Xəbər lenti

Həyatın sirri dənizin dibində gizlənir? - Bütün canlılar Asqardiyalı ola bilər
Dünya 21:50 27.12.2025

Həyatın sirri dənizin dibində gizlənir? - Bütün canlılar Asqardiyalı ola bilər

Yer üzündəki bütün heyvanların, bitkilərin, göbələklərin və hətta insanların mənşəyi milyardlarla il əvvəl baş vermiş sirli bir qarşılaşmaya dayanır. Elmi ictimaiyyət hüceyrə nüvəsinə sahib olan "eukariot” canlıların necə yarandığını uzun müddətdir araşdırır. 

Qaynarinfo xəbər verir ki, ümumi qəbul edilən ssenariyə görə, təxminən 1,6–2,2 milyard il əvvəl bir arxeyin oksigendən istifadə edən bir bakteriya ilə qurduğu simbiotik əlaqə mürəkkəb həyatın başlanğıcına təkan verib. Lakin bu hekayədə mühüm bir boşluq var idi: bu ortaqlığa daxil olan qədim ata kimdir?

Texas Universitet”ndən olan tədqiqatçıların 2023-cü ildə apardıqları genişmiqyaslı araşdırma bu sualın cavabını dənizin dərinliklərində, palçıqlı çöküntülər arasında tapıb. Yüzlərlə mikroorqanizmin genetik xəritəsini analiz edən komanda Yer üzündəki bütün mürəkkəb həyat formalarının izini tək bir nəsil xəttinə qədər aparıb: Asqard arxeyləri. 

Adını Skandinaviya mifologiyasında tanrıların yaşadığı aləmdən alan bu qrup, əslində bioloji keçidin ən canlı sübutlarından biri hesab olunur. Xüsusilə "Hodarchaeales” (qısaca Hod) adlanan yeni bir qrup "eukariot"lara o qədər bənzəyir ki, alimlər onları arxeylər aləmində "qardaş qrupumuz” kimi xarakterizə edirlər.

Bu kəşf təkcə adları ilə deyil, daşıdıqları zülallarla da diqqət çəkir. Daha əvvəl yalnız "eukariot"lara məxsus olduğu düşünülən bəzi struktur zülalların bu mikroskopik canlılarda da mövcud olması təkamül əlaqəsinin nə qədər güclü olduğunu göstərir. Araşdırmanın müəlliflərindən Brett Beyker "hamımız Asqardlıyıq” deyərək bu tapıntının insanlığın mənşəyini anlamaq baxımından əhəmiyyətini vurğulayır. Skandinaviya mifologiyasında Odinin kor oğlu Hodrun adını daşıyan bu yeni canlı qrupu mürəkkəb həyatın başlanğıc dövrünə işıq salan mühüm molekulyar ipuclarını özündə cəmləşdirir.

Tədqiqatçılar bu prosesi qədim bir şəhərə səyahətdən çox, həyatı başladan kimyəvi reaksiyaların mərkəzinə aparan bir zaman maşınına bənzədirlər. Bu "zaman maşını” ilə dinozavrlar dövrünü və ya qədim sivilizasiyaları deyil, dəniz dibinin dərinliklərində yaşayan mikroorqanizmlərin genetik kodlarını araşdırmaq mümkün olur. Alimlər bu kodları oxuyaraq milyardlarla il əvvəlki əcdadlarımızın hansı "molekulyar eskiz” üzərində formalaşdığını anlamağa çalışırlar.

Təbiətin dərinliklərində bu günə qədər mövcudluğunu qoruyan bu xırda canlılar biologiyanın ən böyük sirlərindən birini — sadə bir hüceyrədən necə olub ki, çoxhüceyrəli və mürəkkəb bir dünyanın yarandığını — izah etməyə davam edir.

Aydın
--> -->