Çinli astrofiziklər kosmosda olduqca nadir rast gəlinən bir ulduz sistemi kəşf ediblər. Bu sistemdəki iki ulduzdan biri - pulsar (işıq saçan, çox sıx və sürətlə fırlanan ulduz qalığı) - Yerə mütəmadi siqnallar göndərir. Lakin bu siqnallar bəzən gözlənilmədən kəsilir ki, bu da alimlərin marağına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu qeyri-adi müşahidə Çinin Quycou bölgəsində yerləşən və FAST (Beş yüz metrlik açıqlığa sahib sferik radio teleskopu) vasitəsilə həyata keçirilib. FAST hal-hazırda dünyanın ən böyük tək reflektorlu radio teleskopudur.
Alimlərin araşdırmalarına görə, sistemdəki pulsar zamanla digər ulduzdan maddə çəkir. Bu proses zamanı hər iki ulduz ortaq bir qaz buludunun içində fırlanmağa başlayır. Məhz bu zamanlarda pulsarın yaydığı siqnallar kəsilir, çünki qarşı tərəfdəki ulduz bu siqnalların keçməsinə mane olur.
Təqribən min illik dövr və nadir bir mərhələ
Bu mərhələ təxminən min il davam edir. Daha sonra pulsar qaz buludunu dağıdır və nəticədə çevrəsində fırlanan kiçik, lakin yüksək temperaturda olan bir ulduz qalır. Alimlərin sözlərinə görə, bu cür sistemlər kainatda olduqca nadir hallarda rast gəlinir və onların öyrənilməsi böyük elmi əhəmiyyət daşıyır.
Tədqiqatı aparan astrofizik Dr. Han Cinlin bildirib:
"Bu sistem bizə ulduzların birgə necə dəyişdiyini və çevrildiyini göstərir. Belə müşahidələr sayəsində kainatda baş verənləri daha dərindən anlaya bilirik".
Daha çox sirr üzə çıxa bilər
Pulsarlar kainatda nadir hesab olunmasa da (indiyədək Süd Yolu qalaktikasında 3500-dən çoxu kəşf edilib), bu yeni müşahidə pulsarın siqnallarının digər bir ulduz tərəfindən mütəmadi kəsildiyi nadir vəziyyəti əks etdirir.
FAST təkcə bu müşahidə ilə deyil, həm də sürətli radio partlamaları, hidrogen qazlarının paylanması və ehtimal olunan yadplanetli siqnalların araşdırılması sahəsindəki töhfələri ilə də önə çıxır.
Yeni sistem: PSR J1928+1815
Kəşf edilən yeni sistem PSR J1928+1815 adlanır və Yerdən təxminən 455 işıq ili uzaqlıqdadır. Alimlər FAST kimi güclü teleskopların köməyi ilə qarşıdakı illərdə buna bənzər daha çox nadir ulduz cütlükləri aşkarlamağı ümid edirlər.
Aydın
Şərhlər