İdman 16:46 26.10.2022

Sabiq FIFA referisindən 11 turun analizi: “Elə səhvlərə yol verirlər ki…”

Azərbaycan Premyer Liqasında mövsümün ortasına yaxınlaşsaq da hakimliklə bağlı narazılıqlar səngimir. Məşqçilər az qala hər oyundan sonra narazılığını bildirir. Hətta hakimlərin qərəzli qərarlar verdiyini də düşünənlər var. 

Bəs problemlər nədir? Ən çox hansı səhvlər özünü göstərir? 

Təcrübəli mütəxəssis, sabiq FIFA referisi Rəhim Həsənovla Premyer Liqada hakimliyin hazırkı durumunu analiz etdik və bəzi suallara cavab tapmağa çalışdıq. Həsənov Qaynarinfo-ya müsahibəsində bunları söylədi:

- Artıq 11 tur geridə qalıb. Bu müddət ərzində Premyer Liqada hakimliklə bağlı müşahidələrinizin nəticələrini bölüşərdiniz. Niyə inkişaf getmir, problemlər nədən ibarətdir?

- Problemlərdən danışırıqsa, ilk növbədə rəqabətin yoxluğunu qabartmalıyıq. Premyer Liqada hakim sayı çox azdır. Komandaların sayı 10-dur. Hakimlər isə səhv etmirəmsə, 10-12 nəfərdir. Hakim çatışmazlığı idarəçiliyə birmənalı şəkildə mənfi təsir göstərir. Bəzi oyunlarda elə səhvlərə yol verirlər ki… Sanki sərbəstdirlər, arxayındırlar. Hakimlər Komitəsinin keçmiş sədri Fritz Ştuxlikin dönəmində hakimlərin əksəriyyəti ya karyerasını bitirdi, ya da istiqamət dəyişib böyük futboldan futzala yönəldilər. Bu gün futzal hakimlərimiz keyfiyyətcə daha üstündürlər, nəinki böyük futboldakı referilərimiz.

- Ötən tur "Səbail” - "Şamaxı” matçında gülməli məqama şahidlik etdik. Oyunun sonlarında aut atışından sonra ofsayd qeydə alındı. Bu artıq nəyə işarədir və hansı ifadələrlə qarşılıq vermək olar?

- Peşəkar hakimə yaraşmayan bir səhv oldu. Deməzdim ki, təcrübəsizlikdən irəli gəlir. Çünki baş hakim İnqilab Məmmədov illərlə təcrübə toplamış bir hakimdir. Digəri də FIFA referisidir. Düşünürəm ki, tələskənlikdən irəli gəldi. Epizod 93-cü dəqiqədə baş vermişdi. Ola bilsin, hakimlər oyunu bitirməyə hazırlaşırmışlar və konsentrasiya itib. Nəticədə belə səhv yaranıb. İnanmıram ki, hansısa hakim bu qaydanı bilməsin. Mümkün deyil. Sadəcə, epizod sonuncu dəqiqələrdə baş verdiyinə görə ola bilsin diqqətləri yayınıb. 

- İzlədiyiniz oyunlarda ən çox hansı səhvlərə rast gəlirsiniz?

- Son turlarda ən çox diqqətimi çəkən məqam, futbolçuların bir-birinə qarşı həddindən artıq kobud oynamasıdır. Əlbəttə, hakimlər bunun qarşısını almalıdırlar. Onların əsas vəzifə borcu meydanda idmançıların sağlamlığını qorumaqdır. Amma futbolçular da məsuliyyət daşımalıdırlar. Bilməlidirlər ki, bir-birilərinə qarşı kobud oynamaq olmaz. Oyunlara baxıram, eyni səhvləri görürəm. Futbolçular açıq ayaqla tullanırlar, rəqibə güc tətbiq edib vururlar. Butsun altındakı çıxıntılardan istifadə edirlər. Bu da futbolçuların sağlamlığına zərər yetirən hadisələrdir. Ümumiyyətlə hakimləri, futbolçuları belə hərəkətləri aradan qaldırmağa çağırıram. Futbolçunun dolanışığı futboldandırsa, digər oyunçu onu bundan məhrum edə bilməz. "Neftçi” - "Sabah” oyununda İsmayılın etdiyi hərəkət qırmızı vərəqəlik idi. "Qarabağ” - "Sumqayıt”, yaxud İnqilabın qırmızı vərəqə göstərdiyi "Səbail” - "Şamaxı” matçı olsun, oyunçular bir-birilərinə qarşı çox aqressiv və kobud oynayırdılar. 

- Kobud səhvlərə əsasən gənc, yoxsa təcrübəlilər yol verir?

- Həm gənclər, həm də təcrübəlilər yol verir. Ümumiyyətlə bunlar hamısı şablon epizodlardır. İstər UEFA, istər FIFA hər il təlimatlar göndərir. Mürəkkəb epizodlar olsa bir qədər düşünmək mümkündür. Amma oyunçunun iki ayağı yerdən üzülürsə və bu vəziyyətdə rəqibin üzərinə tullanırsa, deməli "qırmızı” göstərilməlidir. Bu o, anlama gəlir ki, futbolçunun fikri rəqibi sındırmaq və futboldan uzaqlaşdırmaqdır. Bu isə yolverilməzdir. İdmanın əsas prinsipi idmançıların sağlamlığını qorumaqdır. Hansısa məşqçidən soruşsaz ki, hakimdən istəyin nədir. İlk növbədə futbolçusunun sağlamlığını qorumaq istədiyini deyəcək. Penalti və ya digər məsələlər ikinci dərəcəlidir.

- Vərəqələr məsələsində necə, çox yanlışlıqlar olurmu? Məsələn, ötən turda "Sabah” - "Zirə” matçında "Zirə”nin futbolçusu Coşqun Diniyevə göstərilən qırmızı vərəqə mübahisələrə səbəb oldu…

- Ümumiyyətlə keçənilki və builki hakimliyi müqayisə etsək, vərəqələrin sayının azaldığını görə bilərik. Əsasən adminstrativ vərəqələrdən söhbət gedir. Keçən il hakimlər istənilən epizoda görə vərəqə göstərirdi. Bu il, xüsusən də son üç ayda nə müşahidə edirəm? Bəli, səhv göstərilən, yaxud göstərilməyən vərəqələr var. Amma say azdır. Siz Coşqunun epizoduna toxundunuz. Etiraz edirsə, bunu ikinci vərəqə kimi qəbul edə bilmərəm. Hansısa yüngül etiraza görə onu meydandan qova bilmərəm. Lakin kəskin etiraz kimi əsaslandıraraq vərəqə göstərdiyini deyibsə, buna görə irad tuta bilmərik. Sadəcə, oyundan sonra hakim-inspektor ona futbolçunu sakitləşdirməli olduğunu söyləyə bilər. Baxın, təcrübə bu anda lazımdır. Ən azı hakim həmin anda futbolçunu sakitləşdirib, qırmızı vərəqədən yayındıra bilərdi. Qayda ilə baxanda görürük ki, sarı vərəqəlik epizoddu. Şəxsən mən ikinci sarı vərəqəni göstərməzdim. Qısası ikinci "sarı”nı göstərməmək, güzəştə getmək mümkün idi. Ümumiyyətlə bütün komandalara eyni gözlə baxılmalıdır. Hansısa oyunçu iki ayaqla rəqibin üzərinə tullanırsa, bu məqamda heç təcrübəyə ehtiyac yoxdur, birmənalı şəkildə qırmızı vərəqə göstərilməlidir. 

- VAR-la bağlı müşahidələriniz nə göstərir?

- "Neftçi” - "Sabah” matçında ən xoşuma gələn, pozitiv məqam VAR-da əyləşən Nicat İsmayılovun hərəkətləri idi. Lavalın epizodunda baş hakimi çağırıb monitoru izləməyə dəvət etdi. Daha sonra İsmayılı sarı vərəqə ilə cəzalandırdığı üçün yenə VAR-a baxıb qərarını dəyişməyə, "qırmızı” göstərməyə çağırdı. Nicat Premyer Liqaya etap-etap gəlib. Yəni birdən-birə ortaya atmayıblar. Öz sözünü dedi, həmin oyunda baş hakimi bir çox səhvlərdən xilas etdi. Düşünürəm ki, VAR-ın bəzi epizodlara düzgün müdaxiləsi Azərbaycan futboluna köməkdir. Düzdür, vaxt itkisi olur. Amma qaydalarda yazılıb ki, bunun hakimlərə dəxli yoxdur. Operatorlar epizodları vaxtında təqdim etsələr, VAR hakimi daha tez çatdırar. Gecikəndə istər-istəməz vaxt itkisi olur. 

- Ötən dəfə "Qarabağ” - "Sumqayıt” matçında baş hakim VAR-a baxmadan qərar vermişdi. Sonradan qərarın yanlış olduğu müəyyənləşdi. Belə səhvlərin sayı çoxdurmu?

- Protokolda qeyd olunub ki, son qərarı baş hakim verir. Hakim epizodu izləməkdən imtina edirsə, burada VAR-ın heç bir günahı yoxdur. Bəzən baş hakimlə VAR-da oturanlar arasında dialoqlar yaranır. Məhz bundan sonra onu vieotəkrara baxmağa dəvət edə bilərlər. Protokolda əsas dörd məqama - penalti, qırmızı vərəqə, səhvən hansısa oyunçuya göstərilən vərəqə və qola diqqət yetirilir. Futbolda ən vacib məsələ qoldur.

- Bir neçə gün öncə AFFA-nın İntizam Komitəsi maraqlı cəza tətbiq etdi. "Turan Tovuz” - "Səbail” oyununda "Səbail”in fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə klub cəzalandı. Buna münasibətiniz necədir? Belə qayda olur?

- Anladım, bu sual, mənə ünvanlanmalı deyil. AFFA qərar çıxaranda hər şeyi nəzərə alır. Yəqin ki, fotoqraf maneçilik törədib. Bunun hakimliyə aidiyyatı yoxdur. Heç hakimin operatora nəsə deməyə səlahiyyəti yoxdur. Ola bilər maneçilik yaranmaması üçün hakim AFFA nümayəndəsindən operatorun bir qədər fərqli mövqedə dayanmasını xahiş etsin. Amma görməmişəm ki, hakim hansısa operatora və ya media nümayəndəsinə birbaşa nəsə desin. AFFA nümayəndəsi bu məsələni özü həll edir. 

- Xaricdə və Azərbaycanda VAR hakimləri eyni funksiyanı yerinə yetirir. Amma bizdə nədənsə qərarlar daha gec verilir. Problem nədir, hakimlərin savad çatışmazlığı yoxsa, qayda pozuntularını "tuta” bilməmələri?

- Böyük ölkələrdə VAR-dan neçə illərdir istifadə edirlər, təcrübələri var. Təcrübəni də bir kənara qoyaq. Bizim çempionatda səhv etmirəmsə 6 kameradan istifadə olunur. Yəni VAR otağına epizodlar 6 rakursdan verilir. Bu da çox deyil. Həm də çəkiliş keyfiyyətsiz olanda, operator öz işini göstərə bilmir. Epizodu vaxtında təhvil verməyəndə VAR-da oturan hakim gecikir. Xırda-xırda da olsa vaxt itkilərinə yol verilir. Səhv etmirəmsə, "Qalatasaray” - "Antalyaspor” matçında VAR-n otağını göstərirdilər. Onlarda 10-12 kamera var idi. Belə anda ən münasib epizodu yaxalayıb hakimə vermək daha asandır. Amma 6 kamera və keyfiyyətsiz çəkilişə görə vaxt itkisi normaldır. Təəsüflər olsun, hazırda vəziyyət belədir. İnanıram ki, növbəti çempionatda kameraların sayı artacaq, keyfiyyətli çəkiliş olacaq və hakimlər də epizoda daha tez reaksiya verə biləcək. Operativlik yoxdur. Bəlkə də hakimlərin günahı var. Amma düşünürəm ki, bu daha çox operatorların problemidir. 

Səbuhi Həsənov