Dünya 22:15 03.06.2023

449 milyondan çox uşaq qaynar münaqişə zonalarında yaşayır

1982-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) fələstinli və livanlı uşaqlar üçün 4 iyun tarixini "Beynəlxalq Münaqişələrin Günahsız Qurbanları Günü” elan edib.

Qaynarinfo xəbər verir ki, BMT-nin məlumatına görə, uşaqlara qarşı cinayətlər qətl, cinsi zorakılıq, şikəstetmə, uşaqları müharibədə istifadə etmə, humanitar yardımdan məhrum etmə və həbsdən ibarətdir.

"Save the Children" beynəlxalq qeyri-hökumət təşkilatı 2021-ci ildə 449 milyondan çox uşağın zorakı münaqişə zonalarında yaşadığını elan edib. 

Təşkilatın dərc etdiyi hesabatda qeyd olunub ki, 2021-ci ildə 1,6 milyard uşaq və ya dünya uşaqlarının üçdə ikisindən çoxu münaqişələrin təsirinə məruz qalan ölkələrdə yaşayır. Bu göstəricinin əvvəlki illə müqayisədə 9 faiz artdığı bildirilib.

BMT-nin hesabatında 2021-ci ildə silahlı münaqişələrdə uşaqlara qarşı 23 982 ciddi pozuntunun olduğu bildirilib. Qeyd edilib ki, bu pozuntuların 22 645-i 2021-ci ildə, 1337-si isə əvvəlki illərdə törədilib və 2021-ci ildə təsdiqlənib.

Qeydə alınan məlumatlara görə, ümumilikdə 19 165 uşağın məruz qaldığı pozuntular arasında ən çox qətl, şikəstetmə, müharibədə istifadə və humanitar yardıma girişin əngəllənməsi yer alır.

Hesabata görə, eyni dövrdə 2 min 515 uşaq öldürülüb, 5 min 555 uşaq isə əlil olub.

BMT qeyd edir ki, 6310 uşaqdan müharibələrdə istifadə olunub, 3945 uşaq humanitar yardımdan məhrum edilib.

Qanun pozuntularından təsirlənən uşaqların 70 faizinin oğlan olduğu bildirilərkən, qətl, şikəstlik, adam oğurluğu və cinsi istismara məruz qalan qızların nisbətinin artdığı qeyd edilib.

BMT-nin hesabatında 2021-ci ildə uşaqlara qarşı cinayətlərin ən çox olduğu ölkələr Əfqanıstan, Konqo Demokratik Respublikası, İsrail, Fələstin, Somali, Suriya hökuməti və Yəmən kimi göstərilib.

Uşaq qaçırma cinayətləri 20 faiz artarkən, cinsi zorakılıq halları da 20 faizdən çox artmaqda davam edib.

Məktəblərə və xəstəxanalara hücumlar da 5 faiz artıb.

Məlumatlara görə, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-də başlayan qarşıdurmalarda da uşaqlara zərər dəyib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Ender aprelin 15-dən 25-dək Sudanda 190 uşağın öldürüldüyünü, 1700 uşağın isə yaralandığını bildirib. 

UNİCEF-in verdiyi açıqlamada ölkədə 13,6 milyon uşağın münaqişələr səbəbiylə həyatda qalmaq üçün humanitar yardıma ehtiyacı olduğu, bunun ölkədə görülən ən yüksək rəqəm olduğu bildirilib.

Yəmən hökuməti ilə İranın dəstəklədiyi husilər arasında 2014-cü ilin sentyabrından bu yana yaşanan böhran uşaqların həyat şəraitinə də mənfi təsir göstərib.

UNICEF-in məlumatına görə, 2015-ci ildən 2022-ci ilin dekabrına qədər Yəməndə 11 mindən çox uşaq öldürülüb və ya şikəst olub.

Açıqlamada hər gün orta hesabla 4 uşağın öldürüldüyü və ya şikəst edildiyi vurğulanaraq, "Yəməndə 540 mini 5 yaşından aşağı olan təxminən 2,2 milyon uşaq qidasızdır və ya həyatda qalmaq üçün mübarizə aparır", deyilir.