Ölkə 15:03 15.11.2022

13 yaşlı ananın körpəsi doğum evində qalıb - Səhiyyə Nazirliyinə ittiham

"13 yaşlı qızın dünyaya gətirdiyi körpə 3 aydır ki, doğum evindədir”. 

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Sədr bu məsələdə Səhiyyə Nazirliyini ittiham edib:

"3 ay bundan öncə 13 yaşlı uşaq ana oldu. Qızı rəsmi qaydada icra hakimiyyəti vasitəsi ilə sığınacağa yerləşdirdik. 13 yaşlı qız dünyaya gətirdiyi uşağından imtina etmədi. Bu faktı icra hakimiyyəti ilə aktlaşdırdıq. Uşağın 1 saylı körpələr evinə köçürülməsi üçün sənəd lazım idi, onu da düzətdirdim. Amma uşaq hələ də doğum evindədir. Niyə? 3 aydır uşaq körpələr evinə köçürülmür? Köçürülmə prosesini Səhiyyə Nazirliyi həyata keçirir”. 

Kəmalə Ağazadə deyir ki, 13 yaşlı ana artıq məktəbə gedir: "Bunu etik tərəfləri də var. Uşaqla ananın sığınacaqda ünsiyyəti digərlərinə heç də müsbət təsir göstərməyəcək və bu adi hala çevirilə bilər. Əvvəlcə ana məktəbini bitirməli, ayaqları üzərində dayanmağı bacarmalıdır”. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz  Abubəkirovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, sentyabrın 7-də də sosial şəbəkələrdə 13 yaşlı qızın ana olması ilə bağlı məlumatlar yayılıb. Qız uşağnı ev şəraitində dünyaya gətirib. 13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb. 

Bahar Rüstəmli