Xəbər lenti

Yeni prezident tərəfləri əməkdaşlığa çağırır
Dünya 12:38 25.06.2013

Yeni prezident tərəfləri əməkdaşlığa çağırır

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani cəmiyyətin bütün təbəqələrindən dəstək istəyib. 

Mediaforum saytının məlumatına görə, bu barədə H.Ruhani bir qrup islahatçı fəalla görüşündə bildirib.

Seçkidə qələbə qazanması üçün göstərdikləri qayğı və dəstəyə görə keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmiyə minnətdarlığını bildirən Həsən Ruhani deyib ki, hamı mənsub olduğu siyasi cərəyana baxmayaraq yeni hökumətə dəstək verməlidir: “Həm islahatçılar, həm də mötədil mühafizəkarlar (üsulçular) qurulacaq yeni hökuməti özününkü bilməli, ona yardım göstərməlidir.

Hesab edirəm ki, cəmiyyətə mötədilliyin nə olduğunu izah edərkən hər hansı ifratçı təfsirdən çəkinmək lazımdır. Nəzərə almaq lazımdır ki, ədalətə qovuşmağın ən mühüm şərtlərindən biri istiqaməti düzgün seçib irəliləməkdir. Əlbəttə, hədəf də mühümdür. Lakin istiqamət düzgün seçilməli, hər şey ictimaiyyətə şəffaf şəkildə açıqlanmalıdır”.

Bu arada İsrail növbəti dəfə İrana qarşı çağırış edib. APA-nın məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, İran istehsal edəcəyi qitələrarası ballistik raketləri 6 və ya 8 ilə ABŞ ərazisinə göndərə biləcək.

B. Netanyahu deyib ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani “Danışıq apar, ancaq uranı zənginləşdir” tezisinin yaradıcısıdır: “Ona görə də Ruhaninin İranın yeni prezidenti seçilməsi bu ölkənin nüvə proqramında heç bir dəyişiklik yaratmayacaq. Onun yazdığı kitab da dünya ictimaiyyətinə bu mesajı verir. Həmin kitabda deyilir ki, İranın Qərblə apardığı nüvə danışıqları İsfahandakı reaktorun təkmilləşdirilməsi üçün yaxşı mühit yaratdı”.

İran nüvə fəaliyyətləri hazırkı prezident Mahmud Əhmədinejadın Rusiyaya səfəri zamanı müzakirə olunacaq. İran rəsmi radiosunun məlumatına görə, İran prezidenti iyulun 1-2-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək təbii qaz ixrac edən ölkələrin sammitində iştirak edəcək.

Bu arada İran rəsmi radiosu Fələstin informasiya agentliklərinə istinadən İran kəşfiyyatının seçkilər öncəsi bu ölkədə təxribat planlaşdıran Qərb ölkələri kəşfiyyat orqanlarının planlarını pozması ilə bağlı xəbər yayıb. Məlumatda qeyd olunur ki, İsrail və bəzi Qərb ölkələrinin kəşfiyyat orqanları hazırladığı təxribat-pozuculuq fəaliyyətləri İran kəşfiyyat qurumlarının “Polad Divar” tədbirləri nəticəsində pozulub.

Portalın əldə etdiyi kəşfiyyat hesabatında qeyd olunur ki, İran daxilində seçkilər öncəsi iğtişaşlar törətmək və İslam quruluşunu içəridən sarsıtmaq niyyəti ilə hazırlanmış və İranın prezident seçkilərindən neçə ay qabaqdan icraya qoyulmuş planlar “Polad Divar” əməliyyatları nəticəsində pozulub. Məlumatda MKİ və MOSSAD-ın İranın nüvə proqramlarına nüfuz etmə cəhdlərinin uğursuz olduğu və planların ifşa olunduğu bildirilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->