Siyasət 13:27 27.11.2021

Soçi görüşündən çıxan nəticələr hansılardır? - Politoloq

"Soçi görüşündə əldə olunan razılıqlar proses səmərəli olduğu təqdirdə, yaxın müddətdə sülh müqaviləsinə gətirib çıxaracaq addımlardır”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yeknunu dəyərləndirərkən deyib. Həmsöhbətimizin fikrincə, görüşdən geniş nəticələr çıxarmaq olar:

"Görüşün nəticələri çoxdur. Burada xüsusi olaraq vurğulandı ki, artıq üçtərfəli deyil, sərhədlər məsələsilə bağlı ikitərəfli kommisiya yaradılacaq. Yəni dövlətlər artıq aralarında olan problemləri özləri həll etməyə çalışır. İkincisi, hazırki üçtərəfəli format alternativsiz olaraq ciddi məsələlərin müzakirəsi və həlli üçün möhkəmləndi. Bu fonda digər formatlarda görüşlərin keçirilməsi mümkün ola bilər, amma bu, artıq format deyil və burada daha aşağı əhəmiyyətli digər məsələlər müzakirə olunacaq”. 

Ekspert bildirir ki, müzakirə olunan məsələlər ancaq dövlətlərarası səviyyədədir, yəni burada Qarabağ ermənilərilə bağlı heç bir müddəa yer almayıb: 

"Artıq status məsələsi heç bir formatda, nə Minsk Qrupunda, nə üçtərəfli formatda, nə də Brüsseldə müzakirə olunacaq. Bu da Azərbaycan diplomatiyasının uğurudur. Başqa bir tərəfdən, yaxın vaxtlara aid şərti "yol xəritəsi” də müəyyənləşdi. Bununla bağlı gələn həftə hökumətlərarası kommisiya toplaşıb qərar verəcək. Delimitasiya və demarkasiya məsələsində də ikitərəfli kommisiya formalaşacaq. Buna da ilin sonuna qədər, bəlkə də daha tez nail olacaqlar. Beləliklə, görünən odur ki, liderlər hər iki məsələdə bəyanatda əks olunandan daha irəli gediblər. Sadəcə olaraq, onun implimentasiyası üçün az vaxt lazımdır. Münaqişə tərəfləri nisbətən də olsa, artıq sülh şəraitində qərarlar qəbul edir. Görüşdə əldə olunan razılıqlar şübhə yoxdur ki, prosesin səmərəliliyinə töhfə verəcək”.

Rüfət Sultan