Xəbər lenti

Dünyanın ən yaşlı qorillası 69 yaşını qeyd etdi (FOTO)
Foto 17:52 14.04.2026

Dünyanın ən yaşlı qorillası 69 yaşını qeyd etdi (FOTO)

Dünyada əsirlikdə yaşayan ən yaşlı qorilla 69 yaşını qeyd edib. 

Qaynarinfo "The Washington Post"a istinadən xəbər verir ki, Fatu adlı qorilla ad günü münasibətilə tərəvəzlərdən ibarət xüsusi süfrə ilə qarşılanıb və Ginnesin Rekordlar Kitabı tərəfindən təbrik olunub.

Berlin zooparkının sözçüsü Filine Haxmayster bildirib ki, insan yaşı ilə müqayisədə Fatu artıq 100 ildən çox yaşa bərabər hesab olunur. Qorilla 60 ildən artıqdır ki, zooparkda yaşayır və bu müddət ərzində həm ana, həm də nənə olub.

Fatunun mənşəyi dəqiq məlum deyil. Rəvayətə görə, qərbi düzənlik qorillası 1950-ci illərin sonunda bir dənizçi tərəfindən Afrikadan Fransanın Marsel limanına gətirilib və guya bar borcunu ödəmək üçün dəyişdirilib. Daha sonra o, heyvan tacirinə satılıb və nəticədə Berlin zooparkına gətirilib.

Zoopark rəhbərliyi bu hekayəni təsdiqləyə bilmir. Məlum olan odur ki, Fatu təxminən iki yaşında olarkən, 1959-cu ildə o vaxtkı Qərbi Berlinə gətirilib.

On il əvvəl artıq ən yaşlı qorillalardan biri hesab edilən Fatu üçün zoopark əməkdaşları simvolik doğum tarixi kimi 13 aprel tarixini müəyyənləşdiriblər. 2019-cu ildə isə o, ilk dəfə dünyanın ən yaşlı qorillası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Yaşının çox olmasına baxmayaraq, Fatu hələ də gəzintiyə çıxır və zoopark ziyarətçilərini sakit davranışı ilə cəlb edir. Bununla belə, onun sağlamlığı tədricən zəifləyir: görmə qabiliyyəti pisləşib, artritdən əziyyət çəkir və dişlərini itirib. Buna görə də ona əsasən yumşaq formada hazırlanmış tərəvəzlər verilir, şəkər tərkibi yüksək olan meyvələr isə rasiondan çıxarılıb.

"Dian Fossey Gorilla Fund” təşkilatının prezidenti Tara Stoynski bildirib ki, vəhşi təbiətdə qorillalar adətən 40 ilə qədər yaşayır. Bununla yanaşı, bu növ iqlim dəyişikliyi, brakonyerlik və yaşayış mühitinin itirilməsi səbəbindən ciddi təhlükə altındadır.

Adətən 150–300 funt (təxminən 68–136 kq) çəkidə olan qərbi düzənlik qorillaları ailə qruplarında yaşayır və bu qruplara yetkin erkək başçılıq edir. Onlar güclü sosial əlaqələr qurur, zəif üzvlərə qayğı göstərir və hətta ölən fərdlər üçün yas saxlayırlar.

Aydın
--> -->