Xəbər lenti

Rübabə Muradovanın ailəsindən Xalq artistinə cavab: Siz kim olmusunuz?
Maqazin 16:47 20.10.2025

Rübabə Muradovanın ailəsindən Xalq artistinə cavab: Siz kim olmusunuz?

"50 ildir ki, Rübabə Muradova ölüb, amma 50 ildir ki, onun oynadığı Leylidən danışırlar. Nənəm sizi niyə qısqansın ki?".

Bunu Qaynarinfo-ya açıqlamasında mərhum sənətkar, SSRİ Xalq artisti Rübabə Muradovanın nəvəsi İbrahim Bəşirov Xalq artisti Səkinə İsmayılovanın ittihamlarına cavab verərkən deyib. 

Sənətkarın nəvəsi Səkinə İsmayılovanın ittihamlarını boşboğazlıq adlandırıb:

"Səkinə xanım televizorda dəfələrlə "Rübabə xanım xəstə olanda məni çağırıb deyib ki, gəl Leyli obrazını oyna. Mən də ondan sonra Leyli obrazını oynadım. Həmin tamaşadan sonra Rübabə xanımın pərəstişkarları mənim pərəstişkarım oldu" açıqlamasını verib. İkincisi, nənəmin 50 yaşı olsa da, çox baxımlı qadın olub. Görkəmi və gözəl səsi də öz yerində. Nənəm Leylini oynayanda heç Zeynəb Xanlarova da belə səhnəyə yaxınlaşa bilməzdi".

İbrahim Bəşirov qeyd edib ki, mərhum Xalq artisti Arif Babayevin Opera və Balet Teatrına işə götürülməsində əməyi danılmazdır:

"Nənəm necə qısqanc ola bilərdi ki, Arif Babayevi operaya məhz o, götüzdürüb. Arif Babayevin səsini dinləyib və teatrın direktoruna deyib ki, bundan sonra Məcnun Arif Babayev olacaq. Bunu Arif Babayev özü danışıb. Nənəm heç vaxt qısqanc olmayıb. Nənəmin qazancı operadan, Leylidən, konsertlərdən çıxmırdı, onun pulu toydan çıxırdı. 30 gün səhər nişana, axşam da toya gedərdi. Nənəm deyirdi ki, gəlin oynayın, mənim bu rolu oynamağa vaxtım yoxdur. Bütün günü toyda idi. Nənəmin sovet dövlətindən zəhləsi gedirdi. Toylarına sifariş 15 il əvvəl yazılırdı. Bir ayda 96 vərəqli dəftər dolurdu. Onların əksəriyyətini mən yazmışam. Səkinə xanım, bu boyda yalan olmaz axı. Siz kim olmusunuz ki? Nənəm kimi və harada qısqanıb? Operadan xaricə gedəndə hamınız sıraya düzülüb nənəmdən borc alırdınız ki, gələndə oradan özünüzə nəsə alasınız. Onların əksəriyyəti indi dünyasını dəyişib. Səkinə xanım, bunları indi danışmağın yeri yox idi".

Sənətkarın nəvəsi hazırda dünyada olmayan birinin ardınca danışmağı Səkinə İsmayılovaya yaraşdırmadığını vurğulayıb:

"Ölünün ardınca danışmaq diriyə yaraşmaz. Lap tutaq ki, elə bunlar olub, indi siz bunları nə məqsədlə deyirsiniz ki, mənə salam vermədi? Siz belə böyük adam idiniz? Sizin kimi orada nə qədər oxuyan var idi. Gələn nənəmin adını çəkir, nədir ki, onun adından reklam tutsun. Rübabə həyatda olmasa da, pərəstişkarları var, 50 ildir ki, onun haqqında verilişlər hazırlanır. Nənəmin ardınca danışmağı sizə yaraşdırmadım. Ayıbdır".

Qeyd edək ki, Xalq artisti Səkinə İsmayılova çıxışlarının birində SSRİ Xalq artisti Rübabə Muradovanı qısqanclıqda ittiham edib. Səkinə İsmayılova bildirib ki, Opera və Balet Teatrında Leyli obrazı ona həvalə edildiyindən Rübəbə Muradova ona qısqanclıq edib.

Bahar Rüstəmli 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->