Xəbər lenti

Dünya 14:37 27.05.2025

"Kreml imperiyanı bərpa etmək üçün bəhanə axtarır" - Ekspert

"Rusiya istənilən məsələyə don geyindirib, buna gedə bilər. Amma bu addım son nəticədə Rusiyanın məhvinə gətirib çıxaracaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakovun Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib. 

Həmsöhbətimiz qeyd edib ki, Kreml rəsmiləri imperiyanı bərpa etmək üçün bəhanə axtarırlar: 

"SSRİ-nin dağılması zamanı hüquqi prosedur qaydalarının pozulması barədə Rusiya rəsmilərinin açıqlamaları sadəcə olaraq bir bəhanədir. Bu tip açıqlamalar bütövlükdə sovet imperiyasını bərpa etmək üçün ideoloji zəmin yaratmaq xarakteri daşıyır. Digər tərəfdən, belə fikirlərlə guya Ukraynaya hücumu da əsaslandırmaq istəyirlər. Yəni nəzəri cəhətdən gələcəkdə digər respublikalara da bu cür hücumlar edilə bilər". 
 


Ekspert hesab edir ki, Rusiya BMT üzvü olan digər dövlətlərə növbəti dəfə, özü də hamısına eyni zamanda hücum etməyə cəhd etməz: 

"Düzdür, Rusiya Ukraynada qalib gələrsə, ola bilsin ki, digər ölkələrə, xüsusən də Baltikyanı dövlətlərə, Mərkəzi Asiyaya hücum edə bilər. Amma onu da nəzərə alaq ki, bir neçə il əvvəl rus qoşunları Qazaxıstana daxil oldu, lakin orada çox qalmadı".

Qulamhüseyn Əlibəyli düşünür ki, belə fikirləri gündəmə gətirməklə Kreml sadəcə olaraq qonşu ölkələrə hədə-qorxu gəlmək istəyir:

"Yəqin ki, belə fikirlər sadəcə olaraq söz-söhbətdir və qonşu müstəqil dövlətlərə təsir və təzyiq göstərmək məqsədi daşıyır. Boş mənasız yerə ortalığa atıblar. Hər halda Rusiya istənilən addımı ata bilər. Onlar üçün Konstitusiya, beynəlxalq hüquq hüquqi əhəmiyyət kəsb etmir. İstənilən məsələyə don geyindirib, bu cür qanunlar qəbul edə bilərlər. Amma bu prinsip etibarı ilə son nəticədə Rusiyanın məhvinə gətirib çıxaracaq".

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda bu ölkə rəsmiləri, politoloqları, siyasiləri arasında keçmiş sovet imperiyasını bərpa etmək düşüncələri geniş vüsət almağa başlayıb. Bu günlərdə Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğunu və bunun SSRİ-nin guya "hələ də var olması” anlamına gəldiyini bildirib. Putin özü də çıxışlarında dəfələrlə sovet imperiyasının dağılmasına mənfi münasibət sərgiləyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->