Xəbər lenti

Taviani qardaşları. “Allonzanfan”: Tükənmiş qiyamçı
Məmməd SÜLEYMANOV
Sənət 11:05 30.09.2019

Taviani qardaşları. “Allonzanfan”: Tükənmiş qiyamçı

Məmməd SÜLEYMANOV

Qiyam davam edir, qiyamçı isə artıq yorulub. Bu, ziyansız yorğunluq deyil, xəyanətlə və qorxaqlıqla bitən faciədir. 

Taviani qardaşlarının "Allonzanfan” filminin leytmotivi də ürəyinin diqtə etdiyi ilə vicdanının söylədikləri arasında birincini seçən, bununla da səmimi inamçıları ölümə göndərən "yorğun demokrat”ın xəyanətidir. 

***

Vittorio və Paolo Taviani qardaşları - 60-cı illərin "döyüşən kinosu”nun parlaq nümayəndələri 1974-cü ildə fərqli bir film çəkirlər. Burada qrotesk də var, dram da, faciə də. Ancaq bu fərqlilikdə müəlliflərin metamorfozunu axtarmağa cəhd etməyək - onlar həminkidirlər, qiyamçılar dəyişib. Və 68-in Qiyamının ən bərk qışqıranları artıq 1970-lərdə özlərinin burjua və xırda burjua ailələrinə dönüb, gələcəyin konformistinə və hipsterinə çevrilir, biznesə və isteblişmentə düşməyə çalışır. İcazəli qiyamçılıq bitib, dağılışın.

Elə Taviani qardaşlarının yaşadığı İtaliyada da Renato Kurçonun həbsi və Marqo Kaqolun qətlindən sonrakı "Qırmızı briqadalar” get-gedə satqınlarla avantüristlərin toplanış yerinə çevrilir. Sərt baxışlı saf simalar hələ də var, ancaq idealistlər uduzmağa məhkumdurlar.

Yaxud, kommunist partiyası sazişçilik yolunu seçib, hakimiyyətdə təmsil olunmaq üçün təslim olmağa hazırlaşır.

Taviani qardaşları digər rejissorlarla (Pazolini, Dzurlini) birlikdə hələ 1964-cü ildə "Palmiro Tolyattinin dəfni” sənədli filmini çəkəndə, əvvəl "qaraköynəklilər”ə, sonra isə nasistlərə qarşı müqavimətin yükünü üzərlərinə götürmüş italyan kommunistlərinin liderinə hörmətlərini lentə köçürəndə artıq sanki fərqindəydilər: "Güllələnənlərin partiyası”nın (İtaliya kompartiyasını bu cür də adlandırırdılar) başında dayanmış Tolyattinin vəfatı ilə bütöv bir dövr qapanır, daha heç nə əvvəlki kimi olmayacaq.

Olmadı da. Seçkilərdə ənənəvi olaraq 30-35 faiz səs toplayan, üzvlərinin sayı 2 milyon nəfərə çatan kommunist partiyasına sona qədər də hökumətdə təmsil olunmaq imkanı verilmədi. 1978-ci ildə xristian-demokrat və keçmiş baş nazir Aldo Moro kommunistlərlə sazişə getməyə hazırlaşanda isə onu məhz "Qırmızı briqadalar” oğurladı və öldürdü. Tətiyi kənardan baxanda bu ekzekusiyada maraqlı olmayan kimi görünəcək qüvvəyə çəkdirdilər. 

İdealist Allonzanfan özü də bilmədən istifadə aləti oldu. Bəs burada yorğun Fulvio İmbriani kim idi?

***

Onlar bütün filmlərini birlikdə çəkiblər. "Siz bir yerdə necə işləyirsiz” sualına qardaşlar sakitcə cavab verirdilər: "Biz südlə qəhvə kimiyik. Qəhvənin harada bitib südün haradan başladığını müəyyənləşdirməyə çalışın”. Budda pritçası kimi cavab.

"Allonzanfan”da İmbrianinin obrazını yaratmış Marçello Mastroyannidən çəkiliş meydançasında iki qardaşın necə yola getdiyini soruşurlar. Marçello suala sualla cavab verir: "Məgər onlar iki nəfərdir?”

Və bu vəhdət 2018-ci ilin aprelinə qədər davam etdi - böyük qardaş Vittorio 90 yaşında dünya ilə vidalaşdı, Paolo 88 yaşında tənha qaldı. 

Onlar kommunist ailəsində doğulublar. 1982-ci ildə çəkdikləri "Müqəddəs Lorentso gecəsi” filmində kəndliləri Mussolininin faşistlərindən xilas edən qəhrəmanın prototipi onların atasıdır. Ata Taviani "qaraköynəklilər”in terroru qarşısında qalan kənd camaatına çıxıb getməyi, xilas olmağı təklif edir. Çoxluq qalır və öldürülür. Azlıq yola çıxır və sağ qalır. Bu, həqiqətən də Tavianilərin doğma kəndində1944-cü ildə baş vermiş faciənin ekrana köçürülməsidir.

Ümumiyyətlə, Taviani qardaşları real hadisələrlə işləməyi seçiblər və bu cəhətdən onları 20-ci əsr İtaliyasının burulğanlı hadisələrinin salnaməçisi saymaq olar. "Yandırılmalı insan” (1962) filmində söhbət mafiyanın Siciliyada qətlə yetirdiyi kommunist Salvatore Karnevalenin taleyindən gedir. Kannda Qızıl palma budağına layiq görülən "Sahibkar ata” (1977) sardiniyalı Qavino Leddanın avtobioqrafiyası əsasında çəkilib və sərt patriarxal ənənələrə qarşı yönəlib.


Qiyamçılar gəldi-gedərdir, Qiyam isə əbədidir. Kamyunun "Azadlığın yolu qulaq asmamaqdan keçir” fikrindən çıxış edərək - Qiyam suallar qoyub cavablar axtaran qəlbin vəziyyətidir. Baxır kim hansı cavabı tapacaq və onu nə vaxtadək (müvəqqətimi, sona qədərmi) düzgün sayacaq.


"Qurğuşunlu illər” (1970-lərin Sol-sağ qovğası, Qladionun "ölüm eskadronlar”ı, saysız terror aktları) yenicə başlayıb, qardaşlar isə "Əqrəb bürcü altında” (1969) filmini çəkir - bu, mübarizənin məğlubiyyətlə bitəcəyinin proqnozudur. Bir neçə il sonra ərsəyə gələn "Allonzanfan” isə artıq məğlubiyyətin baş verdiyinin elanıdır.

Siyasi kinonun tanınmış nümayəndələri, kommunist Taviani qardaşları "Allonzanfan” filmi ilə tarixi məğlubiyyətin səbəb və köklərini axtarmağa cəhd edir. Ancaq ifadə tərzi fərqlidir - kimsə burada "İnqilab həmişə xəyanət və məğlubiyyətdir” hökmünü görmək istəyir, kimsə satqın İmbrianiyə simpatiya ilə yanaşır, onun məişət sakitliyinə qayıtmaq istəyini alqışlayır, yalnız onun bu istəyinin çox böyük qana rəvac verməyinə heyfsilənir. Başqa biriləri inqilabçıların simasında vur-tut gec-tez sağalacaq fanatikləri görür.

Halbuki problem daha geniş, cavab isə daha dərindədir. Qiyamçılar gəldi-gedərdir, Qiyam isə əbədidir. Kamyunun "Azadlığın yolu qulaq asmamaqdan keçir” fikrindən çıxış edərək - Qiyam suallar qoyub cavablar axtaran qəlbin vəziyyətidir. Baxır kim hansı cavabı tapacaq və onu nə vaxtadək (müvəqqətimi, sona qədərmi) düzgün sayacaq.

Heç kəs bir günün içində səhər partizan olmaq istəyib axşam isə gestapoya işə düzələn Lüsyen Lakomba (Lui Malın eyniadlı filminin personajı) haqq qazandırmağı ağlının ucundan da keçirmir, halbuki orada da rejissor baxış bucağını dəyişib Lakombun hiss-həyəcanlarını qabartsaydı, vəziyyət dəyişəcəkdi: kimlərsə kollaborasionistə  haqq qazandırmasalar da, hər halda anlaşma ilə yanaşdıqlarını söyləyəcəkdi. Hər kəsə özününkü.

Yorulmuş qiyamçı Fulvio İmbrianinin isə əslində Lüsyen Lakombdan elə bir fərqi yoxdur. Sadəcə Taviani qardaşları qəsdən baxış bucağını dəyişdiriblər. Sanki seyrçini test edirlər...

Filmdə söhbət karbonarilərin mübarizəsindən gedir. "Karbonari” tərcümədə "kömürçü” deməkdir, ancaq inqilabçılar heç də şaxta işçiləri deyil. Sadəcə, təşkilata yeni üzv qəbul edəndə ağac kömürü yandırırdılar, bu, "təmizlənmə” anlamına gəlirdi.

Səhnəyə 1810-cu illərdə çıxan karbonarilər Böyük Fransa İnqilabının yetirmələri idi (elə Allonzanfan sözü də Marselyazadakı "İrəli, Vətən övladları!” misrasındakı sözlərin fransızcada ilk hecalarından düzəldilib), əvvəl Napoleonun, sonra Avstriyanın işğalına qarşı vuruşublar. İtaliyanın milli qəhrmanları Madzini də, Haribaldi də karbonari olub. Karbonarilərlə biz Voyniçin "Ovod”unda da rastlaşırıq.


 
***

… İnqilabçı zadəgan Fulvio İmbrianini qəfildən, vaxtından tez həbsdən azad edirlər. Bu, köhnə polis üsuludur: izləmək, onun vasitəsilə "Nəcib qardaşlar” təşkilatının rəhbərini və sağ qalan inqilabçıları ələ keçirmək.

Eyni vaxtda karbonarilər də özlərinin yoxa çıxmış rəhbərini - Baş magistri axtarırlar və Fulvionun işgəncə altında onu ələ verdiyini düşünürlər. Həbsdən çıxan Fulvionu karbonarilər yolda oğurlayıb məhkəmə qururlar. Ancaq tezliklə aydın olur - o, satqın deyil, Böyük magistr isə inqilabda peşman olaraq intihar edib.

Elə buradaca Taviani qardaşları yorğun inqilabçının seçim variantını təqdim edirlər - sakitcə çıxıb getmək. Ya intiharla, ya da məkanı dəyişməklə. Ancaq üçüncü yol da varmış - xainlik.

Dərdli karbonarilər üçün Fulvio artıq yeni liderdir.  Böyük magistrin depressiyası da gözlənilməz deyil - çox vaxt inqilabçıları camaat özü tutub polisə təhvil verirdi. Bu, həm də Çe Gevara və yoldaşlarının Boliviya ekspedisiyasına, onların kəndlilər tərəfindən satılmasına eyhamdır. Və bu, filmin sonuna doğru bir daha təkrarlanacaq.

Xəstə, qızdırmalı Fulvio sağalıb özünə gəlmək üçün 20 il olmadığı ata evini seçir. Burada onun bacısı (Avsriyalı zabitə ərə gedib) və qardaşı (hökumətin üzvüdür) yaşayır. Onlar Fulvionu tanıyır və qəbul edir. O, sağalır və bir daha inqilab işinə qayıtmamaq qərarını verir. Ancaq bu, hələ xəyanət deyil.

Onu malikanədə əvvəlcə sevdiyi qadın - macar Şarlotta (o, xəzinəni gətirib, toplanmış pula silah alınmalıdır), sonra isə karbonarilər tapır. Sonuncular onun dalınca gələndə polisin tələsinə düşür və həlak olurlar. Fulvio və Şarlotta malikanədən qaça bilir, ancaq yaralı Şarlotta ölür. "Mən yalnız inqilab qalib gələndə sakitlik tapacam” - Şarlottanın son sözləri.

Burada Fulvionun onun dalınca gələn karbonariləri görərkən daxili monoloqu diqqət çəkir: "Siz buraya artıq külə dönmüş qığılcımın arxasınca gəlmisiz. Mən inamımı itirmişəm. Mən sağalmışam, bu evdə mənə yaxşıdır, burada məni sevirlər. Aman tanrı, necə də sizdən bezmişəm, gözümdə necə də adiləşmisiz. Həyat bir dəfə verilir və mən hamının xoşbəxt olacağı günü gözləmək istəmirəm”.

Bu cümlələr yorulmuş inqilabçının özünə bəraət cəhdləridir. O, qərarlıdır: ucqar kənddə böyüyən 5 yaşlı oğlunu tapıb ona təhsil verəcək, çox uzaqlara - Amerikaya yollanacaq, sakit həyat sürəcək.

Ancaq Şarlottanın dəfnində "Nəcib qardaşlar” onu yenə tapırlar. Onlar yalnız hazırlanan inqilabi yürüş planından, silah və puldan danışırlar. Fulvio özünü elə aparır ki, guya bu planı bölüşür (o, özünü istedadlı aktyor adlandırır), üsyana rəhbərlik edəcək, əslində isə qəti qərar verib - geriyə yol yoxdur, onun üçün inqilab bitib. Ancaq bu da açıq-aşkar xəyanət deyil.

Bu ikili oyun onunla nəticələnir ki, karbonarilər cənuba üsyan qaldırmaq üçün köhnə muşketlərlə yollanırlar (Fulvio təşkilatın puluna silah almır və bunu inqilabçılardan gizlədir, sirr açılmasın deyə ən yaxın dostunu öldürür). O, hər dəfə aradan çıxmaq istəyəndə karbonarilər gəlib onu tapırlar. O, bezdiyini, uzaqlaşmaq istədiyini bir dəfə də dilinə gətirmir, hələ də inqilabçı rolu oynamaqda davam edir. Odur ki, bir köhnə gəmidə (burada isə Fidelin "Qranma”sı ilə assosiasiya yaranır) hamı ilə birlikdə cənuba yollanmağa məcbur qalır.

Onların gəldiyi yerdə yoxsulluq və vəba tüğyan edir. Qırmızı kaftan geyinmiş karbonarilər əmindirlər ki, kəndlilər onları sevinclə qarşılayacaq və üsyana qoşulacaqlar. Halbuki, reallıq və istəklər diametral fərqlidir - kəndlilər şad deyillər. "Biz ya çox tez, ya da çox gec gəlmişik” - karbonari Tito deyir. 

Məhz bu vəziyyətdə Fulvionun xəyanəti son mərhələyə keçir - o, sahilə çatan kimi kilsəyə yollanır, keşişi hadisədən xəbərdar edir. Keşiş hökumətə xəbər verir, ordu gəlir, kəndlilər də öz bellərini götürüb inqilabçıların üzərinə yeriyirlər.

Finalda inqilabçılar ölür. Fulvio də salamat qurtarmır. Ancaq filmin əsas mesajı heç də inqilabı parodiyalaşdırmaq, keçmiş inqilabçının məişət arzularına və tox obıvatel ömrü yaşamaq istəklərinə haqq qazandırmaq deyil. Əks halda Taviani qardaşları süjetə daha bir obraz - Allonzanfan obrazını əlavə etməz, filmi də onun adı ilə adlandırmazdı.

Gənc Allonzanfan intihar etmiş Böyük magistrin oğludur. O, qeyzli və qətiyyətlidir, enerjili və maksimalistdir. Bəlkə də zadəgan Fulvionun keçmişi bu cür olub. Bəlkə də Allonzanfan yaşlaşanda Fulvionun şübhələrini yaşayacaq. Ancaq indi fərq həlledicidir - Fulvio vicdanını qurban verir, ona skepsislə yanaşan Allonzanfan isə vicdanının diqtəsi ilə yorğun inqilabçını da bədnamlıqdan salamat çıxmağa qoymur.

Beləliklə, keşiş satqın Fulvioya əsgərlərin gülləsinə tuş gəlməsin deyə digərlərindən fərqlənmək üçün qırmızı kaftanı çıxarmağı tapşırır. O, elə də edir.

Kəndlilər onlara təntənə ilə öz manifestlərini oxuyan karbonariləri qətlə yetirir. Yalnız yaralı Allonzanfan xilas olur və Fulvionun yanına qayıdaraq baş verənləri yox, alternativ final danışır. Guya ki, kəndlilər inqilabçıları gül-çiçək və göz yaşları ilə qarşılayıb, birgə mübarizə başlayır. 

Və həmin anda peşman inqilabçının qəlbində yenidən gənc Fulvio baş qaldırır - çıxardığı qırmızı kaftanı yenidən geyinir və bununla da özünə ölüm hökmü yazır - yaxınlaşan əsgərlərin gülləsinə tuş gəlir.

Allonzanfan yunan faciəsinin qəhrəmanı kimi peyda olur və inqilabın qisas alan qılıncı rolunda çıxış edir...    

***

"Bütün oxlar sınıb. Mən onlardan ocaq qalayıram” (Vısotski. "Tükənmiş adamın mahnısı”).

Həmişə Fulvio var. Ancaq həmişə Allonzanfan da var...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->