Xəbər lenti

WSJ ABŞ-ın Ukraynaya əsas silah tədarükünü dayandırmasının səbəblərini açıqladı
Dünya 11:44 02.07.2025

WSJ ABŞ-ın Ukraynaya əsas silah tədarükünü dayandırmasının səbəblərini açıqladı

ABŞ Ukraynaya hava hücumundan müdafiə (HHM) üçün nəzərdə tutulan raketləri və digər mühüm silahları göndərməyi dayandırıb. Bunun əvəzinə, bu silahlar Pentaqonun ehtiyatlarının doldurulması üçün istifadə edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə ”The Wall Street Journal” (WSJ) nəşri prezident Donald Trampın administrasiyasındakı bir nümayəndəyə və iki konqres köməkçisinə istinadla məlumat yayıb.
 
Nəşr vurğulayıb ki, Ukraynaya silah tədarükünün dayandırılması haqqında qərar Ağ Evin Kiyevə dəstək öhdəliyinin zəiflədiyini göstərir.

Trampın administrasiyasındakı nümayəndələr bildiriblər ki, diqqət daha çox Çindən gələn təhdidlərə və xüsusən də Yaxın Şərqdəki hərbi ehtiyaclara yönəldilməlidir. Ağ Evin mətbuat katibi Anna Kelli deyib: 
"Bu qərar Pentaqonun ABŞ-ın hərbi yardımlarını qiymətləndirməsindən sonra Amerikanın maraqlarını önə çəkmək məqsədilə verilib”.

WSJ-nin məlumatına görə, Ukraynaya göndərilməsi planlaşdırılan, lakin son anda dayandırılan silahlar artıq Polşada idi. Bu silahlar arasında Patriot HHM raketləri, "hava-hava” sinfindən raketlər, Hellfire tipli "hava-yer” raketləri, "yer-yer” raketləri, artilleriya mərmiləri və Stinger "yer-hava” raketləri olub.

Pentaqonun siyasət üzrə müavini Elbric Kolbi bu qərarı birbaşa şərh etməyib, lakin bildirib ki, Pentaqon Trampa Ukraynaya dəstəyin davam etdirilməsi üçün müxtəlif variantlar təqdim edəcək. Bu variantlar Trampın "bu müharibəyə son qoymaq” məqsədinə uyğun olacaq.

Kolbinin sözlərinə görə, "Departament bu məqsədə nail olmaq üçün yanaşmanı diqqətlə öyrənir və uyğunlaşdırır, eyni zamanda ABŞ Silahlı Qüvvələrinin müdafiə prioritetlərinə hazırlığını qoruyur”.

Bu addım ekspertləri təəccübləndirib. Onlar qeyd ediblər ki, Tramp keçən həftə NATO sammitində Ukraynaya Patriot sistemlərinin satılması imkanını nəzərdən keçirəcəyini demişdi.

WSJ xatırladır ki, Tramp administrasiyası Pentaqonun ehtiyatlarından 3,85 milyard dollar dəyərində silahı Ukraynaya göndərmək səlahiyyətini miras alıb, lakin bu imkanlardan istifadə etməyib. Həmçinin, administrasiya Ukraynaya yardım üçün Konqresdən əlavə maliyyə istəməyib. Halbuki bu proqram çərçivəsində Ukrayna ABŞ müdafiə şirkətlərindən silah ala bilirdi.

Demokrat qanunvericilər bu qərarı sərt tənqid ediblər. Senatın Xarici Əlaqələr Komitəsinin demokrat üzvü, senator Cin Şahin deyib: 
"Pentaqon hava hücumlarından müdafiəni əhəmiyyətli dərəcədə zəiflədir, halbuki Rusiya hər gecə Ukrayna şəhərlərini bombalayır və mülki şəxslər həlak olur”.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor bildirib: 
"Ukraynalılar özlərini, Avropanı və ABŞ-ın maraqlarını aqressiv Rusiyaya qarşı qoruyurlar. Patriot raketlərindən imtina dinc və hərbi şəxslərin həyatı bahasına başa gələcək”.

Eyni zamanda, Tramp administrasiyasında Pentaqonda çalışmış və Ukraynaya dəstəyə skeptik yanaşan Dan Kolduel bu qərarı alqışlayıb. "Tramp və müdafiə naziri Hegset doğru qərar qəbul edirlər – prioritet ABŞ-ın müdafiə hazırlığı olmalıdır, Ukraynaya silah göndərmək yox”, – deyə o bildirib.

Bəs silah tədarükünün dayandırılması necə baş verib?

"Politico” nəşri dünən axşam xəbər verib ki, ABŞ Ukraynaya zenit raketlərinin və bir sıra sursatların tədarükünü dayandırıb. Məlumata görə, bu qərar Ağ Evdə hələ iyun ayının əvvəlində verilib, lakin yalnız indi qüvvəyə minib. Bu gün səhər Ağ Ev silah yardımının dayandırıldığını rəsmi olaraq təsdiqləyib.

Eyni zamanda Almaniyanın kansleri Fridrix Mers Almaniya-İsveç istehsalı olan "Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsini hələ də istisna etmir. N-tv kanalının verdiyi xəbərə görə, ARD telekanalının efirində kansler bildirib ki, bu raketlərin Ukraynaya göndərilməsi "həmişə mümkün variant olaraq qalır”.

Onun sözlərinə görə, bu raketlərlə işləmək olduqca çətindir və ukraynalı hərbçilərin hazırlığı təxminən altı ay çəkəcək. Mers əlavə edib ki, bu hazırlıq prosesi hələ başlamayıb.

Taurus – Almaniya və İsveçin birgə istehsalı olan, MBDA Deutschland və Saab Bofors Dynamics şirkətləri tərəfindən hazırlanmış yüksək dəqiqlikli hava bazalı qanadlı raketlərdir. Onların uçuş məsafəsi 500 km-ə qədərdir və əsasən mühüm obyektlərin – körpülərin, bunkerlərin, komanda məntəqələrinin, HHM sistemlərinin və digər möhkəmləndirilmiş hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.

Ukrayna bir neçə ildir Almaniyadan bu raketlərin verilməsini istəyir. Kiyev əvvəllər söz vermişdi ki, bu silahlardan Rusiya ərazisinə zərbə endirməyəcək, çünki keçmiş kansler Olaf Şolts Moskvanın mümkün reaksiyasından ehtiyatlanırdı.

Fridrix Mers bu raketlərin göndərilməsini dəstəkləyib, lakin indiyə qədər bu barədə rəsmi qərar qəbul olunmayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->