Siyasət 16:16 13.08.2022

Türkiyə dünya türklərinə qapılarını açır: Bu qaydalar azərbaycanlılara niyə şamil edilmir? (ŞƏRH)

Türkiyə mətbuatının məlumatına görə, bundan sonra bu ölkədə məhsəti türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstan türkləri, habelə, Krım tatarları uzunmüddətli yaşaya biləcəklər. 

Türkiyə Daxili İşlər Nazirliyinin İmmiqrasiya İdarəsinin qərarına əsasən, bu ölkə vətəndaşı olmayan bir vətəndaşın uzunmüddətli yaşayış icazəsi alması üçün Türkiyədə 8 il fasiləsiz yaşamaq şərti tələb olunur. Lakin 15 fevral 2017-ci il tarixli qərara görə, Bolqarıstan, Yunanıstan, məhsəti və uyğur türkləri üçün bu müddətə ehtiyac olmadan uzun müddətli oturma icazələri verilir. Bu çərçivədə, İmmiqrasiya İdarəsi Krım tatar türkləri üçün nəzərdə tutulan yeni statusla bağlı işləri tamamlayıb. Bundan sonra Krım tatarları da məhsəti, uyğur, Bolqarıstan və Yunanıstan türkləri kimi "türk mənşəli” olaraq tanınacaq. Türkiyəyə gələn Krım tatar türkləri də lazımi şərtləri yerinə yetirdikləri təqdirdə uzunmüddətli yaşayış icazəsi ala bilərlər. 

Ölkənin Prezident Aparatının məlumatlarına görə, Türkiyədə yaşamaq icazəsi ilə yaşayan əcnəbilərin yalnız 5%-nin uzunmüddətli, türkəsilli insanların isə 75%-nin uzunmüddətli oturma icazəsi var. Bu günə qədər Türkiyədə 57 min bolqar, yunan, uyğur və məhsəti türklərinə uzunmüddətli yaşayış icazəsi verilib. Bu arada Türkiyə Ukrayna-Rusiya müharibəsinin qurbanı olan 4296 türk əsilli insana yardım əlini uzadıb. Bu çərçivədə 409-u Krım tatarı və 2395-i məhsəti türkləri olmaqla 2804 nəfər 5 vilayətdə mərkəzlərdə yerləşdirilib. Qeyd edilir ki, bu mərkəzlərdə müharibə qurbanı olan uşaqlara sağlamlıq yardımı, psixoloji və təhsil kimi xidmətlər göstərilir. 

Türkiyənin türk mənşəli etnoslara, xalqlara münasibətdə atdığı bu addım alqışlanılandır. Amma maraqlıdır, Türkiyədə uzun müddətli yaşamaq hüququ Azərbaycan türkləri üçün niyə tanınmır? 

Məsələ barədə Qaynarinfo-ya danışan miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov hesab edir ki, Türkiyənin digər türkdilli xalqlar kimi Azərbaycan türkləri üçün də uzun müddətli yaşamaq hüququnu tanımaması Azərbaycanın müstəqil dövlətə malik olması ilə bağlıdır:



"Məhsəti türkləri, Krım tatarları bunlar represiya olunmuş xalqlar sırasına daxildir. Onlarla bağlı beynəlxalq qanunvericilikdə də xüsusi müddəalar nəzərdə tutulur. Keçmiş SSRİ-də 1991-ci ildə qəbul edilən qanunla represiyaya məruz qalmış, yerlərindən didərgin salınmış xalqlar arasında Krım tatarları, məhsəti türkləri, qaraçaylar, çeçenlər, almanlar, balkarlarla bağlı xüsusi imtiyazlar nəzərdə tutulurdu. Ermənistandan yüz minlərlə azərbaycanlı da departasiyaya məruz qalıb. Amma onları Azərbaycana köçürdülər. Türkiyədə zamanında Krımdan köçən böyük tatar icması və Şimali Qafqazdan köçən çərkəzlər yaşayır. Bu baxımdan, Türkiyə hökuməti özü Krım tatarları, məhsəti türkləri, çərkəzlər və digərlərilə bağlı xüsusi bir şəraitin yaradılmasında maraqlıdır. 

Ankaranın sözügedən türk mənşəli xalqlara münasibətdə atdığı bu addım onların represiyaya məruz qalmaları fonunda beynəlxalq hüququn verdiyi imkanların və Türkiyənin məsələyə həssas yanaşmasının nəticəsidir. Azərbaycanlılar məsələsinə gəldikdə, məhsəti türkləri, Krım tatarları və digərlərindən fərqli olaraq xalqımızın özünün mənsub olduğu dövləti var. Hazırda Türkiyə ilə Azərbaycan arasında olan miqrasiya mübadiləsi iki dövlət arasında başlanan saziş çərçivəsində baş verir. Yəni, məsələ dövlətlərarası münasibətlər kontekstində öz həllini tapır. 

Azərbaycan müstəqil dövlətə malikdir. Ölkəmiz bu mənada öz vətəndaşlarına sahib çıxa bilir. Amma ola bilsin gələcəkdə azərbayanlıların Türkiyədə və əksinə olmaqla bir-birinin ərazisində uzun müdərtli yaşamaq imkanları üçün də şərait yaradılsın”. 

Rüfət Sultan