"Atəşkəs planı Avropanı Tramp Amerikasından uzaqlaşdıracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.
Ekspert bildirib ki, Ukrayna bu gün masa arxasında deyil, onun üstündədir:
”Trampın Putinlə danışığı və son açıqlamaları onu deməyə əsas verir ki, o, Ukraynanın taleyini onlarsız və Avropasız həll etmək istəyir. O, Ukraynanı satış obyektinə çevirib. Bu da Trampın ən böyük yanlışıdır. Atəşkəs planında belə görünür ki, Rusiyanın tutduğu əksər ərazilər onun əlində qalmaqda davam edəcək. Ukrayna isə azı 20 il NATO-ya qəbul perspektivi olmayan neytral, eyni zamanda ABŞ-ın təsiri altında olan ölkə kimi formalaşacaq”.
Bu isə ekspertin fikrincə, Ukrayna cəmiyyəti və Avropa ölkələri tərəfindən qəbul edilməyəcək. Üzeyir Şəfiyev deyib ki, Trampın Ukrayna siyasəti fonunda Avropa ölkələri ya öz aralarında ya konsolidasiyaya nail olacaq, ya da parçalanacaqlar:
"Nəticədə, Avropa ABŞ-dan uzaqlaşaraq öz taleyi barədə düşünməyə məcbur olacaq. Bir hissəsi Çin istiqamətinə üz tutacaq, digərləri də başqa güc mərkəzləri ətrafında birləşməli olacaqlar”.
Həmsöhbətimiz düşünür ki, Ukrayna belə olan halda danışıqları dayandıra və bundan sonra Avropa ölkələrinə üz tuta bilər. ABŞ dünya jandarmı iddiasını Avropa olmadan həyata keçirə bilməyəcək:
"Tramp atəşkəs planında dəyişiklik etməsə, tək Ukraynanı deyil, Avropanı da itirəcək. ABŞ dünya jandarmeriyası iddiasını Avropa olmadan həyata keçirməkdə çətinlik çəkəcək. Tramp danışıqlarda Ukrayna və Avropaya da masada oturmaq hüququ tanımalıdır. Tramp sonda bunları etməyə məcbur olacaq ki, münaqişə paritet güzəştlər əsasında atəşkəslə bitsin. ABŞ Prezidentinin Putinlə danışıqlar fonunda sərgilədiyi, habelə Ukrayna ilə bağlı verdiyi bəyanatlar onun bu ölkə və Avropada nüfuzunun xeyli aşağı düşməsinə səbəb olub”.
Qeyd edək ki, ABŞ hökuməti Prezident Donald Trampın rusiyalı həmkarı Putinlə telefon zəngindən sonra Ukrayna üçün heç də cəlbedici olmayan təkliflər səsləndirməyə başlayıblar. Belə ki, Pentaqon rəhbəri itirilən torpaqların Ukraynaya qaytarılmayacağı, Kiyevin NATO-ya üzvlük məsələsinin real olmadığı fikrini səsləndirib. Almaniya kansleri Olaf Şolts bildirib ki, ABŞ və Rusiya prezidentləri arasında başlayan danışıqlar fonunda Ukraynaya yardımını mümkün qədər tez artırmalıdırlar. Bunun üçün ölkə parlamenti Ukraynadakı müharibəni və onun Avropanın təhlükəsizliyinə təsirlərini fövqəladə vəziyyət kimi tanımalıdır.
Şoltsun sözlərinə görə, Tramp və Putin arasındakı danışıqlar gözlənilməz deyildi, lakin bu, "Avropanın aydın, sürətli və qəti mövqe tutmasını tələb edir". Almaniya kansleri Trampın döyüş əməliyyatlarını mümkün qədər tez başa çatdırmaq istəyini dəstəklədiyini bildirib, lakin Almaniyanın "məcburi sülhü" heç vaxt qəbul etməyəcəyini vurğulayıb.
Onun fikrincə, Rusiyanın qələbəsi və Ukraynanın süqutu sülhə deyil, əksinə, "Ukraynadan çox-çox kənarda Avropada sülh və sabitliyin təhdid altına düşməsinə" səbəb olacaq. Bu açıqlama göstərir ki, Avropa da Tramp komandasının son açıqlamalarından narahatdır. Çünki həmin açıqlamaların həyata keçməsi Avropanın da zəifləməsinə səbəb olacaq...
Rüfət Sultan
Şərhlər