Xəbər lenti

Tehran-22: “Böyük üçlük” nədə razılaşdı? (TƏHLİL)
Azər Rəşidoğlu
Siyasət 13:22 20.07.2022

Tehran-22: “Böyük üçlük” nədə razılaşdı? (TƏHLİL)

19 iyulda Türkiyə, İran və Rusiya prezidentlərinin Tehranda üçtərəfli sammiti keçirilib. Cənubi Qafqaz regionu uğrunda mübarizə aparan üç ölkə liderinin təkbətək və ikitərəfli görüşlərində Qarabağ məsələsi də müzakirə edilib. Qərbin Rusiyaya sanksiyaları, İrana nüvə məsələsi ilə bağlı təzyiqlərin artdığı bir zamanda "ABŞ düşmənləri”nin Tehranda toplanması bu sammitin əhəmiyyətini artırır. Lakin Tehran sammiti "anti-Qərb koalisiyası”nın formalaşması məqsədi də daşıya bilməz.
 
Üç liderin müzakirələri də göstərdi ki, bir çox məsələlərdə maraqlar üst-üstə düşmür. İran Ankaranın Suriyada başlamaq istədiyi hərbi əməliyyatlardan narazı olduğunu açıq dilə gətirdi. Rusiya da eyni fikirdədir. Seçkilər öncəsi Suriyadakı əməliyyatların davam etdirilməsi Ərdoğan üçün ölüm-dirim məsələsidir. Bir sözlə, bu məsələdə Ankara–Tehran–Moskva anlaşa bilmədi, bu isə regionda yeni qanlı qarşıdurmanın uzaqda olmadığı ehtimalını söyləməyə əsas verir. 

Dostun atdığı daş və yaxud "qardaş”ın atdığı gül
 

İran lideri Xameneinin Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxması Azərbaycanda zəlzələ effekti yaratdı. Tehran açıq mesaj verdi - "Qarabağın Azərbaycana qaytarılmasından  məmnunuq. İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”.

Bu məsələdə də Ankara–Tehran–Bakı–Moskva anlaşa bilmədi. Xatırladaq ki, 10 Noyabr bəyanatı Rusiyanın maraqlarına cavab verir. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinə nəzarət Kremlə vacibdir. Əks halda, Qərbin Ermənistan üzərindən nəzarət imkanı qazanması qaçılmaz olacaq. Tehran və Moskva dəhliz problemini həll edə bilmədilər.



 
Ərdoğana tərs "Suriya silləsi”
 

Suriya məsələsində də tərəflər razılığa gələ bilmədi. Müəyyən məsələlərdə tərəflər razılıq əldə edə bilsələr də, hər üç dövlət əsasən rəqib hesab olunurlar və "Dəməşq problemi” də düyünə düşüb. Xatırladaq ki, rəqabətdən əməkdaşlığa keçid üçün 2017-ci ildə  Astanada Suriya münaqişəsinin dinc tənzimlənməsinə yönələn danışıqları baş tutmuşdu. Əldə edilən razılaşmalara rəğmən, tərəflər arasında mövcud ziddiyyətlər aradan qalxmadı. Münaqişə 12 milyona qədər məcburi köçkün və qaçqın yaradaraq, bir neçə region üçün böyük miqrasiya probleminə səbəb oldu. Astana formatında 2-ci görüş 2021-ci ildə Soçidə keçirildi və bu danışıqlar da nəticəsiz qaldı. 

Tükiyə Suriyada tam hərbi üstünlüyə malikdir. Rusiya Türkiyə aviasiyasının malik olduğu dəqiqliklə yerüstü hədəfləri məhv etmək iqtidarında deyil. Suriya-Rusiya RƏM-ləri Türkiyə üçün böyük təhlükə təşkil etmir. Lakin nəzərə almaq lazımdır ki, Ərdoğan Suriyada əməliyyat başlasa, Türkiyə-Rusiya münasibətləri həddindən artıq pisləşə bilər. Qara Dənizdə Rusiya donanması Türkiyə donanmasından daha güclüdür. Lakin Türkiyə ABŞ və NATO-nun hərbi dəstəyi olmadan Rusiya ilə müharibəyə yol verə bilməz, deməli, Ankara Qərblə münasibətlərini korlamayacaq. 

ABŞ və NATO ilə Ərdoğanın münasibətləri mürəkkəbdir. Ərdoğan Qərbin təşəbbüslərini pozur. Ərdoğan Qərb qarşısında müti olmaq istəmir. Lakin Kreml də Ərdoğandan itaət tələb edir. Putin Suriya hökuməti üçün status-kvonun qorunub saxlanılmasında israr edir. Lakin Kreml Türkiyənin Suriyada əməliyyatlara başlamasına mane ola bilmir. Moskva İranı da Suriyaya buraxmaq istəmir. Rusiya öz qüvvələrindən başqa heç bir qüvvənin Əsəd tərəfindən dəvət olunmadığını deyir. Bu isə Ankaranın maraqlarına cavab vermir. Ərdoğan Suriyadan çıxmaq istəmir, Tehran sammitindən sonra Suriyada yeni müharibə isə hər mənada Ərdoğana baha başa gələ bilər. 

Ermənistan yol ayrıcında
 

Üç ölkə Ermənistanla bağlı da qarşıdurma yaşaya bilər. ABŞ Ankaradan Ermənistanı Rusiyanın ağuşundan qoparmağı tələb edir. Bunun üçün Ermənistanla sərhədlərin açılmasını tələb edir. Lakin Ankara bunu Bakının istəkləri nəzərə alınmaqla həyata keçirə bilməz. Rusiya sərhədin açılmasını istəmir. Ermənistan və Türkiyə sərhədlərinin açılması İrəvanın Rusiyanın təsir dairəsindən çıxması anlamına gələrdi. Kreml buna imkan vermək istəmir və bu məsələdə də Moskva və Ankaranın maraqları toqquşur.



Moskva və Tehran: Ankara Cənubi Qafqaza gələ bilməz!
 

Ankara Cənubi Qafqaz bölgəsində güc olmaq istəyir, Rusiya ilə İran isə Türkiyəni region dövləti saymırlar və onu bölgəyə buraxmaq istəmirlər. Ümumiyyətlə, Rusiyanın Türkiyəylə münasibətlərinin normallaşmasından böyük gözləntisi yoxdur. Çünki tərəflərin maraqları tam müxtəlifdir. Söhbət yalnız regional maraqlardan getmir, eyni zamanda, tərəflərin bir geosiyasi oyunçu kimi yerlərindən gedir. İranla Rusiya ənənəvi olaraq Cənubi Qafqazda bir-biri ilə rəqabət aparırlar. Digər tərəfdən, bir-biri ilə bölüşməyə, razılaşmaya da meyillidirlər. Bunun bir çox səbəbi var. Səbəblərdən biri də budur ki, hər iki tərəf Cənubi Qafqazın regiondankənar qüvvələrin təsiri altına keçməsini arzulamır. Digər tərəfdən, İran bütün hallarda Azərbaycanın güclü, demokratik dövlətə çevrilməsini istəmir. Çünki bu, İranın özünün daxilində ciddi problemlər yarada bilər. Regionu çox ciddi nəzarət altında saxlamaq, Azərbaycanın təsir imkanlarının genişlənməsinə yol verməmək Moskva və Tehranın maraqlarına cavab verir. Türkiyənin regionda Azərbaycanın müttəfiqi kimi söz sahibi olması da onların maraqlarına cavab vermir. Onu da nəzərə almaq lazımdır ki, İran və Rusiya bir çox sahələrdə, xüsusilə də enerji sahəsində rəqabət aparır. Yaxınlarda bu rəqabət kifayət qədər genişlənəcək. Çünki İran dünya bazarına çıxmağa hazırlaşır və Ukrayna böhranından sonra bu məsələ daha aktualdır. 

Ərdoğan Tehrana niyə getdi?
 

Tehran sammitində Ərdoğanın iştirakı Rusiya və Türkiyənin müttəfiqliyindən daha çox Qərbə mesaj xarakterli manevrdir. Ankara bu yaxınlaşmadan Qərblə öz oyunlarında istifadə etmək istəyir. Bundan əlavə, Rusiya ilə Türkiyə arasında Suriya, kürd problemləri var və Tehran danışıqları da bunu sübuta yetirdi. Bu problemlərlə əlaqədar tərəflərin ümumi dil tapacağına ümidlər çox azdır. Digər tərəfdən, iqtisadi sahəyə baxanda tərəflər əməkdaşlığa məhkumdurlar. Çünki Türkiyə həm enerji istehlakçısıdır, Rusiya isə həm enerji ixrac edir, həm də Türkiyə ərazisindən tranzit kimi istifadə etmək istəyir. Amma digər amil də mövcuddur. Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub və Qərbdən aldıqları Rusiyadan aldıqlarından dəfələrlə çoxdur. Yəni söhbət Avropa Birliyi ilə gömrük və ticarət sazişindən gedir. Digər tərəfdən, Türkiyənin regiondakı nüfuzu da onun NATO üzvlüyünə bağlıdır. Əgər regionda Ankara ilə hesablaşırlarsa, bu, daha çox Türkiyənin Alyansın cənub cinahının əsas həlqəsi olması ilə bağlıdır. Bu gün Rusiya, İran və Türkiyə müxtəlif səbəblərdən zəif vəziyyətdədir. Daxili vəziyyətlə bağlı problemlərin olması ilə yanaşı, Qərblə də ciddi problemlər var. Bu mənada taktiki yaxınlaşma Qərblə geopolitik oyunda bir təsir vasitəsi kimi istifadə olunur.

Türkiyə, İran və Rusiya arasında müttəfiqlik münasibətləri ola bilməz. İran və Rusiya tarixi imperiyalardır və qonşularının torpaqları hesabına genişlənməyə çalışırlar. Qitə imperiyaları həmişə rəqabət aparırlar, bu qaçılmazdır. Nəzərə almaq lazımdır ki, Rusiya, Türkiyə və İran eyni regionlarda - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə rəqabət aparırlar. Bu amil isə uzun illər davam edəcək rəqabət deməkdir.



Bakının proseslərə təsiri varmı?
 

Azərbaycan kiçik dövlət olduğundan, qlobal proseslər heç də Bakının əsas aparıcılığıyla cərəyan etmir. Rusiya, Türkiyə və İranın geosiyasi maraqları toqquşur. Tehran və Moskva ilə razılışma Ankaranın ənənəvi müttəfiqləri olan Vaşinqton və Brüssellə münasibətləri kəskinləşdirə bilər. Belə olan halda Türkiyə İran və Rusiya arasında qısamüddətli yaxınlaşmalar ola bilər, lakin bu, uzun müddət davam edə bilməz. Ankaranın hədəfi Suriya, Cənubi Qafqaz və Mərkəzi Asiyadır. Mərkəzi Asiyada da Kreml ilə Ankaranın maraqları toqquşur. Bu müstəvidə Azərbaycanın önəmi də artır. Bakı yeni düzəndə mühüm rol oynaya bilər. Yeri gəlmişkən, Azərbaycanda Rusiyanın nəzarətində olan  "5-ci kolon”çuların qəfildən məhz bu ərəfədə fəallaşması, Azərbaycanı Rusiya boyunduruğuna salmağı hədəfləməsi də müşahidə edilir. Bu isə ayrı təhlilin mövzusudur...

Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->