Xəbər lenti

Dünya 18:57 10.12.2013

Yanukoviç söz verdi


Ukrayna prezidenti Viktor Yanukoviç baş nazirin 1-ci müavini Sergey Arbuzovun rəhbərlik etdiyi nümayəndə heyətini Avropa Birliyi ilə danışıqlar aparmaq üçün Brüsselə göndərəcəyini bildirib.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, V. Yanukoviç bunu sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə görüşündə deyib. “Böyük ehtimalla sabah baş nazirin müavini Arbuzovun başçılığı ilə işçi qrup Brüsselə gedəcək və Ukrayna-Avropa Birliyi birgə işçi qrupu işə başlayacaq”.  
 
V. Yanukoviç ictimaiyyətin danışıqların gedişi barədə müntəzəm məlumatlandırılacağını söyləyib. O, assosiasiya sazişinin həm mənfi, həm də müsbət tərəflərinin olduğunu vurğulayıb: “Biz iqtisadiyyat üçün riskləri minimallaşdırmalıyıq. Proses şəffaf olmalıdır. Qarşılıqlı anlayışa nail olduqdan və kompromis əldə edildikdən sonra imza atılacaq”.
 
Ukrayna prezidenti hökumətin qarşısında bu prosesi sürətləndirmək və 2014-cü ilin martında keçiriləcək AB sammitinə qədər işi başa çatdırmaq vəzifəsi qoyduğunu açıqlayıb.
 
Müstəqillik meydanındakı hadisələrə toxunan V. Yanukoviç deyib ki, hüquq pozuntularına yol verənlər məsuliyyət daşımalıdır: “Meydanda olan insanlar Ukraynanın gələcək taleyinin və avrointeqrasiyanın gələcəyinin necə olacağı haqda suala cavab tələb edirlər. Eyni zamanda, hər iki tərəfdən yol verilən hüquq pozuntularına ədalətli qiymət verilməli və günahkarlar məsuliyyətə cəlb olunmalıdır”. 
 
V. Yanukoviç  saxlanılan fəalların bir qisminin azad olunacağını söyləyib: “Mən dünən axşam baş prokurorla danışdım və istintaqın gedişi ilə maraqlandım. Xahiş etdim ki, ciddi qanun pozuntularına yol verməyənlərin azad olunması imkanları tapılsın. Hesab edirəm ki, bu gün bu məsələ həllini tapacaq. Nə qədər adamın azad olunacağını deyə bilmərəm, lakin azadlığa buraxılanlar mütləq olacaq”.   
 
Prezident artıq hüquq-mühafizə orqanlarında bəzi şəxslərin vəzifələrindən uzaqlaşdırıldığını da açıqlayıb. L. Kravçukun sivil ölkələrdə etirazçıların döyülmədiyi barədə replikasına dövlət başçısı “bəli, bəli, sözsüz” deyə reaksiya verib.
 
V. Yanukoviç qeyd edib ki, hökumət binalarını mühasirəyə almaq istəyənləri Amerikada da dağıdardılar. O, ABŞ nümayəndələri ilə bu haqda müzakirə apardığını diqqətə çatdırıb: “Mən onlardan soruşdum ki, Ağ Ev barrikadalarla mühasirəyə alınsa, siz nə edərdiniz? Onlar cavab verdilər ki, əvvəla, buna imkan verilməzdi, ikincisi isə belə bir şey baş versə, bir dəqiqə ərzində mühasirə aradan qaldırılardı. Bu, yolverilməzdir. Dünyanın heç bir ölkəsində buna yol verilmir. İnqilaba, hakimiyyət dəyişikliyinə çağırışlar milli təhlükəsizliyə təhdiddir və bu da yolverilməzdir”.    
 
Bununla yanaşı, V. Yanukoviç mitinqçiləri öz həmfikirləri adlandırıb: “Mən dinc aksiyaya gələnlərin əksəriyyətini öz həmfikirlərim hesab edirəm. Onlar küçəyə çıxıb öz mövqelərini bildirmək hüququna malikdirlər. Daha sonra baş verən provokasiyalar və hüquq pozuntuları isə ona görə oldu ki, emosiyalar dözmür. Adətən çoxlu sayda insanın toplaşdığı yerlərdə belə hallar olur. Lakin bunlar bizim hamımıza dərs olmalıdır. Mən sərt reaksiyanın və ya insanları mühakimə etməyin tərəfdarı deyiləm. Hər iki tərəfdən günahkar olanlar var və burada barışıq nöqtəsini tapmaq lazımdır. Mən ölkədə baş verənlərə görə məsuliyyəti öz üzərimdən atmıram”.
 
L. Kravçuk və L. Kuçma siyasi böhrandan çıxış yolunun baş nazirin istefası ola biləcəyinə işarə vurublar. L. Kravçuk Ukrayna SSR Ali Sovetinin sədri olarkən ölkədə baş verən və “qranit inqilabı” adlandırılan tələbə hərəkatını xatırladıb: “Tələbələr qranitin üzərində uzananda mən onların yanına getdim və onları Ali Sovetə dəvət etdim. Biz xüsusi yığıncaq keçirdik, tələbələrə söz verdik, onlar öz düşüncələrini söylədilər və biz bu fikirlərin əsasında qərar qəbul etdik, heç kim digərini vurmadı”.
 
Bu yerdə Kuçma müdaxilə edərək “və kim istefaya getdi? Baş nazir” replikasını atıb. Kravçukun cavabı belə olub: “İnsanlar özləri çox vaxt könüllü getmirlər, başqaları onları buna vadar edir. Mən şəxsən xahiş etmişdim. Biz demokratiyanı öyrənməliyik”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?