Xəbər lenti

Teslanın kreslosu
Məqsəd Nur
Ölkə 17:07 17.01.2025

Teslanın kreslosu

Kənardan baxanda elə bildim, Süleyman Rəhimovdur. Düşündüm ki, yalnız bizim yazıçının kresloda oturmuş halda heykəlini ucalda bilərlər. Yaxınlaşanda nə görsəm yaxşıdır? Kresloda oturan Tesladır. Altında da ad-familiyası - Nikola Tesla. 

Beynimdəki alqoritmlər tamam dəyişdi. İçindəki tavtologiyanın "donquldanması", "özününkü"nə yönəli qeyri-ixtiyari ironik hərəkətlənmə belə olurmuş! Hərçənd, "28 may"ın yaxınlığındakı Mirəli Qaşqay küçəsində yerləşən "Kitapçı"da təqdimata gedirdim. 

Bu da mənə Qərb və Şərq dünyalarımızın haralarda olduğu barədə mesaj! Bakının, həqiqətən, təzadlar şəhəri olmasına dair daha bir bariz nümunə! 

Sən deməklə deyil ki, Bakı öz-özünə danışan, öz-özünü tənzimləyən şəhərdir. Məsələn, Süleyman Rəhimov küçəsindən bir kvartal yuxarı qalxıb sağa burulsan, yamacda pravoslav kilsəsi görəcəksən, elə bu dəm kilsə zəngləri çalınacaq, qarşı tərəfdəki yamacdan - Dağlı məhəlləsi tərəfdən isə azan səsi eşidiləcək və itici küləklər o səsi qanadlarına alıb aradakı düzənliyə - "Cuhud məhəlləsi"nə çatdıracaq, Sinaqoqun divarlarına toxunaraq sənə tərəf ucacaq... 

Bu məkanlar hekayələrimdə dəfələrlə təsvir edilib (bax: "Oliqarxın alaçığı" kitabı). Fəqət, Bakı hər addımımda məni heyrətləndirməkdən, son illər isə kədərləndirməkdən əl çəkmir. 

İş orasındadır ki, mən Bakının yerinə dərd çəkəndə, Bakı mənə təsəlli mesajları yollayır. 

Ay sehrbaz şəhərim, bəs yaxşı, necə olur ki, kilsənin ətrafındakı tarixi binalar işğal edilib, sökülüb, bir tərəfindəki yamacda elə göydələn ucalır ki, zirvəsinə baxmaq istəyəndə gözüm qaralır? 

Necə olur ki, kilsənin ərazisində, Şirvandakı bir kənd evini xatırladan tikili görürəm? Deyəsən, məndən fərqli olaraq, Sən belə hallara görə kədərlənmirsən... 

Bu arada kitab təqdimatından təəssüratlarım da qaydasında deyil. İçimdəki nigarançılıq davam edir. Ədəbiyyatımız bir neçə yorğun-arğın ağsaqqal tərəfindən idarəçiliyə götürülüb. Bu da hər bir kitab təqdimatının keçirildiyi məkanın bacasından boylanır. Milli ədəbiyyat oxunmur. Kitab təqdimatlarında o qədər boz, mənasız, sözlər, təriflər,bir-birinə bənzər təşəkkürlər  işlədilir ki, özüm də nə danışdğımı unuduram. 

Bircə tədbiri lentə alan iki teleoperatorun rəftarı yadımda qaldı. Onlar, növbə ilə, tədbir iştirakçılarının üstünə bağırır, "bura baxın, ora baxın, orada durmayın, buraya yığışın, səssiz olun" deyir, sonra da əmr edirdilər ki, hamı filan tərəfdə dayanıb filan tərəfə baxsın, yoxsa... Yoxsa nə?! Bunu anlaya bilmədim. Daha təəccüblüsü o idi ki, doxsan faizi gənclərdən ibarət "kütlə" teleoperatorların əmrinə tabe oldu. 

Çıxış edənlərdən biri "Z" nəslindən sonra "G" nəslinin də gələcəyi müjdəsini verdi. Maraqlıdır, görəsən, əlifba bitəndən sonra nəsillər necə adlandırılacaq? Bu suallar içində tam təsadüfən, "FB"da Ağadadaşın balta atdığı mühafizəçi ilə barışması xəbərini oxudum. Xəbər çox sevindiricidir, inanın, ciddi deyirəm...

Bakıda bircə saat içində baş verənlərin miqyasını hesablamaq istəsək, nəinki Tesla zəkası, heç İlon Mask kompüterləri də yetişdirə bilməz. 

Düzünü deyim, Teslanın heykəli məndə hansısa tərpəniş hissləri yaratdı. Deyəsən, bu da xəfif Bakı küləyinin gizli oyunudur, həmişəki kimi, ümid yaratmağı bacarır. 

"Burda döngələrin yeri darısqal.
Oturmuş palanın üstündə hambal
Dərin fikirlərə qərq olmuş yazıq..." 
(Səməd Vurğun)

Mirəli Qaşqay küçəsi ilə geri qayıdarkən Dəmiryol Vağzalının əzəli bozluğu məni üşündürür. 

Axı niyə, mən gələcəyi düşünməliyəm, daim hansısa "yad" zəka sahibinə ümid etməliyəm? Ümumiyyətlə, niyə daim irəlini düşünməliyəm? Bakının keçmişi gözlərimin önündə işğal edilərkən Nikola Tesla və ya onun Süleyman Rəhimova bənzətdiyim silueti mənim nəyimə lazımdır? Heç olmasa, olub-qalana, çıxıb-gedənə, uçulub-dağılana toxunum, yaddaşım itməsin... 

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->