Xəbər lenti

Siyasət 14:58 26.05.2025

"Moskva olmadan da iki Qafqaz ölkəsi anlaşa bilər" - Ekspert

"Lavrovun bu açıqlaması Azərbaycan-Ermənistan məsələsində Rusiyanın yeganə dominant vasitəçi olmaq niyyətini ortaya qoyur və yersiz bir açıqlamadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN rəhbəri Sergey Lavrovun Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.

Ekspertə görə, Lavrovun bu açıqlaması prosesdə Rusiyanın dominant olmaq niyyətindən qaynaqlanır:

"O, yeganə dominant vasitəçi olmaq istəyindədir. Lavrov da açıqlamasında məhz buna işarə vurub. Danışıqlar isə son mərhələyə Bakı ilə İrəvanın bilavasitə yürütdükləri siyasət kontekstində gəlib çatıb. Yəni kənar vasitəçilər olmadan, birbaşa danışıqlar aparılır. Nəticədə ortada konkret siyasi nəticələr var. Kənar müdaxilə olmadan sərhədlərin delimitasiyası ilə bağlı kommisiya yaradılıb, sülh danışıqlarının mətni də razılaşdırılıb".
 


Həmsöhbətimizin fikrincə, belə vəziyyətdə Lavrovun yenidən prosesə Rusiyanın müdaxiləsilə bağlı açıqlaması yersizdir: 

"Çünki Moskva olmadan da iki Qafqaz ölkəsi rahat şəkildə danışa, anlaşa bilirlər. Rusiyanın olmadığı prosesdə heç bir hərbi qarşıdurma mövcud deyil. Moskvanın dominant olduğu dövrdə isə zaman-zaman hərbi təxribatlar davam edirdi. Belədə Rusiyanın iştirakı heç nəyi həll etmir. Bu səbəbdən heç bir vəclə Rusiyanın prosesə müdaxilə etməsinə imkan verilməməlidir. Onun burada görə biləcəyi, verəcəyi hansısa töhfə yoxdur".

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin imzalanmasında uğurlar əldə etməsini səmimi qəlbdən arzuladığını və bu istiqamətdə tərəflərə yardım göstərməkdə davam etməyə hazır olduğunu bəyan edib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, biz bu işdə onlara səmimi qəlbdən müvvəfəqiyyətlər arzulayırıq. Hər iki tərəf maraqlı olsa bu istiqamətdə onlara bundan sonra da yardım etməyə hazırıq”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->