Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və
qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti
zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən
Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,
Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin
barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın
26-da davam etdirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal
Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə
(ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin
olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət
ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. Təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə təqsirləndirilən şəxs Arkadi Qukasyanın müdafiəsinə
yeni vəkilin qoşulduğu elan olunub. A.Qukasyan yeni vəkilinə etiraz etmədiyini
bildirib.
Əvvəlcə təqsirləndirilən şəxs Madat Babayan dindirilib. O,
Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin
prokuroru Təranə Məmmədovanın suallarına cavabında Ağdərə rayonunun Qozlukörpü
kəndində silahlı birləşmənin tərkibində fəaliyyət göstərdiyini, döyüş
postlarına çıxdığını deyib, lakin Ağdərənin kəndlərinin işğalında iştirak etmədiyini
iddia edib.
Təqsirləndirilən şəxs 1992-ci ilin fevralında Ağdərədən
Xocalıya gəldiyini məhkəmədə bir daha təsdiqləyib. Dövlət ittihamçısı Fuad
Musayevin onun Ağdərədən Xocalıya gəlməsinin səbəbi barədə sualına isə "Dəstək,
kömək üçün gəlmişdim” cavabını verib.
M.Babayan Valerik Petrosyan, Davit Qriqoryan, Albert
Qriqoryan adlı şəxsləri tanıdığını, Lambert Karapetyanın dəstəsində
döyüşdüyünü, onların Kəlbəcər rayonunda azərbaycanlı əhaliyə qarşı qətliamda
iştirak etdiklərini təsdiqləyib.
Daha sonra prosesdə tərcüməçinin iştirakı ilə erməni dilində
videomaterial tədqiq olunub. Videomaterialda Ağdərənin "azad edilməsi”nin 19-cu
ildönümü ilə bağlı "bayram tədbiri” keçirildiyi, orada həmin vaxt qondarma
rejimə "rəhbərlik” edən Bako Sahakyanın, Ermənistan nümayəndələrinin və digərlərinin
iştirak etdiyi göstərilir. Tədbirdə Ağdərənin işğalında iştirak etmiş keçmiş
döyüşçülərə medallar və hədiyyələr təqdim olunur.
B.Sahakyan videomaterialda bildirir: "Burada veteran
döyüşçüləri təltif etməyimiz o deməkdir ki, biz bütün keçmiş döyüşçüləri təltif
edirik. Yəni, bu o deməkdir ki, indi bölükdə, tağımda və ya dəstədə xidmət etməsindən
asılı olmayaraq, bütün iştirakçılar təltif olunur”.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin
sualını cavablandıran M.Babayan videomaterialda medal alan şəxsin onun özü
olmadığını iddia edərək deyib: "Tanımıram, o, mən deyiləm”.
Təqsirləndirilən şəxs Bako Sahakyan prokurorların suallarına
cavabında belə bir tədbir keçirildiyini təsdiqləyib. Lakin o, həmin tədbirdə
M.Babayana medal verməsini nə təsdiq, nə də təkzib edib. B.Sahakyan vurğulayıb:
"Bu sualı nəyə görə verdiyinizi başa düşürəm. Amma mən Madat Babayanla o vaxt
tanış deyildim, burada tanış olmuşam”.
Təqsirləndirilən şəxs Melikset Paşayan Baş Prokurorluğun
Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun
suallarını cavablandırarkən Əsgəran rayonunun 31-ci taborunun tərkibində xidmət
etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun
Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.
"Bu, atıcı taboru idi. Taborda qumbaraatanlar, minaatanlar, pulemyotlar,
avtomatlar, qumbaralar var idi”, - deyə M. Paşayan suallara cavabında söyləyib.
O, Azərbaycanın torpaqlarının işğalından sonra orada
talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: "Mən
talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtaranadək talan etməyə heç
nə qalmırdı”.
Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər
mülki ermənilər olub. Deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə
girməməklə bağlı xəbərdarlıq edirdilər. Deyirdilər ki, oraya getməyin, sizə
güllə, mərmi dəyər.
M. Paşayan hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin
səbəbinin onları fiziki baxımdan qorumaq üçün olduğunu da əlavə edib.
Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsində iştiraka
görə qondarma rejimin "İgidliyə görə” "medal”ı ilə təltif olunduğunu da diqqətə
çatdırıb və deyib: "Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik
Harutyunyanın dövründə idi”.
Daha sonra M.Paşayanla eyni taborda olmuş təqsirləndirlən şəxs
Qarik Martirosyan dindirilib. O, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi
üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə
şöbəsinin prokuroru Fuad Musayevin suallarına cavabında müharibədə 1993-dən
iştirak etdiyini bildirərək deyib: "Əsgəran müdafiə rayonu”nun tərkibində idim,
komandir Vitali Balasanyan idi”.
O, tərkibində olduğu taborun Ağdamda yerləşdiyini də söyləyib
və əlavə edib: "Tabor əvvəlcə Əsgəranın Ağbulaq kəndində yerləşirdi. Ağdam
alındıqdan sonra tabor həmin rayona yerləşdirildi. Tabor komandiri Vilen
Safaryan, tağım komandiri Armen idi. Bölük komandirini xatırlamıram”.
Təqsirləndirilən şəxs tərkibində olduğu 31-ci taborun hərbçilərinin
bir hissəsinin Ağdamın işğalında iştirak etdiyini də söyləyib, lakin özünün
işğalda iştirak etmədiyini iddia edib və bildirib: "Ələ keçirilən ərazilərin
müdafiəsi məqsədilə postda dururduq”.
Qarik Martirosyan təltif olunduğunu da təsdiqləyib: "İgidliyə
görə” medalı ilə təltif olunmuşam. Bu, ya Arkadi Qukasyanın, ya da Bako
Sahakyanın sərəncamı ilə oldu”.
Fasilədən sonra məhkəmə prosesi "İnsanların zorakılıqla yoxa
çıxarılması əsir və girovlara işgəncələrin verilməsi” fəsli üzrə sübutların tədqiqi
ilə davam etdirilib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki,
işğaldan azad olunan ərazilərdə məzarlıqlar aşkarlanıb. İstintaq orqanları tərəfindən
məzarlıqlara baxış keçirilib. Məhkəmədə həmin baxış protokolları tədqiq edilib.
Qeyd olunub ki, Azərbaycanın suveren əraziləri azad edildikdən
sonra həyata keçirilən işlər zamanı insan meyitlərinin sümükləri olan çoxsaylı
kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazilərə istintaq orqanı tərəfindən baxış həyata
keçirilib.
Vurğulanıb ki, əsir və girov götürülmüş şəxslərin bəziləri
saxlanıldıqları yerdə işgəncə, qeyri-insani rəftar tətbiq edilməklə qəsdən
öldürülüb. Həmçinin əsir və girov götürülmüş şəxslərin bir çoxu Azərbaycan dövləti
və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş tədbirlər, eləcə də
onların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən pul
müqabilində azad edilib.
Ardınca qeyd edilən fəsil üzrə zərərçəkmiş şəxs Zahid Həsənov
ifadə verib. O, 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seydəhmədli kəndində
yaralandığını, martın 8-dək orada qaldığını bildirib və əlavə edib: "Martın 8-də
həmin kəndə ermənilər daxil oldular və bizi – 4 yaralını əsir götürdülər.
Yaralı vəziyyətdə bizi "Kamaz”la aparanda, ondan sonra isə xəstəxanada işgəncə
verdilər.
Bizi Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxladılar.
Bizim əsir və girovlar, o cümlədən qadınlar və uşaqlar orada idilər. Beynəlxalq
Qızıl Xaç Komitəsi (BQXK) də bizə baxmırdı. Komitənin Mark adlı nümayəndəsi var
idi, tibbi bacısı isə Veronika idi. Mən təxminən bir ay yarım orada qalmışam. Həmin
müddətdə Mark oraya iki dəfə gəldi. Nə yaramıza baxdı, nə də başqa nəsə etdi.
Sonra bizi Şuşa həbsxanasına apardılar, Mark oraya ümumiyyətlə gəlmədi”.
O, Xankəndidə xəstəxanada saxlanılan zaman orta məktəb
şagirdlərinin müəllimləri ilə birlikdə onlara baxmağa gəldiyini söyləyib və
deyib: "Bizi uşaqlara göstərib deyirdilər ki, baxın, bunlar türklərdir, sizin
düşmənlərinizdir. Uşaqlar da bizə tüpürür, daş atırdılar”.
Zərərçəkmiş şəxs Xankəndidə saxlanılan zaman müalicə
olunmadığını bildirib və əlavə edib ki, həmin müddətdə spirtli içki və narkotik
maddələr qəbul etmiş Samvel, Vrej, balaca və böyük Boryalar, Karen, Armen,
Serjik adlı erməni hərbçiləri və nəzarətçiləri tərəfindən mütəmadi olaraq yara
olan yerlərinə yumruq-təpik, dəmir dəyənək, avtomat silahın qundağı ilə
çoxsaylı zərbələr endirilməklə amansızcasına döyülüb, müxtəlif formalarda işgəncələrə
məruz qalıb. Onunla birlikdə xəstəxanada saxlanılan Qurbanov İlham Salman oğlu,
Nazim, Pənah İsgəndərov, Şahbaz, İqor Əliyev, Xasay, Abdullayev Eldar İsrayıl
oğlu, Tərlan, Sevil, habelə adlarını xatırlamadığı azərbaycanlı əsir-girovlara
da eyni formada ağır işgəncələr verilib.
1994-cü il aprelin 28-də tarixdə Xasay, Pənah İsgəndərov,
İqor Əliyev və Mürşüd Məstəliyev ilə birlikdə Şuşa həbsxanasına aparılıb, orada
da Emin, Karen, Qor, Vren, Albert, Sergey, habelə adlarını bilmədiyi erməni nəzarətçilər
tərəfindən mütəmadi olaraq ağac dəyənək, armatur və digər küt alətlərlə
amansızcasına döyülüb, soyuq kameralarda ac-susuz saxlanılıb, ağır və çirkli
işlərdə zorla işlədilərək məcburi əməyə cəlb edilib. Eyni zamanda, 1994-cü il
mayın 1-də Karen tərəfindən tək kameraya salınıb, üstünə bir vedrə soyuq su
tökülərək ağac dəyənəklə huşunu itirənədək döyülüb. 1994-cü il mayın 8-də Azər
Aslanov və Mürşüd Məstəliyev ilə birlikdə Xankəndi şəhərində üçmərtəbəli binada
yerləşən təcridxanaya aparılıb, Xankəndi şəhərindəki hərbi hospitalın
yaxınlığında yerləşən və Karen Babayanın komandiri olduğu 4-cü taborda hər gün
ağır işlərdə zorla işlədilib.
Zərərçəkmiş şəxs əsirlikdə olduğu zaman təqsirləndirilənlərdən
Bako Sahakyanı batalyonda gördüyünü, batalyon komandirinin onu qarşıladığını
bildirib.
Təqsirləndirilən şəxs Bako Sahakyan isə 1992-ci ilin
sonlarından və sonrakı 30 il ərzində xidməti vəzifəsinə görə əsirlərlə,
girovlarla əlaqədə olduğunu bildirərək deyib: "Mən həmin o beynəlxalq təşkilatlarla,
BQXK ilə əlaqədə olmuşam”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin aydınlaşdırıcı
xarakterli sualına isə B.Sahakyan cavab verməkdən yayınıb.
Zərərçəkmiş şəxs Zaur Gülməmmədov 1993-cü ilin fevralında
Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyində gedən döyüşlərdə qarnından güllə
yarası aldığını bildirib və qeyd edib: "Xəsarətdən huşumu itirdim, ayılanda
gördüm ki, başqa yerdəyəm. Sonradan bildim ki, həmin yer Xocavənd rayonunun "Tək
çinar” deyilən ərazisidir. Gözümü açıb yoldaşlarımı soruşmaq istəyəndə
avtomatın qundağı ilə vurdular. Əvvəl Xocavənddəki "türmə”yə, sonra isə xəstəxanaya
apardılar, orada əməliyyat edib gülləni çıxardılar. Yenə "türmə”yə, sonra
Qırmızıbazara apardılar. Orada armatur, avtomatın qundağı ilə döyürdülər.
Yediyimiz ancaq ot idi, qarın suyunu içirdik. Üç aydan sonra Andranikin
ildönümündə gəldilər ki, aparırıq bunların başlarını kəsməyə. BQXK-dən nümayəndə
gəldi. Ermənilər dedilər burada yaralı, ümumiyyətlə, azərbaycanlı hərbçi
yoxdur. BQXK-ni aldadıb bizi öldürmək istəyirdilər.
Bizi elə yerə aparıb saxladılar ki, orada həkim yox idi.
Saç-saqqalımız uzanmışdı, bədənimizi bit-birə basmışdı. Əlimizi yumağa
qoymurdular. Bizimlə birgə əsir saxlanılan ağdamlı Habil var idi. Ağdamlı
olduğuna görə döyə-döyə öldürdülər. Habili vəhşicəsinə döydükdən sonra gətirib
üstümüzə tulladılar. Bədənində salamat yeri yox idi. Elə həmin gün can verdi. Mənim
sol ayağımı üç dəfə sındırdılar. Sonra bizi Şuşaya apardılar. İşgəncələr yenidən
başladı. Orada "Ovçarka” itini üstümüzə qısqırdırdılar, qolumda itin dişinin
yeri qalıb (bu zaman qolunu göstərir – red.). Ağdamdan Tatar adlı oğlan var
idi, onu bir həftə soyuducuda saxlayaraq dondurub öldürdülər”.
O, 9 ay əsirlikdə saxlanıdldıqdan sonra əsir mübadiləsi
zamanı Azərbaycana təhvil verildiyini bildirib və deyib: "Hazırda sol tərəfim
protezdir”.
Zərərçəkmiş şəxs Əskər Əskərov Quba rayonunun Xınalıq
rayonunda anadan olduğunu, Kəlbəcər, Ağdərə, Laçın istiqamətlərində döyüşdüyünü
bildirib. O, 1993-c ü il aprelin 2-də erməni hərbçiləri tərəfindən əsir
götürülüb. Zərərçəkmiş şəxsin sözlərinə görə, onu BTR-in arxasına bağlayaraq Kəlbəcər
şəhərinin mərkəzi ilə dolaşdırıb, vəhşicəsinə döyüb, axşamlar dirəyə bağlayıb
saxlayıb və digər işgəncələr veriblər.
Daha sonra cavan yaşlı əsir-girovlar ilə birlikdə Ermənistanın
Basarkeçər rayon daxili işlər şöbəsinin müvəqqəti saxlama təcridxanasına
aparılmaqla kameralardan birində bir gün saxlanılıb. Daha sonra isə İrəvan şəhərində
hərbi polisin hauptvaxtı kimi istifadə olunan yerə gətirilib. O, saxlanıldığı
bütün yerlərdə yumruq-təpik, rezin dəyənəklərlə amansızcasına döyülərək işgəncələrə
məruz qalıb. 1995-ci il yanvarın 15-də Bəxtiyar Tağıyevlə birlikdə Qazax rayonu
ilə sərhəd ərazidən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.
Zərərçəkmiş şəxs Elçin Cəfərov bildirib ki, 1993-cü ilin
mayında Nərimanov rayonundan hərbi xidmətə çağırılıb, Naxçıvan MR-də yerləşən hərbi
hissədə xidmətə başlayıb. O, 1995-ci ilin iyununda Ermənistan hərbçiləri tərəfindən
əsir götürülüb. Onu Qarakilsə rayonunda 4-5 saat saxlayıb, sonra "Niva” markalı
avtomobillə İrəvan şəhərinə aparıblar. Burada isə Ermənistanın Müdafiə
Nazirliyinə, sonra isə müvəqqəti saxlama yerinə gətiriblər. Orada onu 23 gün
saxlayıblar. Həmin müddətdə ona işgəncələr verilib. Onu daha sonra Ermənistan
Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına aparıb, 1996-cı ilin mayınadək
orada saxlayıblar. Orada başqa azərbaycanlı əsirlər də olub.
Təcridxanada saxlandıqları müddətdə ona çoxlu işgəncələr
verilib. O cümlədən fasiləsiz işlədilib, dəmirlə, digər predmetlərlə döyməklə,
bədənlərinə qızdırılmış dəmir parçaları basmaqla əziyyət verilib.
Ermənilər onları öz tərəflərinə keçməyə məcbur edib, buna
etiraz etdikdə isə amansızcasına döyüblər. Zərərçəkmiş şəxs 1996-cı il mayın
10-da əsirlikdən azad edilib, İrəvan hava limanından onu və müxtəlif yerlərdə əsirlikdə
saxlanılan 67 azərbaycanlı ilə birlikdə Bakıya göndərilib.
Zərərçəkmiş şəxslər onların nümayəndələrinin, müdafiə tərəfinin
və təqsirləndirilən şəxslərin də suallarını cavablandırıblar.
Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi-ekspertiza rəyləri
də elan olunub.
Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş
və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada
idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz
etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj
Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel
Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran
Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən
cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş
çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən
şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Şərhlər