"Zəngəzur dəhlizinə görə müharibə olması ehtimalı demək olar ki, yoxdur ”.
Bunu Qaynarinfo-ya siyasi şərhçi Arif Əliyev Zəngəzur dəhlizi ilə bağlı gedişlərin müharibəyə səbəb olması ehtimalını dəyərləndirərkən deyib.
Arif Əliyevin sözlərinə görə, Zəngəzur dəhlizinin yerləşdiyi ərazi Azərbaycanın hüquqi cəhətdən bilavasitə öz ərazisi deyil və onun doğuracağı suallar daha ciddi, daha böyük ola bilər:
"Eyni zamanda, Qarabağdan çıxarılan terrorçuların bir hissəsinin Zəngəzurda yerləşdirilməsilə hərbi əməliyyatların başlanması fonunda həmin silahlı tör-töküntülərin prosesə müdaxilə edərək, onun qarşısını ala biləcəklərini də düşünmürəm. Həmin terrorçular bir gün ərzində Qarabağda ağ bayraq qaldırdı. Onlar Qarabağı "vətən” deyə qoruyurdular. Ona görə də, həmin qüvvələr indi gedib Zəngəzurda heç bir təpki göstərə bilməz. Bu mənada, Zəngəzur dəhlizi uğrunda müharibə ehtimalı bir faktor olaraq sıfra bərabərdir. Ola bilsin ki, Ermənistanda əhval-ruhiyyəni qaldırmaq, daxili təbliğat üçün bu məqamdan istifadə edirlər. Lakin həmin terrorçuların əhəmiyyəti artıq yoxdur. İrana gəldikdə, Zəngəzur dəhlizi məsələsində onun müharibəyə qoşulması ehtimalı da yoxdur. İran Zəngəzur dəhlizini özü üçün qırmızı xətt elan edib. Lakin buna baxmayaraq, onun da prosesin qarşısını almaq imkanları yox dərəcəsindədir”.
Qeyd edək ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşmada Zəngəzur dəhlizinin açılması da nəzərdə tutulub. Lakin üstündən 3 il keçməsinə baxmayaraq, dəhlizin açılması məsələsi dalana dirənib. Rusiya çalışır ki, dəhlizə nəzarəti özü həyata keçirsin. Ermənsitan isə buna razı deyil. Digər tərəfdən, İran da həmin dəhlizi özü üçün "qırmızı xətt” elan edərək, prosesin reallaşmasınaimkan verməyəcəyini bəyan edib. Görünən odur ki, müxtəlif səbəblər üzündən dəhlizin açılmasına olan ümidlər günü-gündən aşağı düşür. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz məqamlara görə, onun açılması da müxtəlif gərginliklərlə müşayiət oluna bilər. Belə vəziyyətdə, bəzilərinin qənaətincə Zəngəzur dəhlizinə görə, müharibə ehtimalı da istisna deyil.
Rüfət Sultan
Şərhlər