XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Ermənistan vaxt qazanmaq və geosiyasi vəziyyətin dəyişməsini gözləyir" (ŞƏRH)
Siyasət13:33 22.09.2026

"Ermənistan vaxt qazanmaq və geosiyasi vəziyyətin dəyişməsini gözləyir" (ŞƏRH)

Ermənistanla Azərbaycan arasında sülh prosesi davam etsə də, Nikol Paşinyanın bu prosesdəki mövqeyi və Ermənistanın sülhə yanaşması ilə bağlı müzakirələr səngimir. Azərbaycanın hərbi-siyasi üstünlüyünün Ermənistanı sülh danışıqlarına gətirən əsas amillərdən biri olduğu bildirilir. Bununla yanaşı, Ermənistan cəmiyyətində Azərbaycana münasibətin nə dərəcədə dəyişdiyi və Paşinyan hökumətinin sülh prosesində nə dərəcədə maraqlı olduğu da sual olaraq qalır.

Politoloq Azər Qasımov Qaynarinfo-ya açıqlamasında Ermənistanın sülhə məcbur edilməsini, Paşinyanın siyasətini və İrəvanın müxtəlif güc mərkəzləri ilə münasibətlərini şərh edib.

Politoloq bildirib ki, Ermənistanın sülhə yanaşmasında məcburiyyət amili hələ də qalır:

“Ermənistanın sülhə Azərbaycanın hərbi gücünün hesabına məcburi şəkildə gəldiyi bir reallıqdır və bu gün də həmin reallıq dəyişməyib. Erməni cəmiyyətində Azərbaycana qarşı düşmənçilik olduğu kimi davam edir. Müəyyən konstruktiv fikirlər səsləndirilirsə də, bu, məcburiyyətdən, qorxudan irəli gəlir. Bu, Prezidentin köməkçisi Hikmət Hacıyevin Gəncəsər monastırında söylədiklərinə erməni cəmiyyətinin reaksiyasında da özünü göstərdi”.

Politoloq bildirib ki, erməni toplumu daxilində gizlədilən nifrət özləri də bilmədən üzə çıxdı və sülh olsa belə, bunun hələ məsələnin tam həll olunduğu anlamına gəlmədiyini göstərdi. Azər Qasımovun sözlərinə görə, Ermənistanın vaxt qazanmağa və geosiyasi vəziyyətin dəyişməsini gözləməyə çalışdığı görünür:

“Ermənilər vaxt qazanmaq istəyir, geosiyasi durumun dəyişməsini gözləyirlər. Paşinyan da erməni olduğu üçün bir neçə cəbhəyə oynayır. Paşinyan Azərbaycanın hərbi gücünə yenilib. Amma siyasi olaraq hələ məğlub edilməyib. Bu, o zaman baş verəcək ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq və bundan əvvəl məlum məsələ ilə bağlı konstitusiya dəyişikliyi edəcək”.

Politoloq Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müxtəlif ölkələrin nümayəndələrini aparmasını da Ermənistan üçün mühüm siyasi məqam kimi qiymətləndirib:

"Azərbaycanın bu günə kimi Qarabağa gətirməyə nail olmadığı ölkələrin nümayəndələrini işğaldan azad edilmiş ərazilərə aparması artıq siyasi qələbə olmaqla yanaşı, Paşinyanın və Ermənistanın əlində qalan son kartları da alır”.

Azər Qasımov Paşinyanın Rusiya və Qərblə münasibətlərində fərqli istiqamətlər üzrə siyasət apardığını bildirib:

“Paşinyan, təbii ki, “ustalıqla” hamıyla oynayır. Həm sülh carçısı olur, həm Ermənistanı silahlandırır, həm Rusiyanın ölkədəki mövqelərini zəiflətmək üçün sözdə danışır, ancaq arxa planda Rusiyanın oyunlarını oynayır. Eləcə də Qərbdən maliyyə qoparmaq üçün qərbpərəst cildinə girir”.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi Paşinyanın siyasətini izləyir və ona sülh üçün fürsət verildiyini düşünür:

“Biz, Azərbaycan tərəfi olaraq, hər şeyi yaxşı başa düşürük. Paşinyanın oyunlarını da görürük. Amma sona kimi səbr edirik. Paşinyana şans veririk ki, tarixi imkandan, Azərbaycanın xoş məramından ağılla istifadə etsin. Hesab edirəm və ümid edirəm ki, Paşinyanın oynadığı oyunların məqsədi Azərbaycanla sülh bağlamaqdır. Azərbaycanın hərbi gücü həmişə Ermənistanın başı üzərindədir. Gerisini onlar fikirləşsin”.

Günay İlqarqızı