AQTA xəbərdarlıq edərək bildirib ki, bayram süfrəsində istehlak olunmayan yeməklərin israf edilməməsi, bəzən sonrakı günlərə saxlanılması, dəfələrlə qızdırılaraq boyat halda yeyilməsi orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə, boyat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər.
Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a danışıb.
Onun sözlərinə görə, boyat yeməklərin qəbulu xüsusilə arterial təzyiqi yüksək olan, şəkərli diabetdən əziyyət çəkən insanlar üçün əlavə problemlər yaradır:
"Qanda şəkərin yüksəlməsi arterial təzyiqin artmasına səbəb ola bilər ki, bu da bəzən həyati təhlükə ilə nəticələnə bilər. Ürək-damar xəstəlikləri olan şəxslər bu baxımdan xüsusilə ehtiyatlı olmalıdırlar.
Yeni il süfrələrinin əsas xüsusiyyətlərindən biri də ağır və yağlı qidaların bolluğudur. Otaq temperaturunda iki saatdan artıq qalan yeməklərdə zərərli bakteriyalar sürətlə çoxalır. Hətta bu yeməklər sonradan yenidən qızdırılsa belə, həmin bakteriyaların ifraz etdiyi toksinlər aktiv qalır. Bu isə ürəkbulanma, ishal, halsızlıq kimi əlamətlərlə müşayiət olunan qida zəhərlənməsinə səbəb ola bilər. Belə hallar yalnız mədə-bağırsaq sisteminin deyil, hətta sinir sisteminin ümumi zəifləməsinə də gətirib çıxara bilər. Bakteriyaların toksinləri baş ağrısı, yüksək hərarət yarada bilər. Bir sıra mikroorqanizmlər bağırsaqlarda infeksiya törədir. Xüsusilə yaşlılar, uşaqlar və immun sistemi zəif olan insanlar üçün bu vəziyyət daha təhlükəlidir.
Düyü tərkibli qidalar da xüsusi diqqət tələb edir. Düyüdə olan "Bacillus cereus" adlı bakteriya bişirmə zamanı tam məhv olmur və müəyyən şəraitdə aktivliyini qoruyub saxlaya bilir. Bu baxımdan plov düzgün saxlanılmadıqda sonradan qida zəhərlənməsinə səbəb ola bilər. Şiddətli qusma, ürəkbulanma və ümumi vəziyyətin kəskin pisləşməsi bu tip zəhərlənmələrin əsas əlamətlərindəndir.
Ümumiyyətlə, otaq temperaturunda açıq qalan, vaxtında soyuducuya yerləşdirilməyən yeməklərin sonradan qızdırılıb yeyilməsi tövsiyə olunmur. Bu, tibbi baxımdan yanlış addımdır. Yəni "qida israf olmasın" düşüncəsi ilə bu cür yeməklərin istifadəsi sağlamlıq üçün daha böyük risk yarada bilər".
Həkim vurğulayıb ki, ən təhlükəli qidalar sırasında Yeni il süfrələrində geniş yer alan mayonez tərkibli salatlar xüsusi yer tutur:
"Müxtəlif mayonezli salatlar, o cümlədən "Şuba", "Paytaxt" salatı kimi tərkibi mürəkkəb və tez xarab olan qidalar sağlamlıq üçün əlavə risk yaradır. Bu salatlar adətən uzun müddət süfrədə qalır, daha sonra soyuducuya qoyulur. Halbuki onların tərkibində mayonez, yumurta, balıq, toyuq kimi tez xarab olan məhsullar olur və otaq temperaturunda iki saatdan artıq qaldıqda bakteriyalar sürətlə aktivləşir. Bu cür salatların qəbul edilməsi qətiyyən məsləhət görülmür və ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə uşaqlar üçün bu, son dərəcə təhlükəlidir".
Mütəxəssis tövsiyə edir ki, salatlar hazırlandıqdan dərhal sonra soyuducuya qoyulmalıdır:
"Süfrəyə yalnız istifadə ediləcəyi qədər çıxarılmalı və maksimum bir saat, ən çoxu iki saat ərzində istehlak olunmalıdır. Bu müddətdən sonra həmin qidaların qəbulu qətiyyən məsləhət deyil və sağlamlıq üçün ciddi təhlükə yarada bilər".
Diyetoloq qeyd edib ki, sağlamlığın qorunması üçün bayramdan sonrakı günlərdə açıq havada olmaq, oksigen qəbulunu artırmaq vacibdir:
"Maddələr mübadiləsinin aktivləşməsi üçün ən vacib şərtlərdən biri səhər erkən oyanmaqdır. Tətillərdə belə səhər rejimini pozmamaq, gec yatıb gec oyanmaq vərdişinə yol verməmək tövsiyə olunur. Səhər və günorta yeməklərinin qəbulu daha məqsədəuyğundur, axşam menyusundan isə mümkün qədər imtina etmək lazımdır. Xüsusilə bayram ərəfəsində və bayramdan sonrakı günlərdə axşam yeməyinin ləğv edilməsi həzm sisteminin normal fəaliyyətə qayıtması üçün olduqca vacibdir".
Şərhlər