Bizimçün həftənin bəlkə də ən böyük hadisəsi ABŞ-ın vitse-prezidenti cənab Cey Di Vensin bölgəyə səfəri oldu: Hamı bundan yazır, bundan danışır, əlbəttə ki, hamı da daha çox tərifləyir.
Bizsə əvvəlcə "qüsur”lardan başlardıq. Zənnimizcə, regiona səfərin ən böyük qüsuru ABŞ-ın Gürcüstanı qıraqda qoymasıdır. Düşünürük ki, düzgün addım deyil, amma güman, təsadüf də deyil, çünki bizə elə gəlir, Gürcüstanda cənab Trampçün "hazır kökə” yoxdur, adam orada "hazıra nazil olmağa” bir şey tapmır: Kremli Ukraynada durdura bilmir (istəyirmi?), Abxaziyanı və Cənubi Osetiyanı necə alsın?.
Bəli, ABŞ-la, hətta Qərblə Gürcüstan arasında indi böyük soyuqluq yaşanır, amma bunun kökündə nələr dayanır, doğrudanmı, problemi çözmək üçün heç bir şans qalamyıb? Axı problem indiki Gürcüstan hakimiyyətindədirsə, bəzi avropalı siyasətçilər özləri etiraf edirdilər "Gürcü Arzusu”nu seçkini udduqlarına görə ittiham edə bilmərik ki!..
Həm də hələki heç kim bu ölkədəki seçkilərin qeyri-demokratik keçdiyini və ya onun pozuntularla müşayiət olduğunu təsdiqləyəcək bir fakt qoya bilməyib ortaya! Gücüstanda növbəti "qızılgül inqilabı” da alınmadı axı! Avropalılar indiki gürcü hakimiyyətini Rusiyaya işləməkdə, hətta onun lideri İvanişvilini Kremlin "agenti” olmaqda itiham edir! Di gəl, bəlkə də bu adamla Kreml arasında hansısasa "sıcaq münasibətlər” var, amma hələki Tiflis Moskva istiqamətində ciddi bir addım atmayıb və etiraf etmək lazımdır ki, onlar hələ də Vaşinqtonla, Brüssellə münasibətlərin düzələcəyinə ümid edirlər. Üstəlik, problem demokratiyadırsa, etiraf edək ki, digər iki Cənubi Qafqaz ölkəsi də, hətta cənab Tramp özü də heç də "demokratiya etalonu” deyil...
Hazırda Cənubi Qafqazda bütün hallarda, çox ciddi proses gedir, Azərbaycan da, Ermənistan da ciddi şəkildə ABŞ-la yaxınlaşır və bölgə Rusiyadan uzaqlaşır. Belə bir vəziyyətdə Gürcüstanı heç kənarda qoymaq olarmı? Hər şeydən bezən gürcü hakimiyyəti birdən elə həqəqətən də Moskva ilə ciddi münasibətlər yaratmağa qərar verməzmi və indi də əvvəlki İrəvandan sonra Tiflis də durub Moskva üçün bölgədə növbəti tutacaq - rıçaq rolunu oynamazmı? Bəlkə Vaşıinqton, əgər onun həqiqətən Cənubi Qafqazla çox ciddi planları varsa, bunu düşünsə, daha yaxşı olar?..
Bu, məsələnin bir tərəfi. Digər məqamsa budur ki, qədim çinlilər "hər qaranlıqda işıq, hər işıqda da qaranlıq var” deyərdilər. İndi Qərbin də, eləcə də ABŞ-ın da Qafqazdakı siyasətində həmişə bir "no” da olur: bəli, bunlar daim Ermənistandan həm də "nəsə” düzəltmək istəyirlər.
Şəxsən mən bu "no” deyilən məsələnin məğzini lap çoxdan hiss etmişəm, amma qanınızı qaraltmaq istəmirəm. Həm də bizim bəzi "böyük şərhçilər”imizin qulağına hər şeyi birdən pıçıldamaq olmaz axı, onlara gələcək üçün də "siyasi saqqız” saxlamaq lazımdır, necə ki, biz bir vaxtlar yazanda ki, vallah, Paşinyanla işləmək olar, hətta lazımdı, az qala, bizi topa tuturdular, yox, İrəvanı da almalıyıq deyir, Paşinyanın hər gün eybəcər şəkillərini verirdilər! Şükür, indi başa düşüblər ki, İrəvanla işləməyə də cəhd etmək olar və bu, da böyük irəliləyişdir. Həm də baxın, mən indi demirəm ki, durub Paşinyanla tamam dost-qardaş olaq, yox, bir müddət onu da sınamaq lazım gələcək, amma aydındır ki, adam həqiqətən çox çalışır, onunla işləmək, hətta müəyyən dəstək də vermək olar, bunu Azərnaycanın maraqları da tələb edir. Həm də nəzərə alaq ki, Paşinyan üçün də asan deyil: keçmiş kriminal müxalifət, hətta kilsə çox mane olur, hələ Kremli demirik...
O ki qaldı ABŞ-a, Trmapa, insafən, Bakı ilə İrəvan arasındakı sülhü "oformit” etmək, Zəngəzuru tamamlamaq da az iş deyil: Tramp bunu da etsə, yenə də çox sağ olsun, məsəl var, deyirlər ki, donuzdan bir tük də qənimətdir. Sonrasına baxarıq!
Artıq Vaşinqton Bakını da strateji dostu elan edir! Çox yaxşı! Düzdür, şəxsən planetin sıravi demokratı kimi mənim üçün bu məsələdə qaranlıq məqamlar çoxdur, çünki indiki ABŞ-ın strateji dostu olmaq məsələsi mənim üçün tam aydın deyil, ona görə ki, şəxsən cənab Trampın sayəsində ABŞ-ın strategiyası çox dəyişib! Başa düşmək olmur, biz nə etməliyik? Qrenlandiya məsələsində, ya da onun dolaşıq, ziddiyyətli, hətta anlaşılmaz Yaxın Şərq siyasətində dəstəkçi olmalıyıqmı? Dediyim budur ki, əvvəllər ABŞ daha anlaşıqlı, hətta daha cəlbedici idi...
Amma olsun! Bu da problem deyil. Əsas odur ki, Tramp Qafqazda da nəsə etmək istəyir və biz bunu qəbul edir və qiymətləndiririk. Həm də bilirsiz, gülməli olsa da, burada yadıma nə düşür? Yalançı olmağa qorxuram, amma deyəsən, birinci idarəçiliyi dövründə sosial şəbəkələrdə Tramp haqqında bir "klip” düzəltmişdilər: bəli, Göyçə balasıyam və s. və i. Əgər yaddaşım aldatmırsa (aldadırsa, üzürlü sayın!), deyəsən, beləydi! Bütün hallarda, Vallah, deyəsən, qaqaş elə həqiqətən də bizim tərəflərdəndir! Ona görə də iradımız hələki qonşu Gürcüstanla bağlıdır və o da yalnız ona görə ki, bölgədə Rusiya üçün potensial tutacaq-rıçaq saxlamaq lazım deyil, ən azı ona görə ki, indi bütün rus mediası yalnız və yalnız Vensin səfərindən yazır: Bəli, deyəsən, çox, bərk narahatdırlar.
Hüseynbala Səlimov
Şərhlər