Xəbər lenti

İdman 13:36 11.02.2023

Veteran futbolçu “Qərb derbisi” haqda: “İndi bu cür prinsipiallığa maraq soyuyub”

Bu gün Azərbaycan Premyer Liqasında "Qərb Derbisi” keçiriləcək. "Turan Tovuz” doğma meydanda prinsipial rəqibi "Kəpəz”lə qarşılaşacaq. Şübhəsiz, bu komandaların oyunları əvvəlki illərdə daim xüsusi marağı ilə seçilib. Azarkeşlər tribunaları doldurub, komandalarına güclü dəstək veriblər. Amma son illərdə Azərbaycanda belə prinsipal oyunlara çox böyük maraq hiss olunmur. Sanki azarkeşlər, ümumiyyətlə, futbola həvəssiz yanaşır, əvvəlki kimi bir-biri ilə prinsipiallıq aparmır. Elə son illərdə "Qərb derbisi”ndə də eyni hal müşahidə olunur. Baxmayaraq ki, bu komandaların oyunlarına Bakıdakı matçlardan daha çox azarkeş gəlir.

Azərbaycanın tanınmış veteranlarından olan Yunis Hüseynov da bununla razılaşan insanlardandır. Qaynarinfo-ya açıqlama verən Gəncə futbolunun yetirməsi son illərdə azarkeşlərin prinsipiallığının sanki azaldığını təsdiqləyir:

"Hər iki komanda bu ildən Premyer Liqada oynayır. Bilirsiniz ki, onların azarkeşləri möhtəşəmdir. Həm Tovuzda, həm də Gəncədə futbol ənənəsi olub. Ona görə də bu komandaların azarkeşləri həddindən çoxdur. Həm də bölgə komandasına qarşı səfərdə oynayan rəqiblər üçün oyun çox ağır olur. Qonşu şəhərlərdir, aralarında 60-70 kilometr fərq var. Əlbəttə, Gəncə futbolunun yetirməsi olduğum üçün "Kəpəz”in qələbə qazanmasını istəyirəm. Onlara uğurlar arzulayıram. Fikrimcə, eyni səviyyəli oyun olacaq. Bu matçda hansısa komandanın digərini həddindən artıq üstələyəcəyini görmürəm. Fikrimcə, bir qol vuran komanda qalib gələcək. Oyuna azarkeşlərin həddindən artıq maraq göstərəcəyini düşünürəm”.

Bu komandalar arasındakı prinsipiallığı əvvəlki illərdəki ilə müqayisə edən mütəxəssis o vaxt belə matçlara daha böyük maraq göstərildiyini deyir:

"Bu dəqiqə köhnə futbolçuların hansından soruşsalar, hər kəs öz dövründə daha böyük maraq olduğunu deyəcək. Mən onları görə-görə gəlmişəm. "Neftçi”nin heyətində Tovuzda oynamışam. Amma "Kəpəz”in heyətində orada oynadığım yadıma gəlmir. Ona görə də bu prinsipiallığı hiss etməmişəm. "Neftçi” ilə həm Gəncədə, həm Tovuzda ağır oyunlarımız olub. Çünki azarkeşlərin dəstəyi vardı, həm də bütün rəqiblər "Neftçi”yə qarşı çox istəkli oynayırdı. Əvvəllər prinsipiallıq daha çox idi. Həm komandaların, həm də yerli futbolçuların sayı çox idi. Bilirsiz necədir? Komanda liderlər qrupunda olanda və çempionluğa oynayanda sanki ona yanaşma fərqli idi. Bu səbəbdən daha sərt, istəkli, məzmunlar oyunlar çox idi. Düzdür, indi futbol da dəyişib. Deyirlər ki, indiki futbolçular əvvəlkilərdən daha sürətli qaçırlar. Hərçənd bu fikirlər mənə çatmır. Düşünürəm ki, o vaxt futbol daha yaxşı idi. Bir də deyirlər ki, guya əvvəl futbolçular yerlərində dayanıb oynayırdı. İndi necədir ki? 12 nəfərlə oynayırlar? Fərqi yoxdur, eynidir. Səviyyə baxımından əvvəlki futbolçular daha üstün idi. Sizinlə tamamilə razıyam, əvvəlki illərə nisbətən indi futbol ictimaiyyətinin bu cür prinsipiallığa marağı soyuyub.
 
Məşqçi kimi işlədiyim illərdən danşım. 2004-2005-ci illərdə, xatırlayırsınızsa təkan oldu, səhv etmirəmsə 16 komanda və çox rayonlarda futbol var idi. Mən "Karvan”da çalışırdım. Hər oyunumuza təxminən 10 avtobus azarkeş gəlirdi. O cümlədən biz rayonlara gedəndə də eyni hal yaşanırdı. Futbolu azarkeşlər gözəlləşdirir. İndi Tovuzda, Gəncədə azarkeşlər çoxdur. Lənkəranda oyun keçiriləndə stadion dolurdu. Yəni səfərə gedən komanda 10 avtobus adam aparanda, istər-istəməz meydan sahiblərinin azarkeşlərində də maraq yaranırdı. Belədə say artırdı. Hazırda isə, Sumqayıtda, bir də "Qarabağ” hara gedirsə, orada azarkeşlər çox olur. "Neftçi”nin azarkeşləri möhtəşəmdir. Amma daha çox dəstək lazımdır. Boş tribunalar qarşısında oynayanda futbolçu da "artırmır”. Futbolçu azarkeş qarşısında oynayanda daha məsuliyyətli olur. Çünki ona yaxşı sözlər deyilməsini, narazılıq göstərilməməsini istəyir. Nəyə görə "Turan Tovuz”, "Kəpəz” uduzsa da, sona qədər mübarizə aparır? Çünki azarkeşlərin dəstəyi var. Gəncədə, Tovuzda stadiona azarkeş gəlməsə, əminliklə deyirəm, istədiyiniz oyunu görməyəcəksiniz. Mən də futbolçu olmuşam, o hissləri keçirmişəm. Boş tribunalar qarşısında təzyiq hiss etmirsən. İndi o dərəcədə ajiotaj yoxdur. Bəlkə də regionlarda futbol olsa ajiotaj yaranar. Bəzi Bakı klublarının azarkeşlərinin az olması da təsir edir. Məsələn, "Sabah”la "Səbail” köklü komanda deyil. Onlar indi-indi azarkeş toplamağa başlayırlar. Bəlkə də neçə illərdən sonra istədikləri qədər fanat yığacaqlar”.

Hüseynov "Neftçi”nin azarkeşlərinə xüsusi toxunub. O, komandanın Tofiq Bəhramov adına Respublika Stadionundan köçəndən sonra azarkeşlərinin azaldığını deyir:

"Xatırlayırsınızsa "Neftçi”nin bazası vardı. Onların azarkeşləri bilirsiniz nə vaxtdan etibarən azalmağa başladı? "Tofiq Bəhramov”dan köçəndən sonra. Getdilər "8-ci kilometr”ə, Ağ şəhərdə baza tikdilər. Fikrimcə, "Neftçi” həm "Tofiq Bəhramov”da oynamalı, həm də öz bazasında yerləşməli idi. Belə olsaydı, bəlkə də komandanın hər oyununa 10-15 min insan gələrdi. Çünki azarkeşlər üçün Tofiq Bəhramov adına stadion həm rahat idi, həm də öyrəşmişdilər. Hamı komandanı bu stadionda görmək istəyirdi. Xüsusən də yaşlı nəsil üçün indi "Bakcell Arena”ya getmək asan deyil. Çünki nə metroya, nə də hansısa avtobus dayanacağına yaxındır. Şəxsi avtomobilin olmalıdır. Amma "Gənclik”də metrodan çıxan kimi stadiona daxil olursan. Bakı Olimpiya Stadionu möhtəşəmdir. Ancaq orada oyun olanda insanlar getməyə əziyyət çəkir. Mən "Neftçi”nin azarkeşlərini alqışlayıram ki, "Bakcell Arena”ya gedirlər. Bu, böyük bir şeydir. Məncə, bu səbəbdən azarkeşləri "Neftçi”dən soyudu. Azarkeşi qınaya bilməzsən. Onlar futbolu, komandalarını sevməlidir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->