Niderlandın mənzərəli Murdeyk şəhəri yaxın on il ərzində tamamilə məhv edilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Digi24" məlumat yayıb.
Məlumata görə, belə sərt qərarın səbəbi ölkənin bərpa olunan enerji mənbələrinə keçidi üçün yeni infrastrukturun yaradılması ehtiyacıdır. Boş torpaq çatışmazlığı səbəbindən Murdeyk yüksək gərginlikli transformator stansiyalarının və hidrogen istehsalı zavodlarının tikintisi üçün "uyğun yer” kimi nəzərdən keçirilir.
Nəsillər boyu burada yaşayan yerli sakinlər ciddi narahatlıq içindədir. 1918-ci ildən fəaliyyət göstərən balıqçı Cako Koman vəziyyəti emosional şəkildə şərh edib.
"Bizi sanki qurban verirlər. Bu fikirlə yatırsan və onunla da oyanırsan”, deyə o bildirib.
Vəziyyət o qədər gərgindir ki, kəndin bəzi yerlərində artıq yas rəmzi olaraq bayraqlar endirilib. Eyni zamanda evlər satışa çıxarılsa da, alıcı tapılmır.
Yerli mağazanın sahibi Andrea isə ən çox kənd qəbiristanlığının taleyindən narahat olduğunu deyib. Onun sözlərinə görə, burada ailə üzvləri dəfn olunub.
"Evimizi itirməkdən qorxuram. Burada çox həyat var. Amma 10 ildən sonra heç nə qalmaya bilər”, deyə o əlavə edib.
Şəhər meri Aart Yan Merkerke evlərin və qəbiristanlıqların sökülməsi ilə bağlı müzakirəni öz karyerasının "ən çətin qərarı” adlandırıb.Onun sözlərinə görə, hökumətin təxminən 450 hektar əraziyə ehtiyacı var ki, bu da təxminən 700 futbol meydançasına bərabərdir.
Hazırda bələdiyyə dörd digər yaşayış məntəqəsini xilas etmək üçün bir kəndi qurban vermək variantına daha yaxın görünür, lakin yekun qərarın bu ilin sonuna qədər verilməsi gözlənilir.
Aydın
Şərhlər