Tovuz Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda oğurluq baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, parkdakı fəvvarənin su mühərriki oğurlanıb. Oğurlanan mühərrikin 1200 manat qiyməti olub.
Hüququ-mühafizə orqanlarına müraciət etdikdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-2-ci (Oğurluq - neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Tovuz Rayon Məhkəməsində hakim Pərvanə İsaqlının sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib.
İş üzrə zərərçəkmiş qismində tanınan Tovuz Şəhər İcra Nümayəndəliyi mühərrikin geri qaytarıldığını, bu baxımdan, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Şərhlər