(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)
2025-ci ilin elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının tətbiqi ilə bağlı Elm və Təhsil Nazirliyi, o cümlədən Təhsil İnstitutu tərəfindən müəyyən tədbirlər planı hazırlanır. Hazırda isə 2024-2025-ci ilin tədris ilinin başlanğıcında təqdim olunan tədris planının davamı aparılır.
2025-ci ilin elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarında hansı dəyişikliklər olacaq?
Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, əsas dəyişikliklər dərs vəsaitlərindən başlayır:
"Ola bilsin ki, növbəti tədris ilində müəyyən dərs vəsaitlərində dəyişikliklər öz əksini tapacaq. Ümumilikdə isə mədəni-maarif proqramlarının həyata keçirilməsi üçün təkcə Elm və Təhsil Nazirliyinin deyil, müəyyən qurumların da bu prosesə cəlb olunması vacibdir. Məsələn, efirlərdə, mətbuatda təhsilə, elmə səsləyən çağırışlar olmalıdır. Müəyyən elmi məqalələrə, həmçinin elmi-kütləvi və mədəni verilişlərə imkan yaradılmalı və daha çox bu istiqamətdə işlər görülməlidir”.
Ekspert hesab edir ki, vətəndaşlarda milli vətənpərvərlik ruhunun yüksəlməsi, o cümlədən elmə, təhsilə çağırış üçün müəyyən verilişlərin müxtəlif telekanallarda yayılması gələcək üçün müsbət məqamlara gətirib çıxara bilər:
"Ümumilikdə, istər pedaqoji heyətin, istərsə də elmlər namizədi və doktorlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülsün. Tədris proqramlarından nələrin çıxarılması, nələrin daxil edilməsi məsələsində, düşünürəm ki, mütləq qaydada qəbul imtahanları proqramlarında dəyişiklik olunmalıdır. Fənlərin sayını minimallaşdırmaq daha məqsədəuyğun olardı. Burada abituriyentlər 6-7 fəndən deyil, ən azı 3 fəndən imtahan verməlidirlər. Qəbul proqramlarını da məhz bu istiqamətdə qurmaq mənə görə vacib olar. O cümlədən proqramlara daha çox informasiya texnologiyaları istiqamətində bilik və bacarıqların şagirdlərdə inkişaf etməsi ilə bağlı informatika fənnini daha çox dərs saatlarına əlavə etmək yaxşı olardı. Yaxud da digər fənlərin, məhz informatika inteqrasiya olunmuş formada tədrisi məqsədəuyğun hesab oluna bilər”.
Elçin Əfəndi əlavə edib ki, müasir dövrün təhsil proqramları informasiya texnologiyaları ilə bağlı olmalıdır:
"Çünki biz hazırda elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyaları sürətlə inkişaf edir. Və hazırda görünən ondan ibarətdir ki, bir neçə il sonra artıq süni intelektin vasitəsi ilə şagirdlərə daha çox bilik və bacarıqları ötürmək imkanına malik olacağıq. Bilik və bacarıqları əldə etmək üçün şagirdləri o cümlədən təhsil verənlərin, konkret olaraq texnologiya bilikləri yüksək olmalıdır. Müasir texnoloji alətlərdə sərbəst istifadə etmələri vacibdir. Təhsil proqramlarında bu amil mütləq nəzərdə tutulmalıdır”.
Müəllimərə güzəştlərin edilməsinə gəldikdə isə Elçin Əfəndi düşünür ki, müəllimlər üçün ilk növbədə əmək haqqı məsələsi əsas prioritetlərdən olmalıdır:
"Müəllimlərin əmək haqları nə qədər yüksək olarsa, onların təhsilə qarşı maraqları da yüksək olar. Düzdür, bununla bağlı sertifikasiya keçirilir və orada müəyyən şərtlər daxilində 35% əmək haqqında artım, yaxud 10% əmək haqqı artımı nəzərdə tutulur. Amma təkcə sertifikasiyadan asılı olmadan əmək haqlarının artımını nəzərdə tuturam. Müəllimlərin ümumi əmək haqları artarsa, daha məqsədəuyğun olar. Təhsilin inkişaf etməsi və eyni zamanda ümumi pedoqoji heyətin təhsilə daha qidqətlə yanaşmaları baxımından deyirəm. Müəllimlərin digər sosial qayğısı mənzil məsələsidir. Bu istiqamətdə müəyyən güzəştlərin verilməsi, ən azı ipoteka şərtlərinin yüngülləşdirilməsi yaxşı olardı. Yaxud da müəyyən istiqamətlərdə, məsələn, sosial istiqamətlərdə və yaxud da nəqliyyatdan istifadədə, kommunal xidmətlər və s. kimi müəyyən güzəştlərin tətbiq olunması müəllimlər üçün qayğıdır. Təhsil İnkişaf Fondu tərəfindən müəllimlərə müəyyən güzəşt kartlarının verilməsi nəzərdə tutulur. Amma burada da məhdudiyyət var. Düşünürəm ki, güzəştlərin hər hansı alış-veriş məkanlarından istifadə etmək, yaxud da müəyyən muzeylər, mədəniyyət mərkəzlərinə giriş-çıxış zamanı tətbiq olunması deyil, sırf nəqliyyatdan istifadə, kommunal ödənişlər zamanı istifadəsi əksini tapmalıdır”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər