İranda cərəyan edən proseslər fonunda bu ölkədə ərazi baxımından parçalanmaların olacağı da istisna edilmir. Belə ki, iddialara görə, İranda hakimiyyət dəyişikliyi baş verərsə, ölkədə yaşayan xalqlar arasında müstəqillik ideyalarının daha da genişlənməsi müşahidə ediləcək. Bu gedişatla ekspertlərə görə, İran adlanan ərazidə Güney Azərbaycan, Kürdüstan, Bəlucistan, Xorasan, Qaşqayistan kimi dövlətlər yarana bilər.
Politoloq Elşən Mirzəoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, İranın parçalanması halında yalnız Kürdüstan dövlətinin yaradıla biləcəyi versiyasını daha inandırıcı hesab edir:
"İrandakı teokratik rejimin devrilməsi ABŞ-ın geosiyasi maraqlarına cavab verir. ABŞ dəfələrlə İrandakı rejimi devirməyə cəhd edib. Bu alınmadıqda isə ona qarşı sanksiyalar tətbiq edib. İran bu gün də sanksiyalar şəraitində yaşamaq məcburiyyətindədir. Vaşinqton Tehranı həmçinin beynəlxalq terrorizmə dəstək verənlər sırasına daxil salıb. İran həmçinin nüvə silahına yiyələnmək cəhdində ittiham olunur.
İran parçalanacağı təqdirdə, burada yalnız bir dövlət Kürdüstan yaranacaq. ABŞ yalnız bu istiqamətdə parçalanmanın tərəfdarıdır. Kürdüstan layihəsi də özündə tək İran ərazisini ehtiva etmir. İraq, Suriya və Türkiyənin müəyyən əraziləri də bu layihədə yer alıb. Belə bir dövləti bu ərazidə yaratmaqla Vaşinqton adıçəkilən dövlətlərə təsir vasitəsi əldə etməyi düşünür.
XX əsrdə İranda bir neçə dəfə azərbaycanlıların milli azadlıq hərəkatı baş versə də, məhz ABŞ və İngiltərənin müdaxiləsi nəticəsində həmin ideyanı gerçəkləşdirmək mümkün olmayıb. Bu baxımdan, əminəm ki, ümumi coğrafi maştabı 300 min kv.km və 50 milyonluq insan resursları olacaq bir dövlətin ərsəyə gəlməsi ABŞ və bölgənin digər dövlətlərinin geosiyasi maraqlarına cavab vermir. Olsa-olsa ABŞ yalnız Kürdüstan dövlətinin yaranmasına "yaşıl işıq” yandıracaq. Amma hələlik İran rejimi daxildən ciddi şəkildə parçalanmayıb. Lakin Xamneyinin səhətindəki problemlər dərinləşəcəyi təqdirdə, İran ayətullahları arasında hakimiyyət uğrunda başlanacaq mübarizə rejimi laxlada bilər. Bundan isə Qərb istifadə edəcək”.
Rüfət Sultan
Şərhlər