Siyasət 13:42 18.01.2022

Türkiyə-Ukrayna-Azərbaycan birliyi ideyasına politoloqdan sərt reaksiya

"Türkiyə-Ukrayna-Azərbaycan formatı ideyası əsasən siyasətbazların təxəyyülündə, jurnalistlərin qələminin ucunda yaradılan ideyadır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə son zamanlar bəzi politoloqlar tərəfindən Türkiyə-Azərbaycan-Ukrayna üçtərəfli formatının yaradılması ideyasının gündəmə gətirilməsinə münasibət bildirərkən deyib: 

"Bir var normal, rəsmi təşkilatlanmış beynəlxalq təşkilatlar, bir də var ötəri, hansısa konkret siyasi-iqtisadi maraqlar naminə yaranan qeyri-rəsmi birliklər. Ukrayna-Türkiyə-Azərbaycan birliyi ideyası da məhz iqtisadi-siyasi maraqlar naminə yaranan qeyri-rəsmi birliklərdəndir”. 

Həmsöhbətimizə görə, belə bir birliyə ehtiyac yoxdur: 

"Əslində, Bakı, Ankara və Kiyev bir çox rəsmi beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir, onlar arasında ikitərəfli və çoxtərəfli münasibətlər var. Çoxsaylı rəsmi və qeyri-rəsmi formatlarda onsuz da birlikdə iştirak edirlər. Əslində konkret məqsədə görə 3 ölkənin mütəxəssis və diplomatlarının iştirakı ilə də iş görmək olar”. 

Z. Əlizadənin fikrincə, bölgədə yaranmış ani tələbatdan doğan yaxınlaşma ilə əlaqədar olaraq belə üçtərəfli əməkdaşlığı gündəmə gətiriblər: 

"Son zamanlar Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən ruhlanan Ukrayna Türkiyə silahından istifadə edərək özünün hərbi təchizatını və döyüş hazırlığını yüksəltmək istəyir. Habelə, Azərbaycan, Ermənistan, Naxçıvan, Türkiyə dəhlizinin və dəmir yolunun açılması ilə bağlı hansısa müəyyən ehtimallar yaranır. Digər tərəfdən, Moskva ilə siyasi-iqtisadi münasibətləri korlandığından Kiyevin karbohidrogen ehtiyatlarına olan ehtiyacının ödənilməsində Azərbaycanın rolu arta bilər. Ona görə də bu sayaq üçtərəfli əməkdaşlıqdan çox danışılır. 

Amma bu, hansısa bir rəsmi üçlük deyil. Ani tələbatdan doğan yaxınlaşmadır. Əslində Bakı ilə Kiyev arasında münasibətlər yaxşıdır, aralarında heç bir ziddiyyət yoxdur. Əksinə, inam, etibar və qarşılıqlı əməkdaşlıq istəyi güclüdür. Amma bu o anlama gəlmir ki, hansısa bir yeni üçtərfli format yaradılsın”.

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?