Xəbər lenti

Sülhün zərurəti, yoxsa xalq diplomatiyasının imtahanı… Jurnalistlər nə düşünür?
Ölkə 16:07 04.05.2022

Sülhün zərurəti, yoxsa xalq diplomatiyasının imtahanı… Jurnalistlər nə düşünür?

Aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Sülh mövzusundan danışan Prezident bildirib ki, bu, uzun prosesdir, lakin istənilən sülhə nail olmaq üçün qarşılıqlı etimadın bərpa edilməsi vacibdir. Dövlət başçısı gələcəkdə Azərbaycan və Ermənistan ziyalılarının, media mənsublarının, ictimai fəalların görüşünün baş tuta biləcəyinə də işarə vurub. Prezident İlham Əliyev əlavə edib ki, bu görüş Azərbaycana qarşı nifrətlə yüklənməmiş ermənilərlə baş tuta bilər.

Bu görüşlə bağlı media mənsubları nə düşünür?

Media eksperti Qulu Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin görüşdə səslənən fikirlər xalq diplomatiyasının mexanizmi ilə bağlı olan məsələlərdir:
 
"Əvvəllər də belə görüşlər olub, jurnalistlər də üçüncü ölkələrdə Ermənistan nümayəndələri ilə fərqli formatlar, konfranslar çərçivəsində müzakirələr aparıblar. İrəvana səfərlər olub, bunlar zəruri addımlardır. Nə Ermənistanı bu bölgədən köçürmək mümkin deyil, nə də buranın əbədi sakinləri olan azərbaycanlılar öz tarixi vətənlərini tərk etmək fikrindədirlər. Buna görə bir yol qalır - qarşılıqlı etimadın yaradılması”. 

Qulu Məhərrəmlinin fikirincə, keçmişi, törədilən faciələri unutmadan bu dialoqu aparmalıyıq:
 
"Çünki başqa variantımız yoxdur. Həm də bu dünyanın qəbul etdiyi svil qaydadır. İngiltərə və Fransa arasında 100 illik müharibə olub, amma bu gün yenə də iç-içə yaşayırlar. Mən demirəm ki, erməniləri çox asanlıqla qəbul edəcəyik, amma və lakin əgər doğrudan da bölgədə sülhün, barışın olması zəruridirsə və bunun üçün dialoq lazımdırsa, Azərbaycan bu məsələdə tarix boyu tolerantlığı, barışı əsas götürüb. Çünki onun ruhunda, qanında, genində nifrət, qəsb, savaş deyil, barış, sülh, başqalarının haqqını tanımaq var. Amma 20-ci əsrin əvvəllərində, sonunda baş verən hadisələr, Xocalı soyqırımı kimi dəhşətli faktının üstündən də keçmək olmaz. Əminəm ki, onu törədənlər cəzalandırılıb və cəzalandırılacaq. Amma dialoqu da vacib hesab edirəm. Məncə, düşünə bilən, içində bu bölgənin sabahını normal görmək istəyən adamlar dialoqa tərəfdar olmalıdır, çünki başqa yolumuz yoxdur”. 

"Yeni Musavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu isə Azərbaycanın bəlli etdiyi bir sülh gündəminin olduğunu önə çəkib:
 
"Həmin gündəmi Azərbaycanın bu istiqamətdəki bütün diplomatik fəaliyyətlərində Azərbaycan Prezidenti İlham Əliyev şəxsən yönəldir. Fəaliyyətini müşahidə edirəm, məni çox qane edir və Prezidenti dəstəkləyirəm. İndiki mərhələdə, artıq biz qələbə çaldıqdan sonra dialoq vacibdir. Düşünürəm ki, Ermənistan ictimaiyyəti, o cümlədən də hər kəs öz sahəsinin təmsilçiləri, həmkarları ilə təmaslara, danışqlara hazır olmalıdır. Biz onları müəyyən bir xəttə gətirməliyik. Nifrətlə, düşmənçiliklə yükləmiş ermənilərlə dialoq indi Azərbaycanın xeyrinədir. Zəfərdən əvvəl xalq diplomatiyası hər hansı bir təmas, dialoq bizim deyil, ermənilərin xeyrinə idi. İndi isə vəziyyət əhəmiyyətli şəkildə dəyişib. Bizim yaratdığımız gündəm və status-kvo Ermənistan ictimaiyyətinə də qəbul etdirilməlidir. Yalnız rəsmi səviyyədə dövlətlərarası münasibətlərdə deyil, xalq diplomatiyasında, media sektorları arasında və Prezidentin göstərdiyi kimi digər ziyalılar, ictimai fəallar, qeyri-hökümət təşkilatları xətti ilə bu yürüməlidir”. 

Rauf Arifoğlu bu məsələdə Prezidentin yanında olduğunu deyir:
 
"Müharibə dövründə olduğu kimi, bu dəfə də birlik nümayiş etdirməliyik. Hesab edirəm ki, ölkə lideri doğru siyasət aparır, bu siyasi xətt uğurla davam edir. Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni status-kvonun, yeni gerçəklikləri və o cümlədən bizim qələbəmizi qəbul edir. Sorğulayan yoxdur. Bundan sonra isə proseslər dialoq və diplomatik istiqamətlərlə həll olacaq məsələlərdir. Dialoq həm də Qarabağda yaşayan azərbaycanlı və erməni icmaları arasında getməlidir. Orada qalıb yaşayanlar Azərbaycana enində-sonunda biət edəcəklər və bizim qanunlarımızı, idarəetməni qəbul edəcəklər. Bu baxımdan, həmin prosesə indidən hazırlaşmaq bizim faydamızadır. Kim bunları qəbul etməyəcəksə, kim Azərbaycanın qanunlarına düşməncə baxacaqsa, onlar bizim torpaqlarda yaşaya bilməz. Bir cinayətkar kimi ya buradan çıxarılacaq, ya da qanunların yol verdiyi şəkildə cəzalandırılacaqlar”. 

"Ayna” - "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlinski də açıqlamasında görüşlərə getməyin vacibliyindən danışıb:
 
"Mən təklif edərdim ki, yaşlı nəslin nüamyəndələri ilə yanaşı gənclər də bu prosesdə iştirak etsinlər. Gənc nəsil jurnalistlər arasında sırf peşə yanaşmaları baxımından əlaqələr vasitəsi ilə daha insani münasibətlərə yol tapmaq olar. Sülh müqaviləsi imzalanarsa və bölgədə əməkdaşlıq genişlənərsə, bu əlaqələr hamının xeyrinə olacaq. Bu reallıqdır və bundan qaçmaq lazım deyil. Mən öz yaşıdlarımın nə düşündüyün başa düşürəm, amma erməni gənclərin düşüncələrini bilmirəm. Ona görə də ermənilərin nə düşündüyünü bilmək maraqlı olardı”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->