Xəbər lenti

Sovetlərin də vaxtında belə deyilirdi...
Hüseynbala Səlimov
Siyasət 11:15 31.07.2023

Sovetlərin də vaxtında belə deyilirdi...

Doğrusu, ermənilərin növbəti blokada şousu sərgilədiyi bir vaxtda Qərbin İrəvana təzyiqi haqqında danışmaq bir qədər yersizdir, ona görə ki, Ermənistana təzyiq etmək əvəzinə bir çox Qərb dairələri bunun əksini edir və İrəvanın oyunlarının mahiyyətinə varmayaraq, müxtəlif üsullarla Bakıya təzyiq göstərməyə çalışırlar.

Burada bir xeyli sual var. Əgər yüklərin daşınması üçün yol göstərilirsə, burada hansı blokadan danışmaq olar? Niyə məhz bu məqsədlə Laçın yolundan istifadə edilməlidir? Yolu kim göstərməlidir, Azərbaycan, yoxsa Ermənistan? Bu məsələdə beynəlxalq hüquq kimin tərəfindədir?..
Bütün bu suallara bircə-bircə cavab vermək olar. Amma buna lüzum yoxdur, çünki onların cavabı məlumdur, sadəcə, blokadadan danışmaq bir növ Ermənistanın və onun müttəfiqlərinin siyasi planlarına daxildir. 

Biz isə burada başqa məsələyə toxunmaq istəyirdik. Ən azı son günlərə qədər deyilirdi ki, Qərb Ermənistana da təzyiq edir ki, öz ərazisindəki rus hərbi bazasını çıxarsın. Amma əksər siyasi müşahidəçilər bu fikirdə bulunur ki, Qərbin Ermənistanı Rusiyadan qoparmaq imkanları demək olar ki, yox dərəcəsindədir. Əsas kimi də Ermənistanla Rusiya arasında mövcud olan iqtisadi əlaqələr göstərilir. 

Qeyd edək ki, Sovetlərin də vaxtında belə deyilirdi. O vaxt da müttəfiq respublikalar arasındakı iqtisadi əlaqələr o qədər dərin idi ki, onları qırmaq təsəvvür belə olmurdu. Amma nə oldu? SSRİ çökdü və o vaxtki iqtisadi əlaqələr öz–özünə qırıldı. Sonradan onların bəzisinin yerində bazar münasibətləri quruldu. Elə respublikalar (məsələn, Baltik respublikaları!) oldu ki, onlar hətta bazar münasibətlərinə də demək olar ki, ehtiyac duymadılar və Rusiya ilə ən zəruri əlaqələri saxladılar...

Eyni senari İrəvanla Moskva arasında da mümkündür. Bəli, diaspora və kilsə, eləcə də revanşist müxalifət tamam başqa şey istəyir. Amma hər şey daha çox Ermənistanda yaşamağın ağırlığını çəkən erməni xalqından asılıdır: erməni cəmiyyəti istəsə, yaxın müddətdə Ermənistan da Rusiyadan kifayət qədər uzaqlaşa bilər.

Əlbəttə, burada hakimiyyətdən də çox şey asılıdır. Erməni baş naziri Nikol Paşinyan gah özünü elə aparır ki, sanki ölkəsinin regional siyasətinin dəyişməli olmasının labüdlüyünü anlayır, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmağa çalışır. Amma bunun ardınca indiki "blokada şousu” kimi oyunlar çıxarır. Bunun özü bir daha göstərir ki, Nikol Paşinyan hakimiyyəti üçün belə "Qarabağ planları” hələ bitməyib, onlar hələ də "bəlkə də qayıtdı” sevdası ilə yaşayırlar. Amma burada bir başqa məsələ də var. O da budur ki, erməni tərəfi bu illər ərzində müxtəlif vasitələrdən istifadə edərək müəyyən "üstünlüklər” qazanmışdı, hərçənd, daha ayıq-sayıq ermənilər bütün bunların müvəqqəti olduğunu deyirdilər. 

İndi elə bir vəziyyət yaranıb ki, ermənilər nəinki son otuz ildə, hətta buna qədər qazandıqlarının hamısından imtina etmək zərurəti qarşısında qalıblar – bəli, Dağlıq Qarabağa nəinki hər hansı siyasi status verilmir, hətta Azərbaycan ərazisində belə bir ərazi vahidinin olmadığı bildirilir. 
Odur ki, ermənilər suda boğulan adam kimi hətta saman çöpündən belə yapışmağa cəhd edirlər. Elə bu səbəbdən gündə bir şou təşkil edirlər. Özləri də elə oyunlar aparırlar ki, onların primitivliyi siyasətdən uzaq bir adamı belə yorur. 

Götürək elə "blokada” məsələsini. Moskva görüşü ərəfəsində Nikol Paşinyan bəyan etdi ki, dünyada elə bir ölkə yoxdur ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasın! Çox gözəl! Di gəl, burada sual yaranır: harada görünüb ki, bir dövlətin ərazisinə digər bir dövlətdən keçidsiz-filansız daxil olunsun? Dünyada belə bir şey varmı? 

Bəli, bəlkə də Avropa İttifaqı ölkələri arasında belə bir şey var. Amma bura hələ ki Avropa İttifaqı deyildir. Nə vaxtsa bura da Avropa İttifaqına inteqrasiya edərsə və yaxud da nə vaxtsa burada da Qafqaz konfederasiyası qurularsa, o vaxt insanlar sərhəd-keçid məntəqələri olmadan da keçinərlər. Amma hələ ki belə bir şey yoxdur, ona görə də tələsməyək...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->