Nazlı Ağayeva
Ölkə 11:56 29.05.2020

Xalasız bədbəxt məmurlar...

Nazlı Ağayeva

Özündən xeyli yaşlı əmioğlusuna veriblərmiş xalamı. Bir həyətdə yaşadıqları zəhmli cavana. Xalamın on beş yaşı ola-olmaya. Anam da balaca uşaq, xəbəri dərhal bacısına çatdırıb. Bacısı matdım-matdım ona baxdıqdan sonra əlini boğazına atıb boyunbağısını yerlə bir edib. 

Xalamın ailə həyatı da tez qırılır. Tək övladının atasını itirəndə ərə gedəcək yaşda imiş. Müharibə, aclıq bəxtsiz gəlini tufana düşmüş yarpaq kimi daşa-divara çırpır. 

O isə ki, mənim hərf tanımayan türkə-saya xalam böyük insana, fədakar anaya çevrilib həyatla qeyri-bərabər döyüşə girir. Soyuq dağ kəndinin şaxtalı gecələrində donmamaq üçün yalın əllə odun daşıyır. Bir qucaq sünbül üçün onlarla kilometr yol qət edən çarəsiz adamlara qoşulub ac balasına ruzu gətirir. Zülmət gecələrdə özünü evə çatdırıb sünbülü döyəcləyərək ağlamaqdan haldan düşüb yuxuya gedən körpəsinin qarnını doyuzdurur. Yeməkdən doysa da, anasından doymazmış uşaq. 

Kənddə bir ətək sünbülə görə o qədər acından zarıyanlar, hətta ölənlər varkən onun evində az-çox bərəkət tapılarmış. Xalamın özü tapılmayan evində. Çünki evdə oturmaq o zamanlarda ölümə doğru getməkdi. İsmayıllı rayonunun İvanovka kəndinin əhatəsindəki "Həftəran” deyilən əraziyə xalamın kəndindən bu gün maşınla gedəndə yorulursan. Ölümün qarabaqara izlədiyi adamlar isə cındır çarıqla, olmayanda ayaqlarına parça dolayaraq o keçilməz yolları piyada gedib-gəlirlərmiş. O yolların "sağalmış” qançırlarını xalamın ayaqlarında çox sonralar gördük. Ürəyindəki qançırlardan anlada biləcəyi qədər anam anlatmışdı. Anam xalamı çox sevərdi, onun yaşadıqlarından danışanda üzündəki əzaba dözməyib gözlərimizi qaçırardıq.

...Xalamın sünbül yoldaşlarından olan bir gəlin gecə evə qayıdanda bir-birinə sarılıb yatan qızcığazları oyatmamaq üçün səssizcə "yemək” bişirir. Sonra qızları səsləyərkən qızın biri oyanmır... Heç demə uşağın biri o birinin cəsədini qucaqlayıbmış! Mənim səssiz xalam o günləri buğdası biçilmiş zəminin qəribliyində üzünü görmədiyi o qızcığazı oxşayaraq elə bir dil açır ki... 

Hərdən düşünürəm ana qucağının xiffətindən ölən o qızcığaz bəlkə xalamın uşağı olub. Beynimin hansı qatındasa guya belə bir şey eşitmişəmmiş kimi gəlir mənə. Tez də bunun mümkün olmayacağı məntiqi ilə barışıram. Nə yaxşı bircə övladı olub, yoxsa xalam bunu necə qaldırardı, deyə düşünürəm. Özümə "bəs o cəfakeş gənc qadın necə qaldırmışdı o faciəni” sualını verə bilmirəm, çünki bunun cavabı yoxdur. Dünyanı nə qədər ki, işıqlı, isti ürəklər deyil, soyuq hesablar, dibsiz tamahlar idarə edir bu sualın cavabı olmayacaq. Nəticədə uşaqlar öləcək, həyatlar solacaq, ocaqlar sönəcək. 

"Dünya düzələndə” evinə-eşiyinə yığışan xalam tək oğlunu da zəhmətə alışdırdı. O da işləyib-oxuyub öz ayaqlarının üstündə durdu. Xalam kənddə ən sevilən adamlardandı. Kəndin halallıq, vicdan simvolu kimi... Oğlunun evlənmək vaxtı çatanda yaxşı ailədən qız verdilər xalama. İpək kimi zərif gəlini oldu ötkəm xalamın.

Mən xalamın taleyini oxuduğum kitabların qəhrəmanlarına bənzədib ona yaxınlaşmaq  istəyirdim. Zahirən ona oxşamışlığım da vardı. Həyatın sərtləşdirdiyi xalam isə içindəki sevgini nəinki bizdən, aman-zaman bacısından, madar oğlundan da gizlədərdi.

*

Kənddən rayon mərkəzinə yığışandan sonra anamı tez-tez xalama dəyməyə yola salırdım. Yaşlanmışdı, astmadan əziyyət çəkirdi. Anam hər dəfə fikirli qayıdıb "bacım qonaqdı”, deyə pıçıldayardı. Xalamın halı növbəti dəfə pisləşəndə anamı dərhal göndərib axşam özüm də getdim. Nəfəs ala bilmirdi, boğulurdu. Mən də qəhərdən boğulurdum. Qarşısında oturub qupquru əllərindən öpdüm. Dizin-dizin bir az da yaxınlaşıb üzümə baxdı və... sonra başını sinəmə qoydu. O baxışlarda illərlə bizdən gizlətdiyi istək vardı, deyə bilmədiyi şirin sözlər vardı və bizim görə bilmədiyimiz yupyumşaq, incə, zərif sevgi dolu bir qadın vardı. Mən o bapbalaca doğma varlığı əlimdən qəfil qopacaqmış kimi sövq-təbii özümə sıxdım. Sakitləşib rahat nəfəs almağa başladı. O dəqiqələrdə heç kəsi görmürdüm, heç nə duymurdum. Məndən ötrü zaman dayanmışdı. Qucağımdakı məsumiyyətin quş kimi yüngülləşmiş cismini bir ömür beləcə saxlayardım, təki çırpınıb əzab çəkməyəydi. İlahi, o nə gün idi elə, nə anlar idi... 

O savaş qadını mələk kimi getdi dünyadan. Bacısı, gəlini də bizləri tərk ediblər. O qərib axşamın beş şahidindən qalan bizik. Xalamın iflic vurmuş oğlu ilə anamın qəzalardan, "döyüşlərdən” yarım qalan qızı. İkimizdə bir adamın canı yoxdu. Ölkədə hər gün bir azğın məmurun yüz milyonlara sığmayan varidatı gəlir gündəmə. Aləmi ağuşuna alan kütləvi ölümlər də bir yandan. Etibarı bu olan dünyada xalqın ah-naləsi hopmuş dünya malını neyləyəcəksiz? 

O qədər haram sərvətiniz olunca bircə xalanız olsaydı, a bədbəxtlər...