfərova "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” Qızıl Ordeni təqdim olunub. 

Ramiz İsmayıl oğlu Cəfərov 7 avqust 1954-cü ildə Göyçay şəhərində anadan olub. 1961-71-ci illərdə Göyçay şəhər 2 saylı 8 illik və 7 saylı orta məktəbləri əla qiymətlərlə bitirərək 1972-ci ilin avqust ayında S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Unuversiteti) hüquq fakultəsinə daxil olub. Universiteti əla qiymətlərlə bitirdikdən sonra 1977-ci ilin avqust ayında Kirovabad (indiki Gəncə) Şəhər Prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin edilib. 1982-83-cü illərdə Yevlax rayon prokurorunun baş köməkçisi vəzifəsində çalışıb.

1983-cü ildə 29 yaşlı gənc mütəxəssisə daha bir yüksək etimad göstərilərək Jdanov (indiki Beyləqan) rayonunun prokuror vəzifəsinə təyin olunub. O, 1990-cı ilin noyabr ayında  Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.  

R. Cəfərov 1993-cü ilin mart ayında "Milli münaqişələr zəminində baş verən cinayətlərin problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 2000-ci ildə isə Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası tərəfindən "Hüquq sahəsi üzrə fəlsəfə doktoru” elmi adına yiyələnib. 1995-ci ildə "Millətlərarası münaqişələrlə əlaqədar cinayətlər” mövzusunda kitabı işıq üzü görüb. 

Həmin dövrlərdə, Dağlıq Qarabağda baş verən münaqişələrin qızğın çağındacəbhə bölgəsinə gedən R. Cəfərov özü ilə apardığı yardımı əsgərlərə paylayıb, müntəzəm olaraq orada yaşayan insanlara ərzaq, geyim, sursat və s. məmulatlarla kömək göstərib, əhali arasında geniş təşviqat işləri aparıb. 
R. Cəfərov 1993-1995-ci illərdə Ucar rayon prokurorunun müavini, 1995-1997-ci illərdə isə Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.O, 1997-2000-ci illərdə Nizami Rayon Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda işləyib. Prokurorluq orqanlarında çalışdığı müddətdə nümunəvi fəaliyyəti ilə seçilib, ona göstərilən etimadı layiqincə doğruldub. Nümunəvi fəaliyyəti daim yüksək qiymətləndirilib,  rəhbərlik tərəfindən bir çox mükafatlarla təltif olunub. R. Cəfərov cinayətkarlığa qarşı barışmaz mübarizə apardığına və qatı cinayətkarları ifşa etdiyinə görə DİN-nin "Fəxri fərmanı”na layiq görülüb.
1 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Quba Rayon Məhkəməsinin sədri vəzifəsində fəaliyyət göstərən hüquq fədaisi ədalət mühakiməsini ləyaqətlə həyata keçirib. O, qüsursuz fəaliyyətinə görə "İlin hakimi” adına layiq görülüb.

R. Cəfərov hüquq üzrə fəlsəfə doktorudur. O,  "Millətlərarası münaqişələrlə əlaqədar cinayətlər”, "Azərbaycanda hüquqi islahatlar” və "İctimai-siyasi mühitə təsirin Heydər Əliyev taktikası” kitablarının və onlarla elmi məqalənin müəllifidir.Hazırda "Müdafiə-Hüquq Şirkəti” MMC-nin prezidentidir, insan hüquqlarının müdafiəsi işi ilə məşğuldur.

Mükafatlandırma mərasimində çıxış edən "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Ramiz müəllimi ədalətli və ləyaqətli həyatından söz açıb.E. Nəsirli jurnalın Redaksiya Şurasının qərarı ilə Azərbaycanda elm, təhsil, hüquq sahələrinin inkişafına mühüm töhfələr təşkil edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, beynəlxalq hüquq aləminə verdiyi dəyərli töhfələrə və dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə Ramiz Cəfərova "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” qızıl ordenini təqdim edib. 

Sonda Ramiz Cəfərov yüksək mükafata görə jurnalın baş redaktoruna və kollektivinə dərin təşəkkürünü bildirib, yeni yaradıcılıq uğurlar arzulayıb.

Yeri gəlmişkən, 2007-ci ildə fəaliyyətə başlamış "Azərbaycanım” beynəlxalq jurnalı redaksiyası kollektivinin təşəbbüsü ilə ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarını bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. Jurnalın redaksiya şurasının qərarı ilə "Azərbaycanın Qüruru” və "Azərbaycanın Dostu” qızıl ordenləri təsis edilib. Ötən müddətdə bir sıra tanınmış dövlət xadimləri, siyasətçilər və müxtəlif sahələri təmsil edən ziyalılar bu ordenlərlə təltif olunublar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->