Özbəkistan Ali Məclisinin Sədri Nurdinjon İsmailov Milli Məclisin Sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, məktubda Nurdinjon İsmailov dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.
Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistan Respublikasının prinsipial mövqeyi bir daha diqqətə çatdırılaraq bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır.
Özbəkistan parlamentinin Sədri gələcəkdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Şərhlər