Danimarka Ukraynanın müdafiə sahəsində üzləşdiyi ən ciddi problemlərdən bəzilərinin həlli üçün yeni bir yanaşma təklif edib.
Qaynarinfo "Business Insider”ə istinadla yazır ki, Ukrayna daim daha çox silaha ehtiyac duyur, lakin şirkətlər bunu məhdud müdafiə büdcəsi çərçivəsində istehsal edə
bilir.
Sənaye nümayəndələrinin sözlərinə görə, maliyyələşmə artırılarsa, istehsalı üç dəfədən çox artırmaq mümkündür.
BI-nin qeyd etdiyinə görə, Danimarkanın Ukrayna istehsalçılarının öz avadanlıqlarını bu ölkə ərazisində istehsal etməsinə icazə verən son təşəbbüsü bu problemin həllinə doğru əhəmiyyətli addımdır. Bu təşəbbüs həm Danimarkanın Ukrayna texnologiyalarına çıxışını təmin etməyə, həm də həmin şirkətlərə Ukraynanın müdafiəsi üçün daha çox silah istehsal etməyə yardım göstərməyə yönəlib.
Danimarka "Ukrayna üçün qururuq” (Build for Ukraine) təşəbbüsü çərçivəsində ölkəsində fəaliyyətə başlayan şirkətlərə kömək məqsədilə 50 milyon dollardan çox vəsait ayırır. Müdafiə naziri Truels Lund Poulsen bildirib ki, bu, Danimarka Silahlı Qüvvələrinə Ukraynanın "ən müasir texnologiyalarına və təcrübəsinə” çıxış imkanı verəcək.
"Business Insider” izah edir ki, hazırda Ukraynanın ixrac qaydaları o qədər sərtdir ki, müdafiə sənayesində çalışan şirkətlər ixracın faktiki olaraq "dondurulduğunu” bildirirlər:
"Danimarkanın yeni addımı bir növ ixrac imkanı yarada bilər — sadəcə istehsalın köçürülməsi hesabına. Bu, texnologiyaların, nou-haunun və intellektual mülkiyyətin ötürülməsi, həmçinin birgə layihələrin inkişafı üçün imkanlar açır”.
Bundan əlavə, istehsalın NATO ölkəsinin ərazisində yerləşdirilməsi Rusiya hücumlarından qorunma təmin edir və Ukraynanın müdafiə şirkətlərinin üzərinə düşən yükü azaldır. Hazırda bu şirkətlər Rusiyanın hücumlarından yayınmaq üçün istehsalı ölkə daxilində bölmək və yaymaq məcburiyyətində qalırlar.
Ukraynanın avtonom sistemlər üzrə ixtisaslaşmış "Ark Robotics” şirkətinin baş direktoru "Business Insider”ə açıqlamasında bildirib:
"Biz ağıllı şəkildə hərəkət etməyə çalışırıq və çox böyük, diqqət cəlb edən hədəflər yaratmaq istəmirik”.
O, etiraf edib ki, bu ehtiyatlı yanaşma istehsal prosesini yavaşladır və genişləndirməni çətinləşdirir. Buna görə şirkət istehsalın mümkün qədər böyük hissəsini Avropanın digər bölgələrinə köçürmək niyyətindədir.
Bu addım həmçinin Ukraynanın Avropa orduları və sənayesi ilə daha sıx inteqrasiya məqsədinə uyğun gəlir və təhlükəsizlik xərclərini azaldır.
Hazırda yalnız bir Ukrayna şirkəti – Fire Point – Danimarkada yeni zavod açmağı planlaşdırır. Şirkət dronlar, raketlər və digər silah növləri istehsal edir. Danimarkada isə raket yanacağı istehsal etməyi planlaşdırır. Gələcəkdə tərəfdaşlıq layihələrinin genişlənəcəyi gözlənilir.
Bundan əvvəl Prezident Volodimir Zelenski bildirmişdi ki, hazırda cəbhədə istifadə edilən silahların 40%-dən çoxu Ukraynada istehsal olunur və ya Ukrayna ilə birlikdə hazırlanıb. O, ilin sonunadək bu göstəricini ən azı 50%-ə çatdırmaq tapşırığı verib.
Zelenski sentyabrın sonunda əlavə edib ki, Ukraynanın dron istehsalı artıq 300-dən çox şirkəti birləşdirib. Bu il Ukraynanın yeni texnologiyalarının ABŞ və digər ölkələrə ixracına başlanılması planlaşdırılır.
Alpər
Şərhlər