Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublu “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə abunə olmasına baxmayaraq, qəzetlər bilərəkdən verilmir.
Bu haqda məlumatı Tofiq Yaqublunun vəkili Nemət Kərimli bildirib. Vəkil bu halın həbsdə saxlanılan şəxslərin hüquqları ilə bağlı qanuna zidd olduğunu da qeyd etdi: “Tofiq Yaqublu hər iki qəzetə abunə olmasına baxmayaraq, bilərəkdən qəzetlər verilmir. Bu da həbsdə saxlanılan şəxslərin hüquqlarının ciddi şəkildə pozulmasıdır. Bundan əvvəl Tofiq bəyin saxlanıldığı Gəncə istintaq təcridxanası və Bakı istintaq təcridxanasına nisbətən Şəki təcridxanasında qanunlar heç işləmir, təqsirləndirilən şəxslərin hüquqları təmin olunmur.”
Daha sonra vəkil Nemət Kərimli əlavə olaraq, dünən Tofiq Yaqublu ilə görüşündən də danışdı: “Dünən Şəki təcridxanasında Tofiq bəylə görüşdüm. Daha sonra məhkəmə iclasının protokolları ilə tanış olduq. Məhkəmə iclaslarının protokolları ilə tanış olmaq üçün hələ keçən ilin noyabr ayında olmalı idi. Bununla əlaqədar dəfələrlə məhkəmədə vəsatətlər verilməsinə baxmayaraq, məhkəmə baxışı qurtardıqdan sonra vermişdilər. Bu da ciddi qanun pozuntusudur. Mən protokollarla tanış olduğum mərhələdə xüsusi problemlər yox idi. Artıq bazar ertəsi günü isə Tofiq Yaqublu protokolların geri qalanı ilə tanış olacaq. Əsas saxtakarlıq məhz məhkəmə hökmündədir. Məhkəmə hökmü yazarkən, Tofiq bəyin xeyrinə mühüm əhəmiyyəti kəsb edən sübutları, ifadələri ora daxil etməmişdir. Yalnız əhəmiyyətsiz sübutlar, ifadələr hökmə salınmışdır. Məhkəmə də bütün bunları qiymətləndirərək, hökm çıxarmışdır. Bu da sübutların saxtalaşdırılması deməkdir”.
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı T. Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
Qaynar.info
Şərhlər