Yaxın dostları və romantik partnyoru olmayan yetkin insanların mütləq şəkildə asossial və ya ünsiyyətdə xoşagəlməz olduğu düşünülməməlidir. Çox vaxt bunun səbəbi uşaqlıqdan formalaşan psixoloji özünümüdafiə mexanizmidir. Bu mexanizm insanın sosial kontaktları minimuma endirərək daxili rahatlığını qorumağa çalışması ilə bağlı olur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Silicon Canals” nəşri psixoloji araşdırmalara istinadən yazıb.
Məqalədə qeyd olunur ki, bəzi insanlar uşaqlıqda açıq ünsiyyətin psixoloji ağrılara səbəb olduğunu, yardım istəməyin isə dəstək əvəzinə cəza ilə nəticələndiyini öyrənirlər. Nəticədə onlar böyüklük dövründə zahirən mehriban və özünə kifayət edən görünsələr də, heç kəsi özlərinə həqiqətən yaxın buraxmırlar və daxili problemlərini paylaşmırlar.
Britaniyalı psixiatr Con Bovlbi tərəfindən irəli sürülən "bağlanma nəzəriyyəsi”nə görə, uşaqlıqda valideynlərlə münasibət təcrübəsi insanın böyüklükdə münasibət qurma modelini formalaşdırır. Əgər uşaq dəstək və qayğı görürsə, "təhlükəsiz bağlanma” formalaşır. Emosional olaraq soyuq və ya qeyri-sabit valideynlər isə uşağın öz ehtiyaclarını bastırmasına səbəb olur.
Belə hallarda insanlar "kompulsiv müstəqillik” adlanan davranış modelini inkişaf etdirirlər. Bu isə yalnız özünə güvənmək və hətta ehtiyac olsa belə, başqalarından uzaq durmaq deməkdir. Bowlbinin fikrincə, bu, həmin insanların yaxınlıq istəməməsi deyil, mümkün emosional ağrıdan qorunmaq cəhdidir.
Elmi araşdırmalar göstərir ki, böyüklərin təxminən 20 faizi "qaçınan bağlanma tipi”nə malikdir. Bu insanlar sosial ünsiyyətdə çətinlik yaşamırlar, lakin münasibətləri dərinləşdirməkdə problemlə üzləşirlər. Onların çoxlu tanışı olsa da, daxili dünyasını həqiqətən paylaşdığı insan olmur. Alimlər vurğulayır ki, problem sosial bacarıqlarda deyil, yaxınlığa qarşı daxili blokadadadır.
"Bu, asossiallıq deyil. Bu, adaptasiyadır. Bu, uşağın öz ailəsində öyrəndiyi qaydalara uyğun davranışıdır”, deyə məqalədə qeyd olunur.
Problemin əsas məqamı odur ki, bu uşaqlar böyüyüb valideyn evindən ayrıldıqdan sonra belə uzaq durma vərdişi davam edir. İnsan zahirən sakit görünsə də, orqanizmində yüksək stress səviyyəsi qala bilər. Bundan əlavə, bu tip bağlanma depressiya və təşviş riskinin artması ilə də əlaqələndirilir.
"Dostu olmayan bir yetkin sosial uğursuzluq yaşamır. O, sadəcə uşaqlıqda öyrəndiyi yeganə strategiyanı tətbiq edir”, mütəxəssislər izah edir.
Eyni zamanda uzunmüddətli tədqiqatlar, o cümlədən Harvard Böyüklərin inkişafı araşdırması göstərir ki, yaxın münasibətlər insanın xoşbəxtliyi və sağlamlığı üçün əsas faktorlardan biridir. Tənha qalmaq isə siqaret çəkmək və ya piylənmə qədər zərərli ola bilər.
Mütəxəssislərin fikrincə, bu vəziyyətdən çıxış yolu yeni tanışlıqların sayını artırmaq deyil, tədricən etibarın formalaşdırılmasıdır. Bu, ən azı bir insanla səmimi söhbət aparmaq və real emosiyaları paylaşmaqla başlaya bilər.
Aydın
Şərhlər