Arxeoloqlar erkən insan qəbiristanlıqlarında qazıntılar zamanı heyrətamiz dərəcədə yaxşı qorunmuş qalıqları çıxarıblar. Tədqiqatçılar hesab edirlər ki, bu iki mumiya Afrika Yaş Dövründə yaşamış insanlara aiddir – o dövrdə Səhrada çaylar və çöllər mövcud olub.
Qaynarinfo bu barədə "Daily Galaxy" portalına istinadən xəbər verir.
Max Planck İnsanların Təkamül Antropologiyası İnstitutundan Nadiya Salem tərəfindən aparılan araşdırma mumiyaların diş və ayaq sümüklərindən götürülmüş DNT-ni təhlil edib. Nəticələr göstərib ki, mumiyalar əvvəllər məlum olmayan insan xəttinə aiddir.
Bu genetik xətt təxminən 50 min il əvvəl Afrikanın cənubundakı əhalidən ayrılıb – təxminən müasir insanların Afrikadan çıxmağa başladığı dövrə təsadüf edir. Tədqiqatda qeyd olunur ki, bu xəttin regiondakı müasir əhali ilə birbaşa əlaqəsi yoxdur.
"7000 il əvvəl Takarqoridə qayalı sığınacaqda dəfn olunmuş iki qadın maldarın qalıqlarından çıxarılan DNT göstərir ki, onların böyük əksəriyyəti əvvəllər məlum olmayan qədim Şimali Afrika genetik xəttinə aiddir", deyə London Təbiət Tarixi Muzeyinin İnsan Təkamülü Araşdırma Mərkəzinin rəhbəri Luiza Qamfri bildirib.
Bu nəticələr əvvəlki kimyəvi tədqiqatları da təsdiqləyir – Takarqoridə dəfn olunmuş insanlar yaşadıqları ərazidə su və torpaq mənbələrindən asılı olaraq həyat sürüblər.
Tədqiqatın ən sirli tərəflərindən biri mumiyaların genomunda yalnız 0,15% neandertal DNT-nin olmasıdır. Bu, adətən Afrikanın hüdudlarından kənarda yaşamış insanların genomundakı miqdarın təxminən onda birinə bərabərdir.
Bu zəif siqnal göstərir ki, Takarqori əhalisi yaxın Şərqdə yaşayan insan qrupları ilə məhdud əlaqəyə malik olub, ehtimal ki, nadir ticarət və ya miqrasiya yolları vasitəsilə qarşılıqlı əlaqələr olub. Lakin bu bölgəyə insanların davamlı və ya geniş miqyaslı köçü ilə bağlı heç bir sübut yoxdur. Neandertal genomunun azlığı bu əhalini Avropaya və Asiyaya köç etmiş qruplardan daha çox Afrikada qalan qruplara yaxınlaşdırır.
Mumiyaların yanında arxeoloqlar heyvandarlıqla bağlı alətlər və heyvan qalıqları – iri buynuzlu mal-qarası, qoyun və keçilər – tapıblar. Bu, Takarqoridəki qadınların maldarlıqla məşğul olan icmaya aid olduğunu göstərir. Lakin onların DNT-si Levant və Cənubi Avropadan gəlmiş kənd təsərrüfatı qrupları ilə qarışmanın əlamətlərini göstərmir.
Tədqiqatçılar hesab edirlər ki, bu, mədəni diffuziya deməkdir – yəni yerli əhali yeni ideya və texnologiyaları xarici qruplardan sıxışdırılmadan qəbul edib. Tapılan keramika və alətlər də zamanla tədrici dəyişiklikləri göstərir, bu isə genişmiqyaslı sarsıntı deyil, yavaş adaptasiyanı göstərir.
Aydın
Şərhlər