2002-ci ildə aparılan bir uçuş zamanı qeydə alınan qeyri-adi qum formaları, Ərəbistan yarımadasında minilliklər əvvəl mövcud olmuş bir sivilizasiyanın izlərini aşkara çıxarıb. Aparılan yeni qazıntıların bu kəşfin miqyasını daha da genişləndirəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yerləşən və "Boş bölgə" adlandırılan Rub əl-Xali səhrası uzun müddət heç bir yaşam izinin olmadığı, sonsuz qum dənizi kimi tanınıb. Lakin 2002-ci ildə yaşanan təsadüfi bir hadisə bu fikri tamamilə dəyişib.
Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum səhranın üzərindən uçarkən qeyri-adi izlər – fərqli kumul formaları və qara ləkələr müşahidə edib. Bu kiçik detallardan böyük bir arxeoloji kəşfin qapısı aralanıb.
Bu kəşf təqribən 5.000 il əvvələ aid Saruq əl-Hadid adlı arxeoloji sahənin üzə çıxmasına səbəb olub. Aparılan qazıntılarda metal emalına dair izlər, işlənmiş mis və dəmir parçaları, eləcə də heyvan sümükləri tapılıb. Bütün bu faktlar bir vaxtlar səhranın ortasında yüksək inkişaf etmiş bir yaşayışın mövcud olduğunu göstərir.
Tədqiqatçılar tapıntıların təxminən üç metr dərinlikdə aşkarlanmış olduğunu bildirirlər. Sərt təbii şərait və daim dəyişən qum qatları bu ərazinin uzun müddət boyunca fərq edilməməsinə səbəb olub. İndi isə bu yer, bölgənin qədim tarixini anlamaq istəyən alimlərin əsas diqqət mərkəzinə çevrilib. Üstəlik, bu kəşf təkcə bir yaşayış yerindən daha artığını gündəmə gətirir.
Ortaya çıxan izlər Ərəbistan yarımadasının əfsanələrində tez-tez bəhs edilən yoxa çıxmış Ubar şəhərini yenidən yada salıb. Rəvayətlərə görə, Ubar şəhəri tanrıların qəzəbinə tuş gələrək qumların altına gömülüb. İngilis yazıçı və hərbçi T. E. Lourens də bu şəhəri "təkəbbürün cəzası kimi yox olan" bir yer kimi təsvir edib.
Sadəcə əfsanələr deyil, texnologiyanın gücü də bu kəşfdə mühüm rol oynayıb. Əbu-Dabidə yerləşən Xəlifə Universitetinin tədqiqatçıları səhranı qazmadan yeraltı quruluşları müəyyən edə bilən radar sistemi tətbiq ediblər. Torpağa ötürülən siqnalların əksinə əsaslanan bu sistem süni intellektlə işlənərək qədim yaşayış məskənlərinə və onları birləşdirən yolların aydın izlərini ortaya çıxarıb.
Dubay Mədəniyyət İdarəsinin dəstəyi ilə bu bölgədə yeni qazıntılar planlaşdırılır. Tədqiqatçılar hesab edirlər ki, bu ərazi Ərəbistan yarımadasında formalaşan ilk sivilizasiyalara dair mühüm məlumatlar ehtiva edir.
Aydın
Şərhlər