"Xalq artisti”, "xalq yazıçısı” adı hələ də mədəniyyət xadimləri üçün yüksək tituldur. Bu titullar 30-cu illər SSRİ mədəniyyət siyasətinin yadigarıdır.
Xalq SSRİ daxili siyasətinin açar sözüdür. Həm də bu zamanlarda işlədilən xalq sanki milli sözünü sıxışdırmaq üçün idi.
Sovet Hökumətinin ilk illərində "xalq” proletarla aristokratiyanın siyasi şəkildə bölünməsi idisə, daha sonrakı illərdə dövlətin siyasi təbliğat rıçağı, həmçinin mədəniyyətdə stimullaşdırıcı metod idi. Repressiya illərini nəzərə alanda "Xalq artisti”, "Xalq şairi”, "Xalq yazıçısı” kimi adların bir şəkildə "Xalq düşməni” adına nə qədər alternativ olduğunu aydınca görə bilərik.
Yəni, bu adlar şəxsə hansısa fərqləndirici xüsusi üstünlüyünə görə yox, dövlət siyasətinə uyğunlaşmasına görə verilib. Məsələn, "Qəhrəman Ana” fəxri adı 1944-cü ildə, müharibənin sonlarında təsis olunub. İlk dəfə 12 uşaqlı qadına verilib.
Vəziyyətin aydınlaşması üçün Türkiyədən misal gətirək: Xalq şairi Türkiyədə xalq şeiri (qoşma, gəraylı, təcnis və s.) yazanlara deyirlər. SSRİ-dəsə "Xalq şairi” quruculuğu, yeni dövrü vəsv etməli idi.
Qərbin modernist sənət cərəyanına qarşı sosrealizm cərəyanını çıxarmış sovet hökuməti realizmi romantizmə qarşı qoyurdu. Şair və yazıçılara "Xalq düşməni” adı verəndə bu ədəbi ittihamlardan gen-bol istifadə edirdilər.
Maraqlı fakt isə ondan ibarətdir ki, ittifaq respublikalarında mövcud olmasına baxmayaraq Rusiyanın özündə Xalq yazıçısı və Xalq şairi fəxri adı olmayıb və indi də yoxdur.
İlk dəfə Azərbaycanın Xalq yazıçısı fəxri adı erməni əsilli Aleksandr Şirvanzadəyə 1930-cu ildə verilib. Ümumilikdə, sovet hökuməti zamanında Azərbaycan SSR-də 30-dan artıq şəxsə Xalq şairi və Xalq yazıçısı adı verildi.
Qazaxıstanda Xalq yazıçısı adı alanlar 13 nəfər, Özbəkistanda 18 nəfərdir.
Gürcüstan və Ermənistan SSR-də internet araşdırmaları ilə bu say daha az çıxır – 3 nəfər.
Digər ittifaq respublikalarında və Rusiyanın muxtar respublikalarında ədəbiyyat adamlarına Xalq şairi, Xalq yazıçısı adı verilsə də, Rusiyanın Xalq şairi ya da Xalq yazıçısı adına rast gəlmirik.
Tənqidçi Rüstəm Kamal bunu bir neçə səbəbə bağlayır.
Onun fikrincə, ilk növbədə bu, inzibati baxımdan Rusiyanın federal respublika olması ilə bağlıdır:
"Yəqin, məsələn, Yakutiyanın Xalq yazıçısı adı varkən, Rusiyanın Xalq yazıçısı bir qədər səsləniş baxımdan düz gəlmir. Üstəlik, Rusiya sovet dövlətinin yaradıcısı, mərkəzi idi.
Həm də heç bir rus ədəbi mentaliteti Xalq yazıçısı adını qəbul etməzdi. Bu, onların mədəniyyət anlayışına ziddir. Məsələn, bizdə hansısa ierarxiya təfəkkürü var: saray şairi, meydan şairi və s. Amma ruslar məhz şair və yazıçı məsələsində bu bölgüləri qəbul etmək istəmirlər. Onlar üçün şair şairdir, yazıçı yazıçı...
Bir də əlbəttə ki, siyasi ideoloji məsələ də var bu da hər kəsə aydındır”
Yazıçı Səfər Alışarlının fikrincə isə bu, İttifaqa daxil olan millətlərin ədəbiyyatını dirçəltmək məqsədi daşıyırdı:
"30-cu illərdə Stalinin ən böyük qayğılarından biri yazıçılar təsərrüfatının qaydaya salınması idi. Kollektivləşmə, kolxoz, sənayeləşmə kimi mədəni və mənəvi sahədə də təsərrüfatı qaydaya salmağa çalışırdılar. Qorkinin emmiqrasiyadan gəlişini gözləyirdilər ki, SSRİ Yazıçılar Birliyini yaratsınlar. Onların nəşrlərinə, institutlarına külli miqdarda pul ayrıldı. Məsələn, mənim vaxtilə oxuduğum ədəbiyyat institutu da həmin kampaniyanın tərkib hissələrindən biri idi.
Mən elə başa düşürəm ki, Xalq şairi, Xalq yazıçısı adını çoxmillətli SSRİ-də milli ədəbiyyatın inkişafına töhfə kimi nəzərdə tuturdular. Rusların buna elə ciddi ehtiyacı yox idi, çünki onların yazarları da göz qabağında idi, arxada böyük rus ədəbiyyatı var idi. Milli ədəbiyyatlar sovet çərçivəsində çar Rusiyası çərçivəsində inkişaf etməmişdi. Məncə, bu adların verilməsi milli ədəbiyyatlara ikinci nəfəsin verilməsi idi. Özbəkistanın, Tatarıstanın, Çuvaşiyanın yazıçılarına ad verilməsi sovet ədəbiyyatının dirçəldilməsi kampaniyasının bir hissəsi idi. Sirr deyil ki, hələ də 50 il zaman kəsiyində yaranmış o ədəbiyyat bu gün də öz təsirini itirməyib.”
Şərhlər