İdman 16:44 11.08.2022

“Neftçi”nin sabiq məşqçisi: “Rapid”ə "dişimizi göstərməliyik”

Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Böyükağa Ağayev sabiq komandası "Neftçi”nin bu gün "Rapid”lə matçı haqda fikirlərini bölüşüb.

Ağayev Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:

"Neftçi”nin Bakıda 2:0 hesablı qələbə qazanmasına ümidim böyük idi. Ancaq son dəqiqələrdə komandanın qol buraxmasından sonra rəqibin şansları artdı. Buna baxmayaraq, bir çox futbolçular təcrübəlidir. Yəqin ki, planları var, oyuna hazırlaşıblar. İnanıram ki, bu gün də yaxşı oynayıb qələbə qazanacaqlar. 
 
"Qarabağ”la fəxr edirik ki, qələbə qazandı, növbəti mərhələyə adladı. "Qarabağ”ın bu qələbəsi "Neftçi”ni də ruhlandırar. Mübarizə aparmaq lazımdır. Kim döyüşmək əhval-ruhiyyəsi ilə meydana çıxsa, bu, onun üçün böyük rol oynayacaq. Deməzdim ki, "Rapid” zəifdir. Çempionlar Liqasında hər ölkənin çempionu oynayır. Konfrans Liqasında isə bir qədər fərqlidir. "Rapid” həmişə Avstriya çempionatında özünü çox yaxşı göstərib. "Neftçi” müdafiə taktikasından istifadə etsə, onlar üçün çox çətin olacaq. Ona görə də daim hücumda olmalı, onlardan qorxmadıqlarını göstərməlidirlər. Dişimizi göstərməliyik. 

Məşqçi "Neftçi” üçün "Qarabağ”ı nümunə göstərib:

"Yeni baş məşqçinin işini hələ qiymələndirmək tezdir. Zaman lazımdır ki, işləsin. Ümumi götürsək, yaxşı futbolçular var. Bir-birinə uyğunlaşmalıdırlar. "Qarabağ” neçə ildir birlikdədir. Bir-birilərini yaxşı başa düşürlər. Komandada özünəinam yaranıb. Bu, "Neftçi”də də olmalıdır. Gündə futbolçuları, məşqçiləri dəyişdirməklə nəticə vermək çox çətindir. Fikrim belədir ki, məşqçinin kimliyindən asılı olmayaraq, müqavilə bağlayanda ona mütləq vaxt vermək lazımdır. Bilirsiniz, başqa ölkələrdə də belədir. Gələn kimi məşqçiyə deyirlər ki, nəticə verməlisən. Mən "Qarabağ”ı həmişə nümunə gətirirəm. Futbolçular məşqçiyə inanırlar, bir-birilərini başa düşürlər. Vaxt lazımdır”.

Səbuhi Həsənov