Siyasət 14:15 25.09.2020

"Tez bir zamanda effektiv və çevik siyasi addımlar atılmasa..." - Tural Abbaslı

"Düşünürəm ki, tez bir zamanda yaranmış vəziyyətdən çıxmaq üçün effektiv və çevik siyasi addımlar atılmasa, Azərbaycanı təhlükəli günlər gözləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Onun fikrincə, bu gün Azərbaycandakı siyasi vəziyyət xeyli qarışıq və qəlizdir:

"Bir tərəfdən iqtidar-müxalifət arasındakı illərdən bəri davam edən düşmənçilik siyasətinin fəsadları, baxmayaraq ki, son zamanlar bu istiqamətdə Prezident Aparatının pozitiv dialoq addımları var, digər tərəfdən iqtidardaxili qrupların daxili savaşlarının qızışması, buna 5-ci kolonun dirənişi də deyə bilərsiniz, başqa tərəfdən Azərbaycan-Ermənistan sərhədlərindəki gərginlik və gözlənilən Qarabağ müharibəsi. Bütün bu sadaladıqlarıma nəzər yetirilsə, görünən odur ki, ölkədəki vəziyyət heç də sakit deyil. Həmçinin iqtidar daxilindəki sabotajçı qüvvələrin hələ də kifayət qədər təsir imkanlarının olması vəziyyəti daha da gərginləşdirir".

Partiya başqanı hesab edir ki, iqtidarın yaranmış bu qəliz və qarışıq vəziyyətdən çıxmasının yeganə yolu milli həmrəylik və ümummilli barışıq siyasətindən keçir:

"Bu barədə də biz dəfələrlə müxtəlif platformalarda danışmışıq və təkliflərimizi vermişik. Yəni, nə qədər gec deyil, iqtidar özünü xalqına və milli müxalifətinə yönəltməlidir. Birlikdə yaranmış təhlükəli vəziyyəti obyektiv analiz edərək birgə vəziyyətdən çıxış planı hazırlanmalıdır. Sonra yenə də milli həmrəylik mühitində və səmimi şəkildə planın həyata keçirilməsi və Azərbaycanımızı işıqlı günlərə çıxarmaq lazımdır. Bütün bunlar üçün təbii ki, ilk növbədə səmimi siyasi iradə nümayiş edilməlidir”.

Bahar Rüstəmli