Xəbər lenti

Kvant insanı
Könül Nuriyeva
Ölkə 14:53 26.06.2025

Kvant insanı

(Elmi mətn - Birinci hissə)

Dünyanın əvvəllər materiya və düşüncəyə, sonralar isə materiya və enerjiyə bölünməsi həmişə diqqətimi çəkib. Bu dualizm haqqında bəziləri uzun- uzadı düşünür, bəziləri həyatına tətbiq edir, bəziləri isə boş və mənasız hesab edir. Həqiqətənmi, düşüncə çox az şeyi dəyişə bilər, siz də bu fikirdəsiniz?

Yoxsa, düşüncə ilə möcüzələr yaratmaq olar - fikri təkcə kitablarda, kinolarda olmur, real həyatda da mümkündür?

Biz hüdudsuz energetik sahənin elementləriyik fikrini ilk dəfə, Dispenzanın kitabında oxumuşdum. Kitab "Təhtəlşüurun gücü" adlanırdı. Orda belə bir sual qoyulmuşdu - İnsan idrakın köməyi ilə öz reallığını yarada bilərdimi?

Deməli, bir adamın olduğunu təsəvvür edin. Əslində, təsəvvürə ehtiyac yoxdur, çünki içi özümüz qarışıq, ətrafımız belə adamlarla doludur. Öz keçmişini və yaşadığı ağır günləri özünün reallığı edənlər…

Məsələn, əgər uzaq keçmişdə kimsə bunun haqqını yeyibsə və ya maşın qəzasına düşübsə, illər keçməsinə baxmayaraq, bu faciə və hadisələrin ətəyindən yapışıb, onu yeri gəldi-gəlmədi danışmaq, sanki yenə baş verəcəkmiş kimi ləzzətlə nəql etmək, dolayısıyla enerji vasitəsiylə bədbəxt olayları özünə çəkmək. Bu enerji vasitəsiylə öz reallığını yaratmaqdır. Amma insan o qədər bəsit varlıqdır ki, uğuru öz reallığı edə biləcəyi halda, uğursuzluğu reallığına çevirir.

Çox-çox vacib bir sual yaranır - Biz düşüncənin köməyi ilə istədiyimiz həyatı yarada bilərikmi, bu, asandırmı, buna nail olan konkret insan nümunələri varmı və onlar kimlərdir?

Dispenza deyir ki, həqiqətin gözünə dik baxaq, axı biz qeyri-kamilik. Demək olar ki, yeniyetmə yaşından özünü kamilləşdirmək üçün dəridən- qabıqdan çıxan biri kimi, bu fikirlə razıyam. Amma, Dispenzanın bu sərt fikrinə qarşı bir söz demək istəyirəm - Bəs kamilləşmə meyli olanlar, bəs buna can atanlar, bəs müəyyən mənada nail olanlar necə olsun? Ümumiyyətlə kamilliyin əlamətləri, ölçüləri, sərhədləri hansılardır?

Biz özümüzü idaellaşdırmağa çalışanda, bəlkə böyük bir səhv də edərək ətrafımızdakıları da ideallaşdırırıq. Bu isə çox zaman mübahisələrə, incikliyə və pozulmuş münasibətlərə səbəb olur. Dispenza, övladının üstünə qışqıran, onun mənliyini təhqir edən valideyni misal gətirir. Sonra həmin valideynin özünü mələk saymasını, özünü ədalətli insan hesab etməsini yazır. Daha sonra, iki obrazın hansının real olduğunu soruşur? Maraqlıdır, elə deyilmi? Biz də beləyik - özümüz haqqında düşündüklərimiz, ətrafın bizim haqqımızdakı rəyi…

Dispenza bu vəziyyəti belə izah edir - insanın fiziki, ruhi, emosional olaraq dəyişmək cəhdləri onu ideal obrazına qətiyyən yaxınlaşdırmayıb!
Buna səbəb kimi iradə, vaxt və cəsarət çatışmazlığını yox, həyat əqidəsini əsas gətirib.

Hamımıza bəxş edilmiş qüdrətli qüvvə sayəsində biz nələrə nail ola bilərik? Bunun üçün reallıqla barışmaq lazım deyil. İstənilən anda yeni mən yarada bilərik. Hə, bilirəm, çoxunuz inanmadınız. Bu isə inananların başına gəlir. Niyə? Aşağıda izah edəcəyəm, indi qısaca olaraq deyim ki, bu məsələlər birbaşa atom, elektron, nüvə ilə bağlıdır, qəşəng elmi izahı var.

Başımıza bir hadisənin gəlməsini istəmədiyimiz halda, amma həmin hadisəni düşünməkdən necə yaxa qurtarmağı istəmək - tanış gəldimi?
Xəyal etdiyimiz həyatı şüurlu surətdə yaratmaq - buna nail olan heç ondan əl çəkərmi? Təbii ki, yox!

Bütün bu işlərin kökündə kvant fizikası durur desəm, müəllifin də kitabının ilk bölümünü "kvant insanı" adlandırması aktual deyilmi?

İndi isə keçirik, reallığın təbiətinə…

"Reallığı qavramaq üsulumuz səhv olduğu üçün, həyatımızdakı dəyişikliklər təsadüfi və ötəri xarakter daşıyacaq" - deyən müəllif yüz faiz haqlıdır.
Yeni düşüncə obrazına yaxınlaşmaq üçün müəllif bizi kosmologiyaya dəvət edir.

Müəllif olduqca maraqlı məqama toxunur. Biz diqqət yetirməsək, heç bir zərrəcik reallıqda peyda olmayacaq. Kvant fizikasında bu "dalğa funksiyasının dağılması" və ya "müşahidəçi effekti" adlanır. Yəni, müşahidəçi elektronu gördüyü məqamda zamanın və məkanın kəsişməsi baş verir, bunun nəticəsində sonsuz sayda ehtimallardan fiziki hadisə meydana çıxır. Müəllif bu cür gözəl izaha davam edərək deyir - bu kəşfdən sonra idrak və materiyanın bir - biriylə qarşılıqlı əlaqədə olduğu aydın oldu. Ona görə bu fəslin adı "Kvant adamı" adlanır ki, subatom səviyyəsində enerji-özünə istiqamətlənmiş diqqətə reaksiya verir və maddiləşir. Yəni, sadə dildə desəm, bizim düşüncələrimizə həm bədənimiz, həm ətrafımız reaksiya verəcək. Bədənimiz enerjidən ibarətdir, ətrafımız isə materiya sayılır. Yəni, düşüncə və enerji arasındakı əlaqəni bundan gözəl, bundan elmi, bundan məntiqəuyğun necə izah etmək olardı ki?!

Elm inan deyir, elm dəyişə bilərsən deyir, elm özünü hər bir məqamda yenidən yarada bilərsən deyir…

İnsan müşahidəçi effektini idarə etməyi, əminəm ki, çox istəyər. İnsan həm də sonsuz sayda ehtimallar dalğasının reallıqla maddiləşməsi prosesini də seçmək istəyər.

Bütün maddi kainatın subatom zərrəciklərdən, yəni elektronlardan ibarət olduğunu fizika dərslərindən bilirik. Dispenzanın yazdığına görə, bu zərrəciklərin təbiəti elədir ki, müşahidəçi diqqət yetirməyincə onlar sırf potensial şəkildə mövcuddur və dalğa halındadırlar. Onlar potensial olaraq "hər şey" və "heç nə"dirlər, diqqət fokusuna düşməyənə qədər. Bütün bunlar mənə dəhşətli dərəcədə maraqlı gəlir. Başqa bir nüans isə bunları dərk edərək, yaşadığım həzz hissidir. Dünyada necə maraqlı məsələlər varkən, insanlar bəsit münaqişələrlə məşğuldurlar. 

Deməli, fiziki reallıq sırf potensial şəkildə mövcuddur yazan müəllif sonra qeyd edir ki, əgər insan idrakı elektonu maddiləşdirə bilirsə, onda istənilən ehtimalı da maddiləşdirə bilər, yəni düşüncələrimizlə həyatımızı dəyişə bilərik.

Axı fiziki kainatda hər şey qarşılıqlı əlaqədədir.

Kainat bizi gözləyir, o bizim real edə biləcəyimiz nəsnələrə təkan verəcəyini bilir. Müşahidəçinin şüurunun, yəni enerjinin təsiri altında həyat hadisələri fiziki mövcudiyyət əldə edə bilər.

Könül Nuriyeva

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->