Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Artıq dəqiqdir ki, təyyarə Çeçenistanın Naurski rayonunda HHM vasitələri ilə vurulub. Eyni rayonda iki PUA-ya atəş açıldığı qeyd olunur.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın "VÇK-OQPU"
layihəsi yazır.
Hadisədən iki həftə əvvəl Qroznı hava limanının yaxınlığında iki "Panzir" qurğusu yerləşdirilib. Layihənin məlumatına görə, Rusiya hakimiyyət orqanları baş verənləri dərhal anlayıb, çünki təyyarə vurulandan bir dəqiqə sonra "Kovyor" rejimi elan edilib.
Təyyarə dəfələrlə təyin olunmuş hava limanına eniş etməyə cəhd göstərib, lakin naviqasiya sistemləri sıradan çıxarılıb. O an radioelektron mübarizə vasitələri (REB) işləyirmiş. Təyyarə geri - Bakıya qayıtmağa cəhd edəndə isə Çeçenistan üzərində vurulub. Həmin səhər respublika üzərində ümumilikdə üç pilotsuz uçuş aparatı vurulub. Bir PUA Vısaytov rayonu tərəfdən gəlib, digər ikisi isə Naurski rayonu üzərində şimala doğru uçub. Məhz orada təyyarəyə zərbə endirilib.
Təyyarə vurulduqdan sonra ekipaj hadisəni əvvəlcə quşlarla toqquşma kimi qiymətləndirib.
"Quşlarla toqquşma" saat 08:16-da baş verib. "Kovyor" planı, yəni bütün mülki aviasiya təyyarələrinin təhlükəli zonanı tərk etməsi rejimi bir dəqiqə sonra - 08:17-də elan olunub, yəni REB və HHM-in uğurlu istifadəsindən dərhal sonra.
"Bu zaman təyyarəyə heç bir xəbərdarlıq edilməyib. Qaydalara görə, "Kovyor" haqqında mülki ekipajı dispetçer xəbərdar etməlidir. Lakin danışıqların deşifrləri göstərir ki, heç bir xəbərdarlıq olmayıb", deyə kanal yazır.
Layihənin məlumatına görə, həmin faciəli gündə məsuliyyət daşıyan uçuş rəhbəri "Kovyor"un tətbiq edildiyini yalnız hərbçilərdən 08:21-də öyrəndiyini bildirib. O vaxta qədər Bakı-Qroznı reysi üzrə uçan təyyarənin ekipajı artıq "quşlarla toqquşma" nəticəsində yaranan nasazlıq haqqında dispetçerə məlumat verib və ehtiyat aerodromla bağlı məlumat soruşub.
Dekabrın ikinci ongünlüyündə Qroznı hava limanında iki "Panzir" kompleksi yerləşdirilib. Onların quraşdırılmasına səbəb Çeçenistan paytaxtının hərbi obyektlərinə PUA hücumları olub.
Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi "qəzaya” uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub.
Reuters agentliyinə istinadən bir Azərbaycan mənbəsi bildirib ki, ilkin araşdırma nəticələri göstərib ki, təyyarə Rusiya HHM sistemi olan "Panzir-S" ilə vurulub. Təyyarənin dispetçerlərlə əlaqəsi isə Qroznıya yaxınlaşarkən REB sistemləri vasitəsilə pozulub.
Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov da faciə üçün məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü bəyan edib. O, Moskvadan mülki aviasiya təyyarəsinə qarşı hücuma görə üzr istəməli olduğunu vurğulayıb. Lakin bəzi rus mənbələrinin izləri ört-basdır etməyə çalışdığını bildirib.
Alpər
Şərhlər