Qəhvə də, çay da sağlamlıq üçün sübut olunmuş faydalara malikdir, lakin hər ikisi mülayim miqdarda istehlak edilməlidir.
Qaynarinfo xəbər verir ki, "Real Simple" nəşri diyetoloq İlana Mulşteynə istinadən qəhvə ilə çayın hansı daha üstün olduğu sualına aydınlıq gətirib.
Mütəxəssisin sözlərinə görə, həm qəhvə, həm də çay sağlamlıq üçün potensial faydalar təqdim edir. Lakin bu faydalar içkinin növündən, yetişdirilmə üsulundan, dəmləmə metodundan və qəbul edilən miqdardan asılıdır.
Qəhvənin sağlamlığa faydaları
Araşdırmalar göstərir ki, qəhvə istehlakı bir sıra müsbət təsirlərə malikdir. O, iltihabı azalda, ürək və bağırsaq sağlamlığını dəstəkləyə bilər.
İlana Mulşteyn bildirir ki, qəhvənin tərkibində olan kofein diqqət və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Qəhvə istehlakı həmçinin ürək-damar xəstəlikləri və şəkərli diabet riskinin azalması ilə əlaqələndirilir. "American Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırma müntəzəm qəhvə içənlərdə ürəyin işemik xəstəliyi riskinin daha aşağı olduğunu göstərib. "Diabetes Care" jurnalında yayımlanan meta-analiz isə qəhvənin orta səviyyədə qəbulunun 2-ci tip diabet riskini azaltdığını ortaya qoyub.
Bununla belə, narahatlıq və ya yuxusuzluqdan əziyyət çəkən şəxslər qəhvəyə qarşı diqqətli olmalıdır. Çünki kofein təşvişi artıra və yuxu problemlərini dərinləşdirə bilər.
Çayın sağlamlığa faydaları
Mulşteyn qeyd edir ki, çay da kofein tərkibli olsa və diqqəti artırsa da, onun üstün cəhətlərindən biri tərkibində olan teanin adlı amin turşusudur. Teanin stressin azalmasına kömək edir.
Onun sözlərinə görə, yaşıl çay güclü antioksidantlar sayılan polifenolların ən zəngin mənbələrindən biridir. Bu maddələrin ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri riskini azaltdığı sübut olunub.
Qəhvə və çayda kofein miqdarı
Həcmcə 230 millilitr olan bir fincan qəhvədə təxminən 95 milliqram kofein var. Eyni miqdarda qara çayda bu göstərici təxminən 50 milliqram, yaşıl çayda isə 30 milliqram təşkil edir.
ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) gündə 400 milliqramdan çox kofein qəbul etməməyi tövsiyə edir. Bu, təxminən gündə dörd fincan qəhvə, səkkiz fincan qara çay və ya 13 fincan yaşıl çay deməkdir.
Mulşteyn bildirir ki, kofeinin həddindən artıq qəbulu narahatlıq, yuxusuzluq, ürək döyüntüsünün sürətlənməsi və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. O, həmçinin qəhvənin turşulu mühit yaratdığını və mədə turşuluğu, reflüks və digər mədə-bağırsaq problemləri olan insanlar üçün uyğun olmadığını vurğulayıb.
Kofeinin həddindən artıq qəbulu zamanı müşahidə edilən simptomlar:
– narahatlıq
– əsmə
– baş ağrıları
– başgicəllənmə
– susuzlaşma
– asılılıq
Aydın
Şərhlər