Sanksiyalara baxmayaraq İran dünya bazarına neft çıxaracaq. Artıq Çin, Yaponiya, Şimali Koreya və Türkiyə İrandan neft və qaz almaqda davam edəcəklərini bildiriblər.
Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən İranın neft naziri Bijən Zəncənə onu da bəyan edib ki, dünya bazarında İran neftinə alternativ yoxdur.
"Washington Free Beacon” saytına istinad edən İRNA agentliyi isə yazır ki, cari ilin may ayında İrana qarşı ciddi sanksiyalar tətbiq edəcəyini bildirən və sanksiyalara məhəl qoymayaraq İrandan neft almağı davam edən ölkələrin ciddi cəzalanacağını bəyan edən Prezident Donald Tramp mövqeyində dəyişiklik edib. Bunun səbəbi isə ondan ibarətdir ki, ABŞ Prezidentinin sanksiyaları bir neçə dövlət istisna olmaqla dünyada dəstək qazana bilmədi. ABŞ-ın özündə də Trampın İran siyasətinə qarşı kəskin etirazlar mövcuddur. İstər Konqresdə, istərsə də Senatda rəsmi Vaşinqtonun İran siyasəti heç də tam olaraq dəstəklənmir. ABŞ parlamentinin hər iki palatasının bəzi təmsilçiləri hesab edirlər ki, 2015-ci ildə əldə olunmuş razılaşmaya əməl edilməlidir. Razılaşmaya əsasən İran nüvə proqramını məhdudlaşdırıb və bunun müqabilində ABŞ iqtisadi sanksiyalara son qoymalıdır. İranın nüvə tədqiqatlarını dayandırmasını isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsdiq edib. Agentliyin mütəxəssisləri 2 il İranda monitorinq apararaq rəsmi Tehranın nüvə silahı hazırlamaq imkanının olmadığını bəyan etməklə yanaşı, aparılan tədqiqatların da dayandırıldığını bildiriblər.
Digər tərəfdən, İranın dünya bazarına neft çıxarmaq imkanının məhdudlaşdırılması tələb və təklifin balansını pozacaq və neftin qiyməti daha da yüksələcək ki, bu da qlobal iqtisadiyyata mənfi təsir göstərəcək. Bunları nəzərə alan rəsmi Vaşinqtonun İrana neft ixrac etmək üçün icazə verəcəyini bildirən agentlik, misal olaraq, Böyük Britaniyanın BP şirkəti ilə İranın Milli Neft Şirkətinin Şimal dənizində birgə layihəsinin həyata keçirilməsi üçün lisenziya verdiyini nümunə göstərib.
Xatırladaq ki, oktyabrın 4-də ABŞ BP və İranın Milli Neft Şirkətinin Şimal dənizində neft-qaz yataqlarının birgə işlənilməsinə xüsusi icazə verib. Bu yataqda İranın 50 faiz payı var. Bu icazənin verilməsi isə onu deməyə əsas verir ki, Çin, Yaponiya, Hindistan və İran neftinin alıcısı qismində çıxış edən digər dövlətlərə də neft almağa icazə veriləcək.
İrandan neft və qaz alan dövlətlərdən biri də yaxın qonşusu olan Türkiyədir. Rəsmi Ankara da İrandan enerji resurslarını idxal etməkdə davam edəcəyini bildirib. ABŞ-ın sanksiyalarına əməl etməklə milli maraqlarından imtina etməyəcəyini bəyan edən Türkiyə İran ilə daha yaxın əlaqələr qurmaq niyyətini də ortaya qoyub.
Beləliklə aydın olur ki, ABŞ Prezidenti dünya dövlətlərinin kəskin etirazları fonunda mövqeyini yumşaltmaq məcburiyyətində qalıb. ABŞ-ın böyük iqtisadi və hərbi gücə sahib olmasına baxmayaraq bir neçə cəbhədə mübarizə aparmaq niyyəti yoxdur. Bu siyasət Vaşinqtonun özünü təcrid olunmuş vəziyyətə sala bilər. O ki qaldı İrana qarşı sanksiyaların daha da artırılmasını dəstəkləyən dövlətlərə, onlar Tramp Prezident seçilməmişdən əvvəl də İrana qarşı atılan bütün addımları dəstəkləyiblər.
Şərhlər